Müxalifət bələdiyyə seçkilərindən qaçır

Bələdiyyə institutunun populyarlaşması üçün opponent mübarizəsi yetərli səviyyədə deyil

Milli Şuranın seçki blokuna çevrilərək, 2015-ci ilin parlament seçkilərinə hazırlaşması tövsiyyələri qabarıq xarakter alır. Maraqlıdır ki, gələn il ölkədə bələdiyyə seçkiləri kampaniyası başlayır, lakin klassik müxalifət bu seçkiləri ciddiyə almayıb, 2015-ci ili hədəfləyir.

Bələdiyyə seçkilərinin siyasi aləmdə canlanma yarada bilməməsinin səbəbi müxalifətin baxışlarına görə, onların səlahiyyətlərinin məhdudluğu və ümumiyyətlə, seçkilərdə ədalət prinsipinin gözlənilməməsi ilə bağlıdır. Razılaşmaq olar ki, bələdiyyələrin məsul olduğu məsələlər geniş ölçüdə deyil və səlahiyyətləri icra hakimiyyətlərinin səlahiyyətləri ilə hələlik bölüşdürülmüş şəkildə qalır. Bu baxımdan beynəlxalq praktikaya uyğun olaraq tam oturuşmuş bir instituta çevrilməyib. Lakin ölkənin bu sahədə müəyyən təcrübəsi formalaşıb. Bələdiyyə strukturları mövcuddur və onlar pis-yaxşı işləyirlər. Bu günlərdə parlamentdə "jek”lərin ləğv edilməsi ilə bağlı səslənən təkliflərin mahiyyətində də dayanan o idi ki, onların səlahiyyətləri bələdiyyələrə verilməklə, yerli özünüidarəetmə orqanlarının öhdəsindəki məsələlər genişləndirilsin.

İş ondadır ki, bu institutun ciddi şəkildə mövcudlaşması üçün opponent mübarizəsi yetərli səviyyədə deyil. Bələdiyyələrə münasibətin dəyişilməsi, seçkilərə maraq oyadılması, bu ətrafda bir canlanmanın yaranması bir qədər də müxalifətin məsuliyyətinə bağlı məsələdir. Hakimiyyətdə olmayan düşərgə parlament və prezident seçkilərinin hüquqi, demokratik meyarlarla bağlı məqamlarında apardığı davanı bələdiyyə seçkiləri ilə əlaqəli zəruri məsələlərdə ortaya qoymur. Halbuki ölkənin siyasi sistemi, demokratik quruluşu, hüquqi prinsiplərini ehtiva edən məsələlər müxalifətin fəal, ardıcıl opponentliyi ilə öz yerinə oturur. Hakimiyyət iddiaçılarının bələdiyyə seçkiləri üçün gətirdiyi əsaslar keçərli sayıla bilməz. Çünki əks düşərgə parlamentdə də məhdud yerə sahib olur, bu məhdudluq səbəbindən alternativ qanun layihələrini Milli Məclisdə keçirməyə müvəffəq ola bilmir, proporsional seçki sisteminin aradan qaldırılmasına hər zaman neqativ mövqedə dayanır, seçkilər başa çatdıqdan sonra onun nəticələrini şübhə altına alır, amma yenə də bu seçkiyə maraqsız yanaşmır. İki seçkiyə münasibətdəki fərq nədən irəli gəlir?

Parlament və prezident seçkiləri partiyaların yuxarı eşalonunda, elitasında yer tutan populyar isimlər üçündür. Bələdiyyə seçkilərinə isə aşağı eşalona layiq seçki kimi dəyər verilir. Partiyalar həmin kateqoriyadan olan insanların seçki kampaniyasına fiziki qüvvə ortaya qoymağa, pul xərcləməyə bir növ xəsislik edirlər. Halbuki nə qədər sayda partiya üzvü gözünü bu seçkilərə dikir, yer tutmasına, təşkilat rəhbərlərinin vəsait xərcləyəcəyinə, kampaniyanı quracağına ümid edir, partiyaların mərkəzi orqanları isə, ya boykot yolunu seçir, ya da prosesə sönük mübarizə vəziyyətində girir.

Başqa bir səbəb odur ki, Azərbaycan bələdiyyə təcrübəsində ən yaxın qonşuları Türkiyə və Gürcüstan örnəyinə çata bilməyib. İş ondadır ki, bu örnəyin mənimsənilməsi üçün müxalifət ondan tələb olunan mübarizəni öhdəsinə almır. Fəaliyyətini bu seçkilərin əhəmiyyəti ətrafında qurmaq istəmir.

Xatırladaq ki, müxalifət təkcə 2004-cü il seçkilərində xüsusi fəallıq göstərmişdi. Gürcüstanın keçmiş prezidenti M.Saakaşvilinin hakimiyyətə məhz bu instansiyadan istiqamət götürməsi Azərbaycan müxalifətinin bələdiyyə seçkilərinə münasibətini dəyişən əsas faktor kimi çıxış etdi. Partiyalar bu faktorun Azərbaycan üçün president yaradacağına ümidli olaraq, öz imkanlarını sınaqdan keçirmək qərarına gəldi. Hətta bəzi funksionerlər səviyyəsində etiraflar da səslənmişdi ki, Gürcüstanda hakimiyyət başına bələdiyyə başqanı gəlməsəydi, onlar Azərbaycanda bələdiyyə seçkilərinə əhəmiyyətli seçki kimi yanaşmayacaqdılar. İqtidar mənsublarının diqqətindən qaçmayan bu fəallıq o zaman belə bir yozum qazanmışdı ki, müxalifət Gürcüstan təcrübəsindən iştahlanır. Bu əhval-ruhiyyə ora qədər inkişaf etdi ki, sonda müxalifət guya hakimiyyətin Gürcüstan təcrübəsindən ehtiyatlanaraq, bələdiyyə seçkilərində müxalifətin iştirakının qarşısını almağa cəhd göstərdiyini də iddia etdi. Halbuki Saakaşvili paytaxt bələdiyyəsindən, eyni zamanda hakimiyyət strukturlarından gəlmişdi, yəni, Şevardnadzenin kadrı olmuşdu, analogiya aparıb, həyəcanlanmaq üçün ciddi səbəb yox idi. Başqa tərəfdən, bizdə tanınan partiya funksionerləri parlament kreslosunun cazibəsini bələdiyyə kreslosuna dəyişməyə özlərini heç zaman iddialı göstərməyiblər.

İndi də bələdiyyə seçkilərinin parlament seçkilərinin kölgəsində qalması onunla bağlıdır ki, AXCP, Müsavat, ADP, AMİP, ASDP-nin ikinci, üçüncü ranqlı şəxsləri ən azından yeni mənzərə yaratmaq, bələdiyyə institutunun vacibliyinə diqqət çəkmək baxımından bu seçkilərdə namizəd olmağa meyilli deyillər. Müxalifətin iki seçkiyə verdiyi önəmin sözügedən seçkiyə şamil olunması kifayət edərdi ki, ölkədə bələdiyyə seçkilərinə münasibət dəyişsin, digər seçkilər kimi bu seçki də güclü siyasi mübarizə şəraitində keçsin. Çünki bələdiyyə institutunun çəkisi və əhəmiyyətinin aşağı olmasını düşünmək yanlışdır. Nəzərə alaq ki, təkcə siyasi gələcəyi bələdiyyədə formalaşan Saakaşvili olmadı, Ərdoğan da dövlət siyasətinə İstanbul bələdiyyəsindən təkan aldı...