Arzu Nağıyev: “Girovumuzun Lapşinlə müqayisə edilməsi söhbəti absurddur”
Araz Aslanlı: “Belə yanaşma nə beynəlxalq hüququn prinsiplərinə, nə də Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğundur”
Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşı olan girov Dilqəm Əsgərovun müdafiəsi ilə bağlı sorğuya cavab verib. Nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib ki, Rusiya milliyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının qanuni maraqlarını müdafiə edib. Kojin bildirib ki, Rusiya vətəndaşlarına Dağlıq Qarabağ zonasına səfər etməmək tövsiyə olunub:
"O ki qaldı Dilqəm Əsgərova, o, Lapşin kimi həmin tövsiyəyə əməl etməyib. Rusiya dövlət orqanları ölkə xaricində vətəndaşlarının hərəkətlərini tam izləyə bilməz”. Məlumatda bu hadisədə "müəmmalı amillərin” mövcud olduğu vurğulanıb. Rəsmi Bakının Rusiya vətəndaşının münaqişə zonasına səfər etməsindən xəbərdar olub, olmadığı ilə bağlı məlumatsızlıq ifadə olunub: "Hər halda onun şəxsiyyət vəsiqəsinin surətini biz məhz Azərbaycan hökumətindən almışıq”. XİN rəsmisi A.Kojinin açıqlamaları ölkə ictimaiyyətinin ciddi etirazına səbəb olub. Münasibət bildirənlər Rusiya təmsilçisinin Dilqəmlə Lapşini eyniləşdirməsini sərt tənqid ediblər.
Siyasi şərhçi, təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev "Şərq”ə deyib ki, Rusiya tərəfi bu cür açıqlama ilə Dilqəm Əsgərovun girov götürülməsinə görə Ermənistanı yox, əksinə, Azərbaycanı ittiham edib:
"Demək istəyirlər ki, "siz Dilqəmi özünüz ora göndərmisiniz”. Elə düşünürlər ki, guya, Dilqəmi minalanmış ərazidən Azərbaycan tərəfi keçirib. Moskva ilk dəfə deyil ki, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı ikili yanaşma nümayiş etdirir. Əslində Kremlin bu cür mövqe sərgiləməsi gözlənilən idi. Rusiya rəsmiləri Dilqəm Əsgərovun pasportunun sonradan onlara göndərilməsini əllərində bayraq edirlər. Ona görə də iddia edirlər ki, guya Moskva hökuməti Dilqəmin Rusiya vətəndaşı olması faktını sonradan dərk edib. Girovumuzun Lapşinlə müqayisə edilməsi söhbəti isə ümumiyyətlə absurddur. ATƏT-in Minsk Qrupunda təmsil olunan bir dövlət rəsmisinin belə münasibət bildirməsi çox təəssüf doğurur. Hamı yaxşı bilir ki, Dağlıq Qarabağ Azərbaycana məxsus ərazidir, hansısa qonşu ölkənin torpağı deyil. Dilqəm doğma yurduna gedərkən niyə kimdənsə icazə almalıdır?!”.
"Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Araz Aslanlı da "Şərq”ə açıqlamasında Kojinin sözlərini skandal adlandırıb. Ekspertin sözlərinə görə, Rusiya rəsmilərinin Dilqəm Əsgərovla bağlı düşüncələri münasibətləri korlayır:
"Belə yanaşma nə beynəlxalq hüququn prinsiplərinə, nə də Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğundur. Həmçinin, deyilən ifadələr Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyası daşıyan bir dövlətə yaraşmır. Söhbət ondan gedir ki, rus pasportuna sahib olan Dilqəm Əsgərov Azərbaycan ərazisindən ermənilərin işğalı altında olan Kəlbəcərə keçib, ermənilər isə onu girov götürüblər. Sarkisyan hökuməti iddia edir ki, guya, bu işdə onların əli yoxdur və Dilqəmi girov götürənlər qondarma rejimin əsgərləridir. Ancaq reallığın nədən ibarət olduğunu Rusiya çox yaxşı bilir. Mülki vətəndaşın girov götürülməsi kimi hüquqa zidd bir davranışın sahibi Ermənistan hökumətidir”. Ekspertin fikrincə, burada narahatlıq doğuran məsələ Kojinin iddia etdiyi kimi Dilqəmin doğma torpağına getməsi yox, öz Vətənində işğalçı ermənilər tərəfindən girov götürülməsidir: "Rusiya tərəfi bir müddət bu məsələ ilə bağlı səssizliyini qorudu. Uzun müddət səssiz qaldıqdan sonra bu cür münasibət bildirmələri arzuolunan deyil. Əgər Kojin laqeydlik göstərərək desəydi ki, "biz bu məsələyə münasibət bildirmək istəmirik”, o zaman sadəcə tənqid olunardı. Amma Dilqəmi Lapşini eyniləşdirməyə cəhd etməsi qəti şəkildə qəbuledilməzdir. Lapşin qanunsuz olaraq müstəqil dövlətin ərazisinə daxil olub. Dilqəm isə işğalçılar tərəfindən öz ərazimizdə girov götürülüb”.
İsmayıl