Azərbaycanın Ukrayna ilə birgə silah və texnika istehsalı real deyil

Hərbi ekspert bu gün Azərbaycanın helikopter mühərriki yaradılması işinə maliyyə ayırmasına ehtiyac görmür

İki gün əvvəl ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Xidməti (MTMX) katibinin birinci müavini Oleq Qladkovski ilə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Azərbaycan ilə Ukrayna arasında hərbi sahədə əməkdaşlığın fəallaşdırılması məsələlərini müzakirə edib, birgə silah istehsalı, hərbi-texniki əməkdaşlıq barəsində danışıblar.

Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Ukraynanın mühüm və perspektivli tərəfdaşı olduğunu vurğulayan O.Qladkovski əminliklə vurğulayıb ki, hərbi-texniki əməkdaşlıq sahəsində ölkələrimizin potensialı mövcud əməkdaşlığı möhkəmləndirməyə və onun inkişafı və perspektivləri istiqamətində, xüsusilə aviatikinti sahəsində işləməyə imkan verir. O, iki ölkənin həm daxili istehlakçılar, həm də xarici bazarlar üçün müdafiə sahəsində birgə layihələr hazırlayıb həyata keçirməkdə xeyli təcrübəyə malik olduğunu deyib.

Maraqlıdır, Ukrayna ilə birgə silah istehsalı Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir? Ümumiyyətlə, Ukraynanın sihal istehsalı hansı səviyyədədir?

Azərbaycanla Ukrayna arasında hərbi və hərbi-texniki əməkdaşlığın müstəqilliyin ilk illərindən mövcud olduğunu vurğulayan hərbi-siyasi icmalçı Ramil Məmmədlinin dediyinə görə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq fəaliyyətinin qarşısının alınması üçün döyüşdə istifadə olunan silah və sursatların bir qismi Ukraynadan alınıb:

"Sonrakı illərdə isə bu, digər mərhələyə keçib. Bu mərhələdə Azərbaycan Silahlı Qüvvələrinin istismarında olan texnikaların modernləşdirilməsi prosesində ukraynalı mütəxəssislərin iştirakıdır”.
Ukraynalı mütəxəssislərin əsasən, Silahlı Qüvvələrimizin istismarında olan helikopter parkının modernləşməsi prosesində iştirak etdiklərini qeyd edən icmalçı bildirib ki, hazırda isə Ukraynanın "Antonov” şirkəti Azərbaycan üçün hərbi-nəqliyyat təyyarəsi funksiyasını yerinə yetirə biləcək An-178-lərin yaradılması ilə məşğuldur: "Nəzərdə tutulur ki, bu təyyarələrin bir neçəsi Azərbaycanda yığılsın. Bu isə azərbaycanlı mütəxəssislərin təyyarə yaradılması işində təcrübəsinin artmasına gətirib çıxara bilər. Ukrayna prezidenti Pyotr Poroşenkonun ötən il Azərbaycan səfərindən sonra isə hərbi-texniki proses yeni mərhələyə qədəm qoyub. 2017-ci ilin fevralın 14-də Bakıda Hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçirilib. İclasda Ukraynadan "Ukroboronprom” Dövlət Şirkətinin, "Ukrspeçeksport” şirkətinin, "MotorSiç” helikopter mühərrikləri konserninin, Kiyev Zirehli Tank Zavodunun, Ukrayna Aviasiya Kompleksinin (keçmiş "Antonov” şirkəti) və digər müdafiə sənayesi qurumlarının rəhbər şəxsləri iştirak edib. Görüşlərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair konkret istiqamətlər üzrə danışıqlar aparılıb”.

R.Məmmədlinin sözlərinə görə, bu görüşlərdə konkret olaraq hansı qərarların verildiyi açıqlanmasa da, bəlli olan odur ki, Azərbaycan Ukrayna ilə SSRİ zamanından qalmış texnikaların modernləşməsi istiqamətində proqramlar həyata keçirəcək.

Birgə silah və ya texnika istehsalına gəlincə isə icmalçı bunun real görünmədiyini deyib: "Əlbəttə, Ukraynanın "Motor Siç” şirkəti helikopter mühərriklərinin yaradılması sahəsində dünyada mükəmməl qurumlardan biri sayılır. Lakin bu gün Azərbaycanın helikopter mühərriki yaradılması işinə maliyyə ayırmasına ehtiyacının olmadığı qənaətindəyəm. Müəyyən modernləşmə işlərinin öyrənilməsi isə vacib sayıla bilər. Amma buna baxmayaraq, qeyd etdiyim kimi, An-178 hərbi-nəqliyyat təyyarələrinin Bakıda yığılması prosesinin həyata keçirilməsi bizim mütəxəssislər üçün vacib sayıla bilər və bu da milli aviasiya sənayesinin inkişafına təkan olar. Hərbi sənayenin digər sahələrində Ukrayna şirkətləri ilə birgə müəssisələrin yaradılmasına ehtiyac görmürəm. Azərbaycan müdafiə sənayesi sektoru daha inkişaf etmiş ölkələrlə birgə müəssisələrin yaradılmasına nail olmalıdır. Bu sahədə Qazaxıstan və Türkiyə modelindən istifadə edilməlidir”.

Şəymən