“Biz qanunu süngü ilə qarşılamırıq”

Zahid Oruc: “Amma etik davranış pozuntusuna görə deputat mandatının itirilməsi sözügedən qanunda öz əksini tapacaqsa, bu maddə parlamentin fəaliyyətinə təsirsiz ötüşməyəcək”



"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin ötən iclasında deputatların narazılığına səbəb olub.
Layihəyə etiraz edən millət vəkilləri konkret olaraq 5, 6, 10 və 11-ci maddələrin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara qarşı xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır.

Layihədə deputatı kiçildən məqamların olduğunu iddia edən parlamentarilər qanunun indiki variantda qəbul olunacağı halda fəaliyyətlərinin məhdudlaşdırılacağı qənaətindədirlər.
Milli Məclisdə "Deputatın etik davranış qaydaları” adlı hüquqi aktın qəbul edilməsinin normal hal olduğunu qeyd edən millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qanun layihəsinin qəbuluna qarşı xüsusi bir müqavimətin mövcud olmadığını deyib. Onun sözlərinə görə, burada söhbət mühüm bir hakimiyyət qolunda təmsil olunan şəxslərin fəaliyyətinin tənzimlənməsindən və onların davranışlarının normallaşdırılmasından, xalq qarşısındakı hesabatlılığından gedir: "Lakin bu qanun o formada qəbul edilməlidir ki, bir tərəfdən parlamentarilərə müstəqil, azad və şəffaf fəaliyyətini, konstitusiyaya uyğun səlahiyyətlərini gerçəkləşdirməyə imkan versin, digər bir tərəfdən də onlar üçün müəyyən öhdəliklər yaratmış olsun”.

Parlament rəhbərinin qanun layihəsi ilə bağlı səslənən fikirlərə reaksiyasını yüksək dəyərləndirən millət vəkilinin sözlərinə görə, müzakirələr zamanı ayrı-ayrı məsələlər üzrə dəyişikliklərin vacibliyi qeyd edilib: "

Etiraz doğuran müddəaların yenidən işlənməsi ilə bağlı da müvafiq komitəyə tapşırıq verildi. Hesab edirəm ki, biz növbəti müzakirələrdə daha təkmil layihə üzərində müzakirələr aparacağıq”.


Bir çox ölkələrdə deputatların davranış qaydalarını tənzimləyən qanunların olduğunu deyən Z.Orucun sözlərinə görə, bəzi ölkələrdə də bu qaydalar Məcəllə halında olmasa da, müxtəlif növ sənədlərdə öz əksini tapıb: 

"Ancaq qanunun qarşıya qoyduğu məram, layihənin fəlsəfəsi ilə uzlaşmayan maddələr də yox deyil. Mənim fikrimcə, etik davranış pozuntusuna görə deputat mandatının itirilməsi sözügedən qanunda öz əksini tapacaqsa, bu maddə parlamentin fəaliyyətinə təsirsiz ötüşməyəcək. Biz heç də "Deputatın etik davranışı haqqında” qanun layihəsinin hər bir müddəasını süngü ilə qarşılamırıq. Bir parlament üzvü və 30-dan artıq ölkənin qanunvericilik təcrübəsi olan biri kimi qeyd edə bilərəm ki, sözügedən qanun layihəsindəki komponentlərin böyük əksəriyyəti beynəlxalq praktikada da öz əksini tapıb. Amma parlament üzvünün öz mandatını davranışına görə itirməsi məhkəmənin səlahiyyətlərinin mənimsənilməsi anlamına gəlir. Halbuki Azərbaycan Konstitusiyası Milli Məclisə istintaq səlahiyyətləri verməyib. Bütün bunlar Konstitusiyamızda da öz əksini tapıb”.

İntizam Komissiyasına xüsusi səlahiyyətlərin verilməsinə gəldikdə isə Z.Oruc deyib ki, bu yolla sanki deputatüstü bir qurum yaratmaq istəyirlər:

"Bu bir növ də Yuxarı Palata anlayışı ilə eyniləşir. Hərçənd ki ikipalatalı ölkələrdə belə yuxarı palatanın aşağı palataya sərt sanksiyalar tətbiq etmək səlahiyyəti yoxdur”. İntizam Komissiyasının qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul etməsini heç bir halda məqsədəuyğun saymadığını vurğulayan millət vəkili deyib ki, xüsusən də qaydaları pozmuş deputatların mandatdan məhrum edilməsi müddəası layihədən çıxarılmalıdır”. 

Parlamentin iki mühüm və fundamental səlahiyyətlərinin olduğunu vurğulayan Z.Orucun sözlərinə görə, onlardan biri qanunvericilik funksiyasıdırsa, digəri də təmsilçilik səlahiyyətləridir: 

"Millət vəkilləri eyni zamanda xalq təmsilçiləri hesab olunur. Parlamentdə belə bir məsələyə baxılacağı təqdirdə, bu, seçicilərin iradəsinin təftiş edilməsi anlamına gəlir. Halbuki seçki prosesindən keçən insanlar ən sonda Konstitusiya Məhkəməsinin qərarı ilə öz səlahiyyətlərinin icrasına başlayırlar. Ancaq indiki mərhələdə qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərarın İntizam Komissiyasının səlahiyyətinə verilməsi artıq millət vəkillərinin özlərini müdafiə hüququnun əlindən alınması deməkdir. Təsəvvür edin ağır cinayət törədən millət vəkilinin əməlinə prokurorluğun təqdimatı, Milli Məclisdə onun toxunulmazlığının götürülməsindən sonra Məhkəmə qaydasında baxılır, amma adi davranış qaydasını pozduğuna görə, İntizam Komissiyası onun mandatını əlindən alacaq?”.

Şəymən