Suriya məsələsində anlaşma var

Üç nəhəng dövlətin liderləri bir-biri ilə görüşə gedirsə, böyük nailiyyətdir

Dünən Rusiyaya rəsmi səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Qapalı qapılar arasında 1 saat 30 dəqiqə davam edən görüş Putinin Soçidəki iqamətgahında baş tutub. Rusiya Prezidenti deyib ki, Moskva və Ankara arasında münasibətlər xüsusi xarakter daşıyır və tam şəkildə bərpa olunur: "Münasibətlərimiz planlaşdırdığımız kimi inkişaf edir. Çox yaxşı ki, bizim işçi rejimində görüşmək və qarşılıqlı münasibətlər və gündəmdə olan beynəlxalq münasibətlər əsasında, o cümlədən Suriya məsələsində danışmaq imkanımız var”.

Prezident Ərdoğan da ifadə edib ki, Rusiya ilə Türkiyənin birgə addımları Yaxın Şərqdəki situasiyaya təsir etmək iqtidarındadır: "Bizim bu gün əlaqələri həm ikitərəfli, həm də regional formatda müzakirə etmək üçün çox yaxşı fürsətimiz var. Çiyinlərimizdə çox ciddi iş, çox böyük məsuliyyət dayanır. Əminəm ki, birgə atdığımız addımlar bütün regionun taleyini dəyişəcək”. Xatırladaq ki, Ərdoğan mayın 16-da ABŞ Prezidenti Donald Trampla görüşəcəyini açıqlayıb. O bildirib ki, əgər məsələyə eyni mövqedən yanaşmaq mümkün olarsa, Yaxın Şərqdə yeni dönəmin təməli atıla bilər. Vurğulayaq ki, ötən gün Tramp və Putin arasında telefon söhbəti zamanı da Suriyadakı mövcud vəziyyət müzakirə edilib. Ağ Evin bildirdiyinə görə, tərəflər müəyyən məsələlərdə razılığa gəliblər. Bir sıra siyasi şərhçilər üç liderin görüşündən sonra Suriya böhranında əsaslı dönüşün yarana biləcəyini iddia etsələr də, əksər politoloqlar bunun əksini düşünürlər. Onların fikrincə, tərəflər arasında mövcud olan ziddiyyətli məqamlar anlaşmanın tezliklə baş tutacağını mümkünsüz edir. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Rasim Ağayev bildirib ki, həddindən artıq ziddiyyətli məqamda üç dövlətin lideri biri-biri ilə görüşə gedirsə, bunun özü böyük nailiyyətdir. Çünki istənilən problemlərə rəğmən tərəflər təmaslardan qaçmırlar:

"Əvvəlki müzakirələrdən görünür ki, Suriya məsələsində tərəflər arasında müəyyən anlaşma olub. Ancaq nəzərə almaq lazımdır ki, Yaxın Şərq çox mürəkkəb bölgədir. Orada Rusiyanın, Amerikanın, Türkiyənin silahlı qüvvələri var. Əgər həmin ölkələr qoşunlarını bir-biri ilə toqquşdurmadan Suriyadan sağ-salamat çıxara bilsələr, ciddi irəliləyiş əldə etmiş olarlar. Yəni Suriya böhranından çıxmaq siyasi cəhətdən böyük məharət tələb edir. Bu məsuliyyət isə birbaşa liderlərin üzərinə düşür. İndiki məqamda liderlərin görüşməsi vəziyyətin tamamilə nəzarətdən çıxmasının qarşısını alır. Ancaq məsələni bütövlükdə həll etmək çox vacibdir. Bunun üçün ilk növbədə Suriyada atəşkəs bərpa olunmalıdır. Lakin atəşkəsi Rusiyasız, ABŞ-sız və Türkiyəsiz reallaşdırmaq mümkün deyil”. 

Ekspertin sözlərinə görə, görüşlərin nəticəsi haqqında danışmaq hələ tezdir. Çünki maraqların bir-birinə nə dərəcədə uyğunlaşacağını demək çətindir: 

"Üç liderin görüşüb söhbət etməsi məsələnin həlli sayılmır. Kimin hansı təkliflə masaya oturduğu önəmlidir. Əvvəllər Suriya rəhbəri Bəşər Əsədin getməsi tələbi ortaya qoyulurdusa, artıq heç bir Avropa ölkəsi bu tələblə çıxış etmir. Rusiya danışıqlar müddətində Əsədin qalmasını istəyir və hesab edir ki, başsız ölkə ilə danışıq aparmaq olmaz. Həmçinin, Kreml bəyan edir ki, Əsədin ölkədən getməsi siyasi zəlzələ deməkdir. Axı o tək deyil, öz klanı, adamları, generalları, sosial bazası var. Fikrimcə, tərəflər arasında Bəşər Əsəd məsələsi xeyli müzakirə olunacaq. Bu baxımdan danışıqlar hələ birinci mərhələdədir”.

İsmayıl