Professor xəstə turistlərdən danışdı

Ekspert isə onunla razılaşmır
“Dünya təcrübəsində turistlərdən arayış tələb olunması proseduruna rast gəlinmir”

Tibb eksperti, professor Adil Qeybulla Azərbaycana gələn turistlərdən arayış tələb olunmaması məsələsinə diqqət çəkib və bununla bağlı öz narahatlığını dilə gətirib.

Bakı şəhərində, xüsusilə də mərkəz yerlərdə turistlərin sayının həddindən artıq çox olduğunu vurğulayan tibb eksperti deyib ki, dünyanın hər yerində turist axını var və biz də bunu normal qəbul edirik. Amma qəribə odur ki, turistlər Azərbaycana gələndə onlardan hər hansı bir arayış tələb olunmur. Azərbaycan ərazisinə daxil olan turistlər öz ölkələrində yayılmış yoluxucu xəstəliklərlə bağlı hansısa yoxlamadan keçiblərmi? Əllərində arayış varmı? Təəssüflər olsun ki, bunu onlardan soruşan yoxdur.
Hansısa kooporativ maraqlara görə, turistləri Azərbaycana qəbul etməyin düzgün olmadığını vurğulayan A.Qeybulla qeyd edib ki, Azərbaycana gələn turistlər gənc qızlarla əylənir: "Onlar həmin vaxt hansı xəstəlikləri yayırlar? Bunun statistikasını aparın. İnanıram ki, bunun səsi sonra çıxacaq. Bu, ölkəmiz üçün dəhşətdir. Hər bir turist Azərbaycana daxil olanda yoxlamadan keçməlidir. Azərbaycana ən çox turist axını ərəb ölkələrindəndir. Onlardan mütləq arayış tələb olunmalıdır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı, bir qayda olaraq xarici ölkələrə səfər edən insanlara müxtəlif xəstəliklərdən qorunmaq məqsədilə peyvənd olunmağı tövsiyə edir. Onlara dünyanın müxtəlif bölgələrində mövcud xəstəliklərdən, epidemiya, pandemiya təhlükəsindən qorunmaq məqsədilə müvafiq peyvənd, vaksinasiya və müayinələrdən keçməyi məsləhət görür.

Turizm üzrə ekspert Elxan Vəliyev isə "Şərq”ə açıqlamasında dünya təcrübəsində turistlərdən arayış tələb olunması proseduruna rast gəlmədiyini deyib: 

"Heç bir ölkə ərazisinə daxil olan turistlərdən sağlamlıqları ilə bağlı xüsusi sənəd tələb etmir”.
Turistik viza ilə iş vizası arasındakı fərqə toxunan ekspert qeyd edib ki, ölkəmizə gələn turistlərdən sağlamlıq haqqında arayış təqdim edilməsi Azərbaycanda turizmin inkişafına ciddi ziyan vura bilər: "Belə bir tələb ən problemli ölkələrdə belə olmadığı halda Azərbaycan bu addımı atsa, xoş qarşılanmaz. Təbii ki, hər bir ölkənin özünün qanunvericilik hüququ var. Azərbaycan istəsə, belə bir addım ata bilər. Ancaq dünyanın turistik səfərlərin sadələşdirilməsinə doğru getdiyi bir dövrdə ölkəmizə gələn turistlərdən sağlamlıq haqqında arayış təqdim etmək məqsədəuyğun deyil”.

Şəymən