Makronun prezident seçilməsi Türkiyə və Azərbaycanın xeyrinədir

O, dünyanı idarə edən məşhur yəhudi ailələrindən olan Rotşildlərə yaxın simadır


"Mən Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm”. Bunu Fransada keçirilən prezident seçkisinin birinci turunda qalib gələn iki namizəddən biri - Emmanuel Makron bildirib. Makron bildirib ki, o, problemi təkbaşına həll etməyin mümkün olmadığını bilir. Amma buna baxmayaraq, həmsədr ölkə kimi münaqişənin tezliklə həll olunması istiqamətində çalışacaq.

Xatırladaq ki, aprelin 23-də Fransada keçirilən prezident seçkisinin birinci turunda Emmanuel Makron və Marin Le Pen qalib gəlib. Seçkinin ikinci turu mayın 7-də keçiriləcək. Ermənipərəst Le Pendən fərqli olaraq E.Makron daha mötədil siyasətçi kimi tanınır. 

Makronun münaqişə ilə bağlı sözlərinə münasibət bildirən millət vəkili Tahir Kərimli deyib ki, prezident seçkisində E.Makronun seçilmə şansı daha çoxdur. Millət vəkilinin sözlərinə görə, Le Pen açıq şəkildə müsəlmanlara nifrətini gizlətmir: 

"Le Pen Qarabağın Ermənistana birləşdirilməsi təklifi ilə çıxış etmişdi. Amma Makron fərqli xüsusiyyətlərə malik siyasətçidir. Düzdür, onu Avropada Almaniya kansleri Angela Merkelin kuklası kimi dəyərləndirirlər. Çünki Makron Almaniya ilə birlikdə Avropa İttifaqının qorunub saxlanmasının tərəfdarıdır. Eyni zamanda Makron dünyanı idarə edən məşhur yəhudi ailələrindən olan Rotşildlərə yaxın simadır. Deyilənə görə, onların bank işinə Makron baxır. Problem ondadır ki, ABŞ Prezidenti Tramp seçki ərəfəsində Le Penlə sıx əlaqə saxlayırdı, xanım Klinton isə Makronla ünsiyyət qururdu. Rusiya da Makrona qarşı çıxır, onun siyasətini bəyənmir. Moskva Le Peni, o isə erməniləri dəstəkləyir. Ancaq görünən odur ki, indiki seçkidə Makron daha şanslı namizəddir”. 

Ekspertin sözlərinə görə, indiki Prezident Fransua Olland da Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutacağını vəd etmişdi: "Vəd etmək o anlama gəlmir ki, həmin şəxs mütləq öz sözünə sadiq çıxacaq. Fransada 450 minə yaxın bir erməni diasporası fəaliyyət göstərir. Bu baxımdan Fransanın Qarabağ məsələsində Azərbaycanın lehinə addım atması çox çətindir. Ona görə də Rusiya və ABŞ-dan fərqli olaraq Fransa münaqişənin həllində həlledici rola malik deyil. Erməni diasporası hər fürsətdə Paris hökumətinə mane olur. Makron isə prezident olacağından əmin olduğu üçün ehtiyatlı bəyanatlar verir. Yəni heç bir tərəfi özündən narazı salmaq istəmir. Hər halda Makronun prezident olması Azərbaycan və Türkiyə üçün daha faydalı olacaq. Bəzən onu heç bir ideyası və partiyası olmayan adam kimi xarakterizə edirlər. Ancaq Makron siyasi prosesləri nəzərə alaraq praqmatik siyasət yeridəcəyini deyir”.
İsmayıl