"Abituriyentlərin bilik səviyyəsi heç də ürəkaçan deyil"




"Abituriyentlərin bilik səviyyəsi ilə bağlı vəziyyət heç də ürəkaçan deyil". 

Bu barədə Sherg.az-a ötən il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 55,4 faizinin 200-dən az bal toplamasına münasibət bildirərkən təhsil eksperti Nadir İsrafilov bildirib.Onun sözlərinə görə, hələ də Sovet hakimiyyətinin təhsil sistemindən çıxmaq üçün dəfələrlə yeni qaydalar reallaşdırmağa çalışırıq: 

"Hər dəfə də yeni qaydanın tətbiqi təhsil sistemində problemlər ortaya çıxarır.
Hazırda çox sayda özəl universitetlərin olması tələbə qəbulu zamanı rəqabəti azaldır. Ümumiyyətlə, çox sayda universitetin olması diplom verərək, "ali savadlı”ların sayının artmasına səbəb olur. Amma bir problem ortaya çıxır: ali savadlı gənclər işlə təmin olunurmu? Mən daha çox özəl universitetdənsə, az sayda peşə məktəblərinin olmasının tərəfdarıyam”.
Qeyd edək ki, ötən il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb.

Sherg.az APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında bildirilib ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 32,61 faizi 0-99 bal yığıb.

Qeyd olunub ki, oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.

Ayyət Əhməd