“Gender problemləri və Media”

Jurnalistlər cəmiyyətdə bir cinsin digərindən üstün olmasını formalaşdıra bilməz


Mayın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində "Gender problemləri və Media” mövzusunda seminar keçirilib. Beynəlxalq ekspertlərin, dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, jurnalistlərin iştirakı ilə keçirilən seminarın təşkil olunmasının əsas məqsədi media tərəfindən gender problemlərinin, məişət zorakılığı məsələlərinin işıqlandırılması və bu sahələr üzrə Avropa İttifaqı təcrübəsinin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Cəmiyyətdə kişi və qadın  münasibətlərinin balanslaşdırılması müasir sivilizasiya üçün vacibdir

Seminarda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva keçirilən tədbirin əhəmiyyətindən və məqsədlərindən danışıb. A.Sofiyeva bildirib ki, ölkəmiz spesifik gender ənənələrini yaşadan bir məkandır. O deyib: "Azərbaycanda qadın həmişə xüsusi seçilmiş statusa malik olub. Qadınlarımız cəmiyyət həyatının ənənəvi sferaları ilə yanaşı, həm dövlət qurumları, hüquq-mühafizə orqanları, sənaye sahələri kimi çətin və məsuliyyətli sahələrdə belə yetərincə təmsil olunurlar. Cəmiyyətdə kişi və qadın münasibətlərinin balanslaşdırılması müasir sivilizasiya üçün vacibdir. Jurnalistika sahəsi isə bu prosesdə mühüm rol oynayır, çünki ictimai şüurun formalaşmasında media komponenti güclü amildir”. Sədr müavini jurnalistikanın gender məsələlərinə təsirinə dair araşdırmalara böyük ehtiyac olduğunu qeyd edib.

Kişinin qadının üzərində hökmü olması fikri cəmiyyətdə məişət, iqtisadi, fiziki zorakılıqların
yaranmasına gətirib çıxardır

Vraclov Universitetinin siyasi elmlər doktoru Marzena Kardaczuk isə ayrı-seçkiliklərin stereotiplər əsasında aparıldığını deyib: "Ömür boyu kişi və qadın arasında olan münasibətlər onların həyat tərzinə təsir göstərir. Qadın və qızlar arasında düşüncələr fərqlidir. Eyni zamanda, oğlan və qızların geyimlərinin, rənglərinin fərqləndirilməsi, onların oynadığı rollar gələcək sosial rollarını müəyyənləşdirir. Qızların cəmiyyətdə passiv rola malik olduğunu ənənəvi yollarla görürük. Eyni analoji vəziyyətdə kişi və qadının üzərinə qoyulan münasibətlər fərqlidir. Hər hansı peşə üzrə qadınların irəli getməsinə maneçiliklər olur. Hansı cinsə aid olmasına görə maaşlar fərqli olur, kişi və qadının maaşı kişinin maaşının 80 faizinə bərabərdir. Kişinin qadının üzərində hökmü olması fikri cəmiyyətdə məişət, iqtisadi, fiziki zorakılıqların yaranmasına gətirib çıxardır”.

Daha sonra M.Kardaczuk Polşa və Litvada gender bərabərliyi və qadınların kişilərə nisbətən rəhbər vəzifələrdə yer alması ilə bağlı göstəricilərdə ümumilikdə Avropa İttifaqında liderlik etdiyini vurğulayıb. Onun sözlərinə görə, son iki ildə Polşadakı gender bərabərliyi üzrə mövcud durum Litvadakı vəziyyətdən daha yaxşıdır: "2015-ci ilin göstəricilərinə görə, Polşada qadınların 37 faizi rəhbər vəzifələrdə çalışıb. 2014-cü ildə də eyni faiz nisbəti demək olar ki, eyni idi. Təbii ki, bu göstəricilər səviyyəli müəssisələrə aiddir. Qadınların 14 faizi isə daha yüksək vəzifələrdə yer alıb. Dövlət orqanlarındakı rəhbər vəzifələrdə qadınlar 5 faiz təşkil edir. Polşada gender bərabərliyi ilə bağlı problemlərin aradan qaldırılması üzrə xeyli iş görmüşük, təhlillər aparmışıq. Sevindirici haldır ki, Azərbaycanda da belə bir qurum fəaliyyətdədir və onun da rəhbəri qadındır”.
Kardaczuk həmçinin bildirib ki, artıq Polşada "Biznesdə rəhbərlik” kampaniyasına start verilib. Bu da həmin sektorda gender bərabərliyinin qorunması istiqamətindəki maarifləndirmə işləri ilə sıx bağlıdır.

Qadın və kişilərin mediada bərabər təmsil olunma faizi kəskin şəkildə deyil

Tədbirdə çıxış edən Litva təmsilçisi Vanda Jursinece də gender bərabərliyində medianın roluna toxunub. O qeyd edib ki, təmsil etdiyi ölkədə dövlət orqanları gender bərabərliyinin təbliğində ölkədə fəaliyyət göstərən media qurumları ilə sıx şəkildə işləyir: "Hətta konstitusiyada mediada gender bərabərsizliyi ilə bağlı təbliğatlara yol verənlərlə bağlı maddə var. Belə bir hal baş verərsə, onlar məsuliyyətə cəlb oluna bilərlər. Yəni, jurnalistlər cəmiyyətdə bir cinsin digərindən üstün olmasını formalaşdıra bilməz. Eyni zamanda media ən az nəzarət olunan sahələrdən olduğu üçün problemlərimiz də az deyil. Bizdə demək olar ki, qadın və kişilərin mediada bərabər təmsil olunma faizi kəskin şəkildə deyil. Təxminən 49-51 faiz nisbətində kişilər üstünlük təşkil edir. Bu da yaxşı nəticədir”.

Litvalı xanım həmçinin qeyd edib ki, bir sıra Avropa ölkələrində bir sıra feminist qadınlar mediada çıxış edərkən onların işinə problemlər yarada bilir. O, yeni çəkilən filmlərdə qadın-kişi münasibətlərinin gender bərabərliyi prizmasında yanaşılmasına Litva hökumətinin xüsusi həssaslıq nümayiş etdirdiyini də qeyd edib. Sonra Vanda Jursinece Avropa İttifaqında qadın və kişilərin maaş faizindən şikayətçi olduğunu, buradakı fərqin uçurum yaratdığını qeyd edib: "Kişilər orta hesabla 1398,7 avro maaş alırlar. Bu, aylıq göstəricinin ortalama faizidir. Qadınlar isə kişilərdən çox geri qalırlar - 984,5 avro. Bu fərqi aradan qaldırmaq üçün filmlər, videoçarxlar hazırlayırıq. Hətta biznes sahəsində fəaliyyət göstərən xanımları mükafatlandırırıq. Bundan başqa, mediada bu sahə ilə bağlı dəyərli yazılar yazan jurnalistləri də mükafatlandırırıq”.

"Azərbaycan və Avropa İttifaqı ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri” adlı ikinci sessiyada isə Azərbaycan Milli Elmlər Akademiyasının professoru Rəna Mirzəzadə "Müstəqil Azərbaycanın gender siyasəti media güzgüsündə: reallıqlar və faktlar”, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin müdiri Nemət Cavadov "Gender və Televiziya: Azərbaycan milli televiziyasında gender bərabərliyinin təbliği və mübarizə stereotipləri necədir?”, Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova "Mediada gender stereotipləri ilə mübarizə: əsas meyillər”, Polşadan olan ekspert Marzena Kordaczuk-Vas və Litvadan olan ekspert Vanda Jurseniene "Polşa, Litva və Xorvatiya mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri”, İsveçdən olan ekspert xanım Karin Milles "İsveç və digər Skandinaviya ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri” mövzularında çıxışlar ediblər.

Gender və məişət zorakılığı kimi problemlər daha çox təhsilin aşağı səviyyədə olduğu
bölgələrdə müşahidə olunur

Azərbaycan mediasında uzun illərdir gender stereotiplərinin qabardılmasının şahidi oluruq. Qadınlar və kişilərin cəmiyyətdəki yeri, onların funksiyaları və sosial rolları ilə bağlı formalaşmış təsəvvürlər mediaya təkcə mövzularla deyil, istifadə edilən dil, metaforalar və terminlər vasitəsilə də yeridilir. Bəzən iddia edirlər ki, media bilərəkdən və ya bilməyərəkdən qadınları kişilərlə müqayisədə daha əlverişsiz şəkildə işıqlandırır. Bununla da cəmiyyətdə qadınlarla kişilərin mövcud yeri haqda hökmran olan stereotiplər daha da qüvvətləndirilir. 

Bir media və QHT nümayəndəsi olaraq bu sahə ilə bağlı geniş araşdırmalar aparan Qadın Konsensus Mərkəzinin sədri, "Teleqraf Holdinq”in rəhbəri, Aynur Camalqızı "Şərq”ə açıqlamasında qeyd edib ki, bu mövzu mediada yetərli dərəcədə işıqlandırılır. Ancaq yenə də müəyyən çatışmazlıqların olduğunu vurğulayan Aynur xanıma görə, cəmiyyətin mental düşüncəsi dəyişmədikcə, bu məsələ aktual olaraq da qalacaq: 

"Bir media nümayəndəsi olaraq biz insanların düşüncələrini dəyişmək üçün maarifləndirici yazılara üstünlük verməli və insanlara doğrunu aşılamalıyıq. Xüsusən də, əyalətlərdə bu istiqamətdə tədbirlər keçirilməlidir. Gender və məişət zorakılığı kimi problemlər daha çox təhsilin aşağı səviyyədə olduğu bölgələrdə müşahidə olunur. Ali təhsilli, dünyagörüşlü insanlar heç vaxt məişət problemləri ilə üzləşmir, gender bərabərsizliyinə məruz qalmırlar. Öz haqlarını və hüquqlarını bilməyən, təhsilsiz qızlar daha çox bu cür problemlər qarşısında aciz qalırlar. Rayonlarda qız uşaqları təhsildən yayındırılaraq erkən nikaha məcbur edilir”.

Medianın mövcud problemləri aradan qaldırmaq iqtidarında olmadığını vurğulayan A.Camalqızının sözlərinə görə, onun işi mövcud problemləri qabartmaq və onun həllinə diqqət çəkməkdən ibarətdir. Eyni zamanda maarifləndirici yazılar yazaraq insanları məlumatlandırmalıdır: "Amma gərək cəmiyyət də bu problemə qarşı mübarizədə fəal olsun. Problemin kökündə dayanan məsələlər araşdırılmalı və müvafiq addımlar atılmalıdır. Paralel olaraq da məişət problemlərinin həll olunması üçün kənd yerində qadınların fəallığı artırılmalıdır”.

Şəymən



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb