3 məcburi köçkün ailəsinin 24 illik problemi...

Onlar bu illər ərzində qaz və su üzünə həsrət qalıblar
“Qaçqınkom”: “Məcburi köçkünlər Bərdə Rayon İcra Hakimiyyətinə və “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməlidirlər
Bərdədə üç məcburi köçkün ailəsinin 10 nəfər üzvü 24 ildir ki, qaz, su üzünə həsrətdir. Bu barədə Bərdə rayonu, Zöhrabbəyov küçəsində yerləşən "Yeməkxana binası”nda məskunlaşmış məcburi köçkün Orucov Telman İldırım oğlu "Pressklub.az” saytına bildirib.

Məcburi köçkünün dediyinə görə, onlar Bərdə rayonu Zöhrabbəyov küçəsi "Yeməkxana binası”nda 1993-cü ildən məskunlaşıblar: "Məskunlaşdığımız binada sovetlər dönəminin qaz xətti var. Həmin binaya cavabdeh sovetlər vaxtından qalma "AZƏRİTTİFAQ” adlı idarənin Bərdədə rəhbəri olan Rafail adlı şəxsdir. Biz qaz, su istəyəndə bizə deyir ki, gedin hara deyirsiz deyin, mən icazə vermirəm qaz çəkilsin”.

Şikayətçi həmçinin bildirib ki, dəfələrlə Bərdə Rayon İcra Hakimiyyətində olub və rəhbər şəxslərin qəbuluna düşüb: "Amma bizə kömək olunmadı. Bütün əlaqədar qurumlara və cənab Prezidentimizə müraciət etmişik. Yenə də dərdimizi dinləyib, şikayətimizə baxan yoxdur. Bu üç ailə sanki Rəfail müəllim tərəfindən girov götürülüb. Torpağı işğal olunmuş bu üç ailə Bərdə şəhər mərkəzində 24 ildir su, qaz üzünə həsrət qalmışıq”.

Məcburi köçkün deyib ki, Bərdədə onlar üçün iki qəsəbə salınıb: "Bizi "Qaçqınkom” ora köçürmədi. İndi də bu zülmü çəkirik. Anamın ayaqları tutulub, atam ürək xəstəsidir. Süründürməçilik, özbaşınalıq bizi bezdirib. Mətbuata dərdimizi deyirik ki, məsələ işıqlandırılsın. Bəlkə insafa gəlib biz üç məcburi köçkün ailəsinə kömək edən tapıldı”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Elçin Qədimov "Şərq”ə açıqlamasında bildirib ki, məcburi köçkünlər Bərdə Rayon İcra Hakimiyyətinə və "Azəriqaz” İstehsalat Birliyinə müraciət etməlidirlər. 

Əgər sakinlərin məskunlaşdığı ərazi həqiqətən də texniki şərtlərə uyğundursa, onda məsələyə baxılacaq: "Qaz çəkilişi "Azəriqaz” İB tərəfindən həyata keçirilir. Ona görə də həmin məcburi köçkün bu quruma müraciət etməlidir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaz çəkilişini həyata keçirmir ".

Yeganə Bayramova