Əcnəbi: "Azərbaycanda niyə bu qədər çox cinsi azlıqlara rast gəlinir?” - Kişilər, öpüşməyin!

"Azərbaycana son vaxtlar dünyanın müxtəlif yerlərindən adətlər, yaşam tərzləri gəlir”.
Bu barədə Sherg.az-a son zamanlar gənc oğlan və qızların(oğlanlar oğlanlarla, qızlar isə qızlarla) dəqiqəbaşı bir-birilə öpüşməsinə münasibət bildirərkən kulturoloq Aydınxan Əbilov deyib.
O bildirib ki, insanlar özünün ən qədimdən bu yana dəqiqləşdirib, mənimsədiyi dəyərlərə arxa çevirib, "gəlmələri” götürür, öz həyatında tətbiq edir:
"Bunlardan biri də insanların ən intim duyğularını özündə əks etdirən, intim istəklərinin obrazlı ifadəsi olan, daha çox cinsi əlaqə zamanı istifadə olunan öpüşün yeri gəldi-gəlmədi tətbiq olunmasıdır. Bu, heç də yaxşı qəbul olunmur. Bəzi xalqlarda görüşlər zamanı əl sıxmaq, bir-birlərinin yanaqlarına toxunmaq, hətta müxtəlif xalqlarda bir-birinin burnuna toxunmaq kim adətlər var. Bizim cəmiyyətdə isə xüsusilə, Sovet dövründən başlayaraq, qadınlı, kişili hər kəsdə görüşərkən bir-birini öpmək dəb halını aldı. Hətta biz kənddə yaşayanda 70-ci illərdə ata-anamız bizi öpmürdü ki, böyüklərdən ayıbdır. Bu mənada indi gənclərin, uşaqların, yaşlıların, kişi və qadınların görüş zamanı bir-birini öpməsi milli dəyərlərimizə də yaddır. Üstəlik, tibbi cəhətdən dəqiqləşdirilib ki, öpüş zamanı tüpürcəklə birlikdə çox xəstəliklər insandan-insana keçə bilir.
Son vaxtlar xüsusilə, gənclərdə serialların, yad ünsürlərin təsiri ilə bir-biri ilə öpüşmək dəb halını alıb. İslami dəyərlərə görə, isə insanların bir-biri ilə öpüşməsi qəti qadağandır. Bu yalnız intim münasibətlər zamanı münasib görülür və aşkarda olmamalıdır. Dünyada beyin mərkəzlərinin də yaydığı məlumatlara görə, öpüş zamanı, əsasən, intim münasibətlər zamanı istifadə olunduqda insanların əzələlərinin çoxu işlək vəziyyətdə olduğundan insana xeyirdir. Amma hər adi görüşdə, hətta 10 dəfə də görüşülsə belə, bir-birni öpmək düzgün deyil. Bu kənardan etik görünmür. Bəzən bu yaltaqlığa gətirib çıxarır.
Kişilərin, oğlanların bir-biri ilə görüşərkən öpüşməsinin kəskin artdığını deyən A.Əbilovun sözlərinə görə, kişilərin öpüşməsi xarici ölkələrdə daha çox mavilərin istifadə etdiyi formadır:
"Xaricdə normal insanların, xüsusilə, kişilərin görüşərkən öpüşməsi çox təəccüb doğurur. Bir neçə il bundan əvvəl mənim xaricdən qonaqlarım gəlmişdi və onlar burda oğlanların öpüşməsini görüb, təəccübləndilər. Bunun səbəbini soruşduqda isə "bəs deyirsiniz, Şərq ölkələrində adət-ənənələr, dəyərlər var, elədirsə, niyə bu qədər çox cinsi azlıqlara rast gəlinir?” deyə mənə sual verdilər. Onlar ölkəmizdə kişilərin öpüşməsini gördükdə bu qənaətə gəlmişdilər. Bu səbəbdən belə hallardan qaçmaq lazımdır.
Digər tərəfdən baxdıqda isə cəmiyyətimiz yeni dəyərlər üçün açıqdır. Kimsə öz münasibətlərini öpüş vasitəsilə göstərmək istəyirsə, bunu da qadağan etmək olmaz. Hətta Avropa oyunlarına qədər, beynəlxalq idman yarışlarına qədər ictimai yerlərdə bu şəkildə cavanları gördükdə polislər onları saxlayır, danlayır, hətta rüşvət alırdılar. Yuxarı dairələrin buna etirazından sonra həmin hallar yığışdırıldı.
Qeyd etdiyim kimi, öpüş intim hadisədir. Bunun isə daha çox əks cinslərin bundan, aşkar olmayan şəkildə istifadə etməsi qəbul olunur. Amma yeri gəldi-gəlmədi, küçədə, meydanda, hətta məktəbli oğlanların, qızların bir-biri ilə görüşərkən öpüşməsi normal qəbul olunmur. Hər halda çox millətlər meşədə gəzdikdə bizdə sivilizasiya mövcud idi. Dində isə hər zaman konkret bu məsələlərdə sərt münasibət bəslənilir və hər bir xalqın millətin mili-mənəvi dəyərləri dindən bəhrələnir. Əlavə etməliyəm ki, bu həm də etik və tibbi normadır. Öpüşdən çoxlu xəstəliklər yayılır. Ona görə də belə hərəkətlərə yol verməməyə əsasən gənclər diqqət etməlidir”.
Ayyət Əhməd