Baş katib qərəzli açıqlama verib

AŞ PA iddia etdiyi kimi insanların haqq və hüquqları ilə məşğul olursa, onda ilk növbədə Dağlıq Qarabağ münaqişəsinə baş qoşmalıdır


"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul deyilik”. Bunu Avropa Şurası Parlament Assambleyasının Baş katibi Tyorbörn Yaqland deyib. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun Dağlıq Qarabağla bağlı sualına cavab verən Baş katib rəhbərlik etdiyi təşkilatın bu münaqişə ilə məşğul olmadığını bildirib:

"Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, mən sizə heç cür cavab verə bilməyəcəyəm. Çünki bu münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğuldur. Minsk Qrupu bizi bu prosesdə iştiraka dəvət etməyib. Mənim də istəyim odur ki, AŞ hər yerdə işləyə bilsin. Amma bu məsələ Minsk Qrupu tərəfindən idarə olunur”.

Yaqlandın etiraza səbəb olan açıqlaması ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru Fikrət Sadıqov deyib ki, Baş katibin yanaşması qərəzli və qeyri-obyektivdir. Politoloqa görə, əgər AŞ PA iddia etdiyi kimi insanların haqq və hüquqları ilə məşğul olursa, onda ilk növbədə Dağlıq Qarabağ münaqişəsinə baş qoşmalıdır: 

"Azərbaycan torpaqları uzun müddətdir işğal altındadır. Milyona qədər qaçqın və məcburi köçkün öz doğma yurdlarından didərgin düşüb və onların haqqları kobud surətdə pozulub. Ancaq bununla bağlı Ermənistan heç bir beynəlxalq qətnamələrə əməl etməyib. Bu qədər qanun pozuntusu AŞ PA-nı narahat edirmi? Türkiyədə monitorinq təşkil etmək istəyirlərsə, Qarabağ cəbhəsində yaşanan prosesləri də nəzarətə alsınlar. Necə olur ki, özlərinə sərf edən məqamlarda məsələləri şişirdir, siyasiləşdirirlər, digər proseslərdə isə "bizlik deyil” deyib qarışmırlar. Əslində lazım olanda AŞ PA "insan hüquqları” bəhanəsi ilə hər məsələyə qarışır, başqa ölkələrin daxili işlərinə müdaxilə edir. Hesab edirəm ki, belə bir bəyanat reallıqdan və siyasətdən uzaqdır”.

İsmayıl