Saakaşvilinin yoluna toxunmurlar

İndiki yeni hökumət də təyinatlarla sübut etdi ki, onlar da ölkəni gənclərlə idarə etməkdə maraqlıdır


Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimindən sonra baş nazir Bidzina İvanişvili söz verdiyi kimi siyasətdən gedib. Onun postuna isə elə özünün namizəd kimi irəli sürdüyü sabiq daxili işlər naziri İrakli Qaribaşvili gətirilib. Kiçik dəyişiklikləri nəzərə almazsaq, keçmiş komandanın olduğu kimi saxlandığını deyə bilərik. Məlumat üçün bildirək ki, yeni baş nazirin 31 yaşı var.

O, Tiflis Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib və təhsilini Fransanın Sorbonna universitetində davam etdirib. Siyasi ekspertlər keçmiş baş naziri rusiyapərəst adlandırsalar da, əslində onun hakimiyyət dövrü eks-prezident Saakaşvilinin dövründən heç nəyi ilə fərqlənmədi. Gözləntilərin əksinə olaraq Rusiya ilə birbaşa əlaqələri normallaşdırmayan İvanişvili qərblə də əvvəlki əməkdaşlığa davam etdi. Bəs görəsən, İvanişvilinin kadrı Marqvelaşvili bir qədər gəncləşdirdiyi hökumətlə Gürcüstan siyasi xəttini necə müəyyən edəcək? Qərbə inteqrasiya xəttini qoruyub saxlayan prezident Rusiya ilə münasibətləri "redaktə” edəcəkmi? Yeni Gürcüstanı şərh edən Qafqaz Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, politoloq Fərhad Mehdiyev Gürcüstanın avrointeqrasiya siyasətinin dəyişməyəcəyini qeyd edib. Politoloqun sözlərinə görə, sadəcə, Saakaşvilidən fərqli olaraq, indiki hökumət, yəni prezident və baş nazir Saakaşvili kimi antirus mövqeyində deyillər: "Eks-prezident həddindən artıq antirus siyasəti yeridir, hər fürsətdə Rusiyanı sərt şəkildə tənqid edirdi. Yadınızdadırsa, BMT-dəki çıxışında da rəsmi Moskvanı ittiham etdi. Amma yeni hökumət təmsilçiləri bu qədər kəskin mövqe nümayiş etdirməyəcəklər və qərbə inteqrasiyaya davam edəcəklər. Düzdür, Rusiya ilə əlaqələr də tam normallaşmayacaq. Çünki Gürcüstan MDB-yə üzv olmaq barəsində düşünmür və yəqin ki, düşünməyəcək”.

Siyasi ekspert Azərbaycanla münasibətlərdə də hansısa dəyişikliyin olmayacağını deyib: "Gürcüstanın Azərbaycan maraqları hansısa şərtlərlə bağlı deyil. Əlaqələr birbaşa geosiyasi şərtlərlə bağlıdır. Buna görə də, iki ölkə bir-birinin maraqlarını qorumalı və təmin etməlidir. Əsasən də Gürcüstanın buna daha çox ehtiyacı var”.

F.Mehdiyevin sözlərinə görə, Saakaşvili də hökumətdə gənc kadrlara üstünlük verirdi və sovet təxəyyüllü yaşlı siyasətçilərlə işləmək istəmirdi. İndiki yeni hökumət də təyinatlarla sübut etdi ki, onlar da ölkəni gənclərlə idarə etməkdə maraqlıdır: "Belə görünür ki, kadr siyasətində dəyişiklik olmayacaq. Mən gənclər dedikdə, 20-25 yaşlıları yox, 30 yaşdan yuxarı kadrları nəzərdə tuturam. Əslində Gürcüstan əhalisinin çox böyük bir təbəqəsi bundan narazılıq edir. Yəni deyirlər ki, ölkə səviyyəsində gənc kadr islahatı aparıldığı üçün əksər yaşlılar özlərinə iş tapa bilmir. Ancaq tədricən insanlar anladı ki, ölkəni inkişaf etdirmək və irəli aparmaq üçün xaricdə təhsil alıb qayıdan gənclərin təcrübəsindən istifadə etmək vacib və faydalıdır. Fikrimcə, bu siyasət belə də davam edəcək”.