Amma layihənin birdən-birə tətbiq edilməsi əks effekt verə bilər
Maksimum şəkildə çalışmaq lazımdır ki, tələbələr və onların valideynləri əlavə xərclərdən azad edilsin
Ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər. Hətta ödənişlərin qəbul edilməsi üçün proqram təminatı da hazırlanıb.
Ekspertlərin fikrincə, elektron sistem dünya təcrübəsində mövcud olsa da, bir sıra problemlərin olduğu danılmazdır. Təhsil üzrə ekspert Kamran Əsədov elektron sistemin müsbət olduğunu, amma layihənin birdən-birə tətbiq edilməsinin əks effekt verə biləcəyini deyib.
Onun sözlərinə görə, maksimum şəkildə çalışmaq lazımdır ki, tələbələr və onların valideynləri əlavə xərclərdən azad edilsin. Lakin elektron ödənişlər üçün plastik kartlar lazımdır, bu da əlavə xərclərin yaranmasına səbəb olur: "Azərbaycan Respublikası Prezidentinin 2011-ci il sərəncamına görə, dövlət müəssisələri bütün xidmətləri elektron qaydada həyata keçirməlidir. Bu isə ondan irəli gəlir ki, ilk növbədə vətəndaş-məmur münasibətləri aşağı səviyyəyə ensin, əlavə sənədlər və xərclər aradan qalxsın. Amma bir nüansı yaddan çıxarırıq. Heç bir universitetdə təhsil haqlarının miqdarı 1600 manatdan aşağı deyil. Hətta elə universitetlər var ki, təhsil haqqı 2500 manatdan 4000 manata qədərdir. Elektron qaydada bu məbləğin ödənilməsi üçün plastik kartlara və təminatlara ehtiyac var. Azərbaycanda isə bu qədər əməkhaqqı alan məmur tipi demək olar ki, yoxdur. Ona görə də elektron xidmətin istifadəyə verilməsi digər problemləri üzə çıxaracaq. Yəni, heç kimin kart hesabında o qədər pul olmayacaq ki, ödənişi həyata keçirsin. Bu ildən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul zamanı xidmət haqlarında ciddi şəkildə artım elədi. Vətəndaşlar arasında ödəmə ilə bağlı bəzi problemlər yarandı. Çünki plastik kartlarda həmin məbləğlər çox nadir hallarda olur. Biz əmək haqqı və digər sosial gəlirlərimizi karta oturduqdan sonra balansdan çıxardırıq. Hətta onu toplasaq belə, ümumi məbləğ təhsil haqqını ödəməyə yaramayacaq. Ona görə də hesab edirəm ki, bu elektron mexanizm işləməyəcək”.
Ekspert həmçinin bildirib ki, tələbələr təhsil haqlarını banklara ödəyən zaman bank onlardan ödədikləri məbləğ müqabilində xidmət haqqı tuturdu. Lakin qanunvericilikdə göstərilib ki, bu xidmətlər üçün əlavə pula ehtiyac yoxdur: "Əgər abituriyent jurnalında bir yerin təhsil haqqı 2000 manat göstərilibsə, valideyn 2000 manatı həmin universitetin bank hesabına köçürməlidir. Amma reallıqda banklar bizdən xidmət haqqı tutur. Bu da vətəndaşların əlavə xərcə düşməsi ilə nəticələnir. Bütün bunlara görə aidiyyəti qurumlar vətəndaşları əlavə xərclərdən azad etməkdən ötrü bu layihəni irəli sürdülər. Bu mexanizm müsbətdir, amma bəzi hallarda texniki səhvlər də olur. Məbləğlərin yüklənməsi ilə bağlı və yüklənmiş məbləğin qəbzə çevrilməsi ilə də bağlı problem yaranır. Elektron qaydada köçürmə edildi və hansısa texniki səhvdən vətəndaşların pulu itdi. Pulun geri qaytarılması isə başqa bir problem yaradır”.
Yeganə Bayramova