Deputatlar problem görmür, təki qanun işləsin




Azərbaycan Milli Məclisinin foyesində siqaret çəkmək qadağan olunub. Artıq parlamentin foyesində zibil qutuları da yığışdırılıb. Siqaret çəkilməsi üçün foyedən kənarda yer ayrılıb.

Qeyd edək ki, ötən plenar iclasda çıxış edən deputat İlham Əliyev Milli Məclisin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

Məsələ ilə bağlı bir sıra şəxslərin fikirlərini öyrəndik. Deputat Nizami Cəfərov bildirib ki, qanun qəbul edilən zaman mütləq hərəkətdə olmalıdır və bu addım müsbət hesab edilməlidir: "Mən siqaret çəkənəm, amma bu qərarı bəyəndim. Xüsusi bir yer düzəldiblər, kim istəsə gedib orda çəkə bilər. Bütün hallarda qəbul edilən qanun xeyirdi. Yəni qanunla da, qanunsuz da olsa, bu, təqdirəlayiq addımdır. Qanunun bu şəkildə yerinə yetirilməsinin tərəfdarıyam”.

Millət vəkili Aqil Abbas bildirib ki, foyedə siqaretin qadağan edilməsinin qanun layihəsinə heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, bu adi bir haldır və qanunda tamamilə başqa məsələlər müzakirə olunur. Layihədə xüsusi olaraq "Milli Məclis” sözü yazılmır: 

"Əgər məktəblərdə, müəyyən təşkilatlarda siqaret çəkilmirsə həmin yerlərin rəhbərliyi bildirir ki, burda siqaret çəkmək olmaz. Hətta yas yerlərində siqaret çəkməyə icazə verilmir. İndi də Parlamentin foyesində siqaret çəkməyə icazə verilmir. Bu adi bir şeydir”.

Hüquq müdafiəçisi Mehriban Zeynalova isə deyib ki, əgər parlamentdə siqaret çəkənlər varsa onların da hüquqları nəzərə alınmalıdır: 

"Yəni tam qadağa qoyulursa, onda satışa qadağan qoyulsun. Yox əgər satış varsa, o zaman hər kəsin hüquqları əsas götürülməlidir”.

Yeganə Bayramova