“Onda gərək nə yazarlar, nə jurnalistlər, nə də digər ictimai nüfuza malik insanlar bölgə adlarını təxəllüs olaraq götürməsinlər”
Heç kimə qadağan etmək olmaz...
Deputat müğənnilərin təxəllüs olaraq bölgənin adını götürməsinə qarşı çıxdı
“Onda gərək nə yazarlar, nə jurnalistlər, nə də digər ictimai nüfuza malik insanlar bölgə adlarını təxəllüs olaraq götürməsinlər”
“Onda gərək nə yazarlar, nə jurnalistlər, nə də digər ictimai nüfuza malik insanlar bölgə adlarını təxəllüs olaraq götürməsinlər”
"Əlimdə imkan olsaydı, bir çox peşə sahiblərinə, ələlxüsus da müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım.
Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurub götürün, ancaq bu bölgə adından bir az uzaq durun. İşdir, əgər bunsuz keçinmək ölüm-dirim məsələsidirsə, o zaman davranışlarınızda daha ciddi, təmkinli, ədəbli olmağa xüsusi diqqət yetirin.
Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir. Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, gəncəli, borçalı, bərdəli, qazaxlı, lənkəranlı, tovuzlu, xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görə sənin davranışından xəcalət çəkməlidir?”
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Millət vəkilinin fikirlərinə filoloq, keçmiş təhsil naziri Firudin Cəlilov "Şərq”də cavab verdi:
"Biz 21-ci əsrdə yaşayırıq. İnsanlar soyad, təxəllüs götürməkdə sərbəstdilər. Heç kimə qadağan etmək də olmaz ki, sən bu təxəllüsü götürmə. Bu, hər dövrdə olub. İstər yazarlar, incəsənt insanları içində təxəllüs götürən, əsasən də bölgə adlarını özlərinə təxəllüs olaraq götürənlər olub. Bunu normal qəbul etmək lazımdır. Mən bilmirəm Fazil Mustafa belə bir statusu paylaşarkən nəyi nəzərdə tutub. Yəni belə bir statusu hansı baxışla yazıb. Amma söhbət sənətçilərdən, müğənnilərdən gedirsə, onda millət vəkilinin bu iradını hardasa başa düşmək olar. Amma istənilən halda bunun qadağan etmək olmaz. Təxəllüsün götürülməsinə məhdudiyyət qoymaq mümkün deyil. Qaldı müğənnilərin bölgələrin adını götürərək bəzən o məsuliyyətin dərinliyini anlamayanda, həmin bölgənin ictimai qınağına tuş gələ bilər.
Yəni o bölgənin insanları ictimai şəkildə həmin sənətçini qınaya bilər. İctimai qınağın təsiri olur. Bunun zaman-zaman şahidi ola bilirik. Amma heç kimə qadağan etmək olmaz ki, sən bölgənin adını təxəllüs olaraq götürmə. Bəzən bölgə adı ilə məşhur olan tanınmışlarımızla fəxr də edə bilirik. Bilirsiz, məsələyə bir az real yanaşmaq lazımdı. Reallıqla barışmaq lazımdı. Misal üçün, Seyfəddin Dağlı dağlıların başını ucalara qaldırdı. Amma bir başqası həmin təxəllüslə o bölgənin nüfuzuna xələl gətirə bilən hərəkətə yol verə bilər. Amma yenə deyə bilmərik ki, niyə o təxəllüsü götürmüsən? Yalnız o bölgənin ictimai qınağı bu məsələdə sözünü deyə bilər. Qadağalar çıxış yolu ola bilməz. Bunu qanun çərçivəsində yasaqlamaq mümkün deyil. Onda gərək nə yazarlar, nə jurnalistlər, nə də digər ictimai nüfuza malik insanlar bölgə adlarını təxəllüs olaraq götürməsinlər. Bunu qadağan etmək isə mənə elə gəlir qətiyyən düzgün deyil. 21-ci əsrdə hər şeyi bu qədər qloballaşdırmaq, ciddiləşdirmək lazım deyil”.
Alim, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya” şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova da məsələ ilə bağlı "Şərq”ə danışdı:
"Tarixən dövrün ziyalıları bölgələrin adından təxəllüs kimi istifadə ediblər. Biz buna qadağa qoya bilmərik. Çünki bu ənənənin tarixi var. Bununla bağlı Milli Məclisin Toponimlər Komissiyası fəaliyyət göstərir. Onlar bu məsələyə münasibət bildirə bilər. Amma ənənə olaraq dövrün tanınmış yazıçıları, şairləri, ictimai xadimləri yer adlarını təxəllüs olaraq götürüblər. Müasir dövrdə də belə adlarla tanınanlar var. Bilirsiz, bu adı götürən hər bir tanınmış, sadəcə özlüyündə o məsuliyyəti hiss etməlidir. Müğənnilərin yer adlarını təxəllüs olaraq istifadə etməsini şəxsən təqdirəlayiq hal kimi qəbul etmirəm. Bu ad rəsmi olmasa da, məsuliyyət tələb edir və o statusa layiq olan bir insan üçün keçərli sayıla bilər. Əgər müğənni doğulduğu yerin adını təxəllüs olaraq istifadə edirsə, o, üzərinə düşən məsuliyyəti hiss etməlidir. Amma yenə deyirəm, kiməsə qadağa qoya bilmərik ki, sən təxəllüs olaraq bölgə adından istifadə etmə. Ümumiyyətlə, türkdilli ölkələrdə bu bölgə adlarını təxəllüs olaraq istifadə edən ziyalılar, ictimai xadimlər, yazarlar, şairlər həmişə olub. Bu ənənəyə qarşı getmək də düzgün deyil. Buna heç kim qadağa qoya bilməz. Sadəcə, Milli Məclisdə fəaliyyət göstərən Toponimlər komissiyasında bu məsələ müzakirə oluna və bölgə adlarından kimlər hansı kontekstdə istifadə edə bilər, qanunla tənzimlənə bilər. Bütünlükdə isə heç bir tanınmışa, müğənniyə, sənət adamına qadağa qoymaq olmaz ki, bölgə adlarından təxəllüs kimi istifadə etməyin”.
Bölgə adını soyad kimi götürən müğənnilərin də millət vəkilinin bu statusa cavabı uzun çəkmədi. Müğənni Xuraman Şuşalı məsələyə münasibət bildirərkən deputata məsləhət də verdi. Bildirdi ki, deputat digər ciddi işlərlə məşğul olsa yaxşıdır:
"Bu soyadı mənə 16 yaşım olanda Süleyman Ələsgərov verib. İncəsənət gimnaziyasını bitirmək üzrə idim. Süleyman Ələsgərov ailəmizin yaxını idi. Konservatoriyada oxumaq istəyirdim və bunun üçün məsləhətləşməyə getmişdim. Rəhmətlik Süleyman Ələsgərov məndən soyadımı soruşdu və şuşalı olduğumu biləndə onu soyad kimi götürməyimi təklif etdi. Bildirdi ki, Şuşa işğal altındadır və sən onu təbliğ edə bilərsən. O gündən bəri mən belə təqdim olunmuşam. O vaxt Azərbaycan Televiziyası və Radiosunun solisti idim. "Bənövşə” uşaq xorunda oxuyurdum. Dəfələrlə Rusiyaya toy üçün getmişəm. Orada erməni musiqiçilər də olub. Bilirsiniz, bu həm də təbliğatdır.
Yaxşı olardı ki, deputatlar ölkəmizin digər problemləri ilə məşğul olsunlar. Şou-bizneslə maraqlanmasınlar. Hazırda deputatların bəziləri "şou-biznesləşirlər”. Qaldı ki soyadıma, işğalda olan torpaq adını digər ölkələrdə çox yaxşı təbliğ etmişəm. Burda pis heç nə görmürəm. Deputatlarımız xalqı düşünməli və vacib məsələləri həll etməlidirlər. Onsuz da bu şou-biznes var və olacaq. Bu sahədə nəyinsə düzəldilməsinə hələ çox var”.
Müğənni Şəbnəm Tovuzlu deputatın təklifinə normal yanaşsa da, onu dəstəkləmir:
"Məni bəzən Əsədova kimi də təqdim edirlər. Ancaq deputatın təklifinə normal yanaşıram. Bu mənada dəstəkləmirəm ki, əvvəldən Şəbnəm Tovuzlu kimi tanınmışam. Əsədova yazanda bir az çaş-baş düşürlər. Şükür Allaha, hər şey normaldır, davranışlarımda bölgəmin adına ləkə gətirəcək hərəkət yoxdur. Şou-biznesdə olanların çoxundan yaxşı abır-həyamız var. Sadəcə, gözləri götürmür deyə, dışlamaq istəyirlər. O da alınmır. Şükür Allaha, ailəm, uşağım öz yerindədir. Mənimlə rəqabət aparanlar sonda özləri uduzurlar”. Yeri gəlmişkən, Fazil Mustafanın bu ittihamı gündəmə gətirməsi təsadüfi deyil. Məsələ burasındadır ki, dünən sosial şəbəkələrdə və bir çox saytlarda müğənni Şəbnəm Tovuzlunun intim şəkilləri yayılıb. Kim tərəfindən mətbuata ötürüldüyü bilinməyən həmin fotolarda müğənninin keçmiş əri ilə intim münasibətdə olduğu görünür.
Tahirə Məmmədqızı