Hoqlanda sərt "şillə": "Danışıqların vaxtı nəinki çatıb, hətta bu vaxt artıq bitib”




Amerikalı həmsədr Riçard Hoqlandın dediyinin əksinə, əsl danışıqların vaxtı nəinki çatıb, hətta bu vaxt artıq bitib”.

Bunu Sherg.az-a ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın "Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının vaxtıdır" açıqlamasını şərh edərkən politoloq Fikrət Sadıqov deyib. 

O bildirib ki, sadəcə olaraq danışıqların dövrü bitib:

"25 il ərzində danışıqlar müsbət nəticə versəydi, heç olmasa bir real təklif irəli sürülsəydi, biz başa düşərdik ki, burada aparıcı dövlətlərin maraqları var. Və həqiqətən münaqişəni həll etmək istəyirlər. Hazırda isə əks mənzərənin şahidiyik. Beynəlxalq qurumlar danışıqlar prosesini oyuncağa çeviriblər. Dəfələrlə bunu deyirik ki, heç vaxt öz torpaqlarımızı azad etməkdən imtina etməyəcəyik. Belə bəyanatların verilməsi bizi heç də qane etmir, maraqlarımıza cavab vermir. Amerikanın yeni administrasiya nümayəndəsi yeni fikirlər irəli sürür, bəyanatlar verir. Amma bunların reallığına inanmıram. ABŞ yaxşı başa düşür ki, Azərbaycanın torpaqları işğal altındadır, Ermənistanın yox. Bunu təsdiq edən müvafiq qətnamələr, beynəlxalq hüquq normaları var. Bunlar yerinə yetirilməlidir. Yeni "Amerika kəşf etmək” lazım deyil. Sadəcə beynəlxalq normalara əməl edilməlidir. Biz heç kəsdən başqa bir şey gözləmirik və tələb etmirik”.

Aysel Aslan