“3 baldan aşağı zəlzələ olanda məlumat vermirik”

Tahir Məmmədli: “Çünki il ərzində minlərlə belə xırda təkanlar olur”



Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli hesab edir ki, son günlər qeydə alınan yeraltı təkanlar gələcəkdə güclü zəlzələ olacağı barədə fikir deməyə əsas vermir.

Onun sözlərinə görə, belə zəlzələlər güclü təkanları proqnozlaşdırmaq üçün meyyar rolunu oynaya bilməz: "Təkcə Azərbaycanda deyil, ümumiyyətlə, dünyada zəlzələnin olub-olmayacağını əvvəlcədən demək olmaz. Heç kim bunu bilmir. Çünki hələ ki, dünyada zəlzələnin proqnozu məsələsi həll olunmayıb və yaxın gələcəkdə həll olunacağı da real deyil. Bir neçə gün yox, heç bir dəqiqə əvvəlcədən də baş verəcək zəlzələni proqnozlaşdırmaq olmaz. Belə bir metodologiya olmadığı üçün də dünya seysmologiyası bunun qarşısında acizdir. Bu səbəbdən baş verən təkanlar fonunda Azərbaycanda güclü zəlzələ ehtimalının olub-olmayacağı barədə heç nə deyə bilmərəm”.

Ümumi fon səviyyəsinə gəldikdə isə T.Məmmədli deyib ki, Azərbaycanda uzun illər harda, nə qədər zəlzələnin baş verdiyinə dair göstəricilər fon səviyyəsini əks etdirir: "Bu mənada, deyə bilərəm ki, ölkədə fon səviyyəsi normaldır. Heç bir kəskin aktivləşmə hiss olunmur. Son iki gündə Azərbaycanın bəzi ərazilərində 3-4 bal gücündə zəlzələlər qeydə alınıb. Bunlar isə zəif zəlzələlər kateqoriyasına daxildir”.

Şöbə müdirinin sözlərinə görə, ildə minlərlə bu tipli yeraltı təkanlar olur: "Sadəcə olaraq, zəlzələnin gücü 3 baldan aşağı olanda biz bu barədə sayta məlumat yerləşdirmirik. Çünki bu il ərzində minlərlə xırda təkanlar olur və bunların hər biri ilə bağlı xəbər hazırlamağa ehtiyac görmürük. Seysmologiyada qəbul olunmuş qaydalara uyğun olaraq zəlzələlərin gücü 3 və ya daha artıq olanda, onu mətbuata bildiririk. Belə zəlzələlər anomal təhlükələr yaratmır. Sadəcə xəbər yayırıq ki, dünya seysmoloqları bundan xəbər tutsun. Çünki dünya alimləri özlərinin elmi-tədqiqatlarında bu cür xəbərlərdən istifadə edirlər”.

Gələcəkdə güclü zəlzələ olsa belə, əvvəlcədən bu barədə proqnoz verə bilmədiklərini bir daha qeyd edən T.Məmmədli hələ ki, elmdə qabaqcadan zəlzələ proqnozu verməyin mümkün olmadığını deyib: "Gördüyünüz kimi, son iki gündə ölkədə baş verən zəlzələlər Xəzər dənizində, Qəbələdə və Şəmkirdə olmaqla ayrı-ayrı bölgələrdə qeydə alınıb. Bu zonaların isə heç birinin bir-biri ilə əlaqəsi yoxdur. Qeydə alınan təkanlar ümumi tektonik hərəkatların nəticəsidir və qanunauyğunluq yoxdur. Belə yeraltı təkanlar ara-sıra olur. Lakin bəziləri gücünə görə hiss olunur”.

Şəymən