İrandan gətirilən kartof, soğan və kələmdən ehtiyatlı olun!

Eyyub Hüseynov: "Bu ölkədən idxal edilən kənd təsərrüfatı məhsulları kimyəvi gübrələrlə zəngin idi"



"Ötən il yay aylarında Bakı bazarlarında xüsusi cihazla monitorinq apardıqda məlum oldu ki, İrandan gətirilən qarpızların hamısında kimyəvi maddələr var”.

Bunu Sherg.az-a İrandan Azərbaycana idxal edilən kənd təsərrüfatı məhsullarının tərkibində kimyəvi maddələrin aşkarlanmasına münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, digər məhsullarda, əsasən kartoflarda, soğanlarda da problemlər var:

"Bu ölkədən idxal edilən kənd təsərrüfatı məhsulları kimyəvi gübrələrlə zəngin idi. Lakin bu, o demək deyil ki, İrandan gətirilən bütün məhsullarda kimyəvi maddələrin miqdarı həddən artıqdır. Bunlar adətən ayrı-ayrı partiya mallara aid olur. Xüsusilə, çox böyük çəkisi olan kartof, kələm və s. kimi kənd təsərrüfatı mallarına kimyəvi gübrələr verildiyi aydın bilinir. Ona görə də, bu işə ciddi yanaşılmalıdır.

Təsadüfi deyil ki, ölkə prezidentinin fərmanı ilə fevral ayında Qida Təhlükəsizliyi Agentliyi yaradılması haqqında qərar verildi. Hazırda bu barədə işlər gedir. Azad İstehlakçılar Birliyi də həmin qurumda təmsil olunmaq niyyətindədir. Düşünürəm ki, agentlik yaradıldıqdan sonra vəziyyət dəyişəcək, ciddi nəzarət təmin olunacaq”.

Qeyd edək ki, İran Məclisinin Səhiyyə Komissiyasının üzvü Behruz Bonyadi İranın kənd təsərrüfatı məhsullarının 35 faizinin kimyəvi cəhətdən çirkləndiyini açıqlayıb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimovun sözlərinə görə Azərbaycandan İrana idxal edilən, eyni zamanda İrandan Azərbaycana ixrac edilən kənd təsərrüfatı məhsullarının hamısında kimyəvi maddələr var. Lakin bu maddələr məhsulun tərkibində müəyyən həddə olur və insan orqanizmi üçün təhlükə yaratmır.

Aysel Aslan