Teleaparacı gəlinlərinin ölümü ilə bağlı ifadə verib

Pərvinə Qasımovanın ölümü ilə bağlı aparılan araşdırmalar Z.Qaralovun xüsusi nəzarətinə götürülüb

Teleaparacı Afət Telmanqızının həkimlərin məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində dünyasını dəyişən gəlinləri, 26 yaşlı Pərvinə Qasımovanın ölümü ilə bağlı iş baş prokuror Zakir Qaralovun xüsusi nəzarətinə götürülüb. Bu barədə teleaparıcının özü bildirib. Onun sözlərinə görə ölüm faktının araşdırılması Yasamal Rayon Prokurorluğuna, prokuror Abıyev İsmayıla tapşırılıb: "Faktla bağlı qardaşım Anar Cəfərov və məndən izahat alınıb”.

A.Telmanqızı Respublika Klinik Xəstəxanasının həkimlərini ittiham etmədiklərini və məsuliyyətin ancaq Sumqayıtda 1 saylı Doğum Evinin həkimlərinin üzərində olduğunu, eyni zamanda Klinik Xəstəxananın reanimatoloqu Vidadi Həsənovun xəstənin son anlarında onun yanında olduğunu nəzərə alaraq prokurorluqda izahat verməyə çağırılacağını vurğulayıb.

Xatırladaq ki, jurnalistin ailəsi baş verən ölüm hadisəsində Sumqayıtda 1 saylı Doğum Evinin baş həkiminin, əməliyyatı aparan həkim Sevda Xanbutayevanın, şöbə müdiri Məmməd Cəfərovun birbaşa məsuliyyət daşıdığını bildiriblər. Jurnalist müstəntiqin həmin şəxslərin ad və soyadlarını qeyd etdiyini və izahatlarının alınacağını da deyib.

Baş verən hadisə ilə bağlı açıqlama verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Şərq”ə bunları deyib: "Pərvinə Qasımovanın ölümü ilə bağlı Yasamal rayon prokurorluğunda aparılan araşdırmalar Z.Qaralovun xüsusi nəzarətinə götürülüb”.