Ölkəyə gələn turistlərin hərəkət sərbəstliyi təmin olunmalıdır

“Yoxsa ki yüz minlərlə turisti, idman yarışlarına gələn qonaqların içindən kortəbii formada casus axtarmaq saman tayasında iynə axtarmaq kimi bir şeydir”
Yalnız xüsusi xidmət orqanları bilməlidir ki, minlərlə turistin içində kim casusluğa gəlib
Azərbaycanda turizmlə bağlı böyük işlər görüldüyünü, Azərbaycan Prezidentinin rəhbərliyi ilə bütün bölgələrdə turizm sahələri yaradıldığını vurğulayan deputat Siyavuş Novruzov "Turizm haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı ölkəmizdə qış və yay turizmi üçün lazımi şərait olduğuna diqqət çəkib. Turizm sahəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kifayət qədər işlərin aparıldığını deyən S.Novruzov bildirib ki, bir sıra məsələlər var, onlar birbaşa Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilə bağlı olmasa da, biz bu məsələlərin aradan qaldırılmasına çalışmalıyıq.

Millət vəkilinin sözlərinə görə, ilk növbədə ölkəmizə gələn turistlərin kimliyi müəyyən olunmalıdır. Millət vəkili hesab edir ki, dünyada baş verən hadisələrə nəzərə saldıqda, görürük ki, turistlərin kimliyi haqqında məlumatlara malik olmağımız vacib məsələlərdəndir. Onun sözlərinə görə, otellərdə təhlükəsizliklə bağlı məsələlər öz yerində olsa da, ölkəyə gələn turistlərin mənzillərdə yaşaması kifayət qədər problemli məsələdir: "Belə olan zaman onların nə etdikləri və ya nə edə biləcəyi haqqında heç bir məlumat olmur. Heç onların şəxsiyyət vəsiqələrinin surəti belə çıxarılmır. Bu baxımdan məsələyə ciddi diqqətlə yanaşmalıyıq. Biz 5-10 manata görə illərdir ölkədəki qurulan sabitliyi poza bilmərik”. Turistlərin ölkəmizdə təhlükəsizlik məsələsi ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov cavab verərək ciddi narahatlığa ehtiyac olmadığını dilə gətirib: "Turistlər sərhəddən və miqrasiyadan keçib, uçota düşürlər. Güman edirəm ki, narahatlığa ehtiyac yoxdur. Təbii ki, ayıq-sayıqlıq mütləqdir. Biz hər zaman bu məsələləri nəzərə alırıq və alacağıq”.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay deyib ki, hər bir dövlət, xüsusilə Azərbaycan kimi narahat bölgədə, müharibə şəraitində olan ölkədə təhlükəsizlik məsələsi ön sırada durur: 

"Təhlükəsizliyin isə əsas istiqamətlərindən biri insan faktorundan, yəni ölkəyə müxtəlif yollarla təhlükə gətirə biləcək xarici vətəndaşlardan qorunmadır. Xaricdən istər turist, istərsə də başqa ad və məqsədlə ölkəyə daxil olan şəxslərin yoxlanması öncə bizim xaricdəki səfirliklərimizdən başlanır və başlanmalıdır. Yəni onlara viza verilməsindən. Ölkəyə daxil olanda sərhəd-keçid məntəqələrində də müasir avadanlıq və texnologiyadan istifadə ilə bu nəzarət həyata keçirilir, ancaq ölkəyə daxil olandan sonra turistlərin dəqiq harada yaşaması, onların harada qeydiyyatda olması, davranışlarını nəzarətə götürmək bir qədər çətin məsələdir”.

İ.Altayın sözlərinə görə, ölkəmizə gələn turistlərin kimliyinin müəyyən olunması normal haldır. Bunu etmək olar, ancaq bu, çoxsaylı insanların hərəkət, sərbəstlik imkanlarını poza bilər. 

Yəni bu zaman artıq turist ölkəsi olmuruq. Hesab edirəm ki, qaldırılan məsələnin reallaşdırılması ölkəyə səfərlərin, dincəlmək, ölkəni görüb tanış olmaq məqsədlərinin qarşısını alan amilə çevrilə bilər. Turizm ölkələrinin heç birində bu cür təcrübənin olmadığını qeyd edən Mərkəz sədrinə görə, yaşadığı evlərə, otaqlara qədər nəzarət yalnız kimdənsə xüsusi xidmət orqanları şübhələnərsə və bu şübhələrə ciddi əsaslar varsa qoyula bilər. Ancaq təhlükəsizlik riski turizmə qapılar açmış istənilən ölkədə həmişə var. Bundan tam sığortalanmaq çətindir”.

Kriminalistin sözlərinə görə, dövlətin təhlükəsizliyi, xüsusilə turist adı ilə ölkəyə daxil olub fəsadlar yarada biləcək insanlara nəzarət və təhlükəsizliyi təmin etmək sırf xüsusi xidmət orqanlarının üzərindədir: 

"Hansı ki bu sahə üzrə bilgiləri və imkanları böyükdür. Yalnız onlar bilməlidir ki, minlərlə turistin içində kim casusluğa gəlib. Yoxsa ki yüz minlərlə turisti, idman yarışlarına gələn qonaqların içindən kortəbii formada casus axtarmaq saman tayasında iynə axtarmaq kimi bir şeydir. Amma bir şey də var ki, kütləvi beynəlxalq tədbirlərdə, idman tədbirlərində, yay turizm mövsümündə ümumi nəzarət gücləndirilməli və ölkənin hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçməlidir. Belə günlərdə turistlərin təhlükəsizliyinin məsuliyyəti də dövlətin üzərinə düşür. Həm də turistlər içindən casusluq, təxribat, terror törədə biləcək ziyankarlardan təhlükəsizlik məsuliyyəti artır”.

Şəymən