"700 bal təhsilimizin inkişafının göstəricisi deyil” - Asan suallar




"Azərbaycan təhsilinin inkişafında elə bir qeyd olunacaq nöqtə yoxdur”.

Bunu Sherg.az-a bu il qəbul imtahanlarında 700 bal yığanların sayının çox olmasına münasibət bildirərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O bildirib ki, təhsil köhnə olaraq qalır və onun inkişafı çox zəifdir:

"Amma qiymətlər, yığılan ballar sualların asanlığından və çətinliyindən asılıdır. Hazırda keçirilən imtahanlar ümumi götürdükdə ilk dəfə keçirilən imtahanlardan nisbətən çətindir. Çünki birmənalı olaraq, asan testlər yoxdur. İndiyə qədər tətbiq olunan testlər nəinki çətin idi, hətta yenə də mübahisəli testlər var idi. Amma ötən illərlə müqayisədə testlər ümumi səviyyəyə görə asanlaşdırıldı və bunu düzgün hesab edirəm. Əgər normal imtahan keçirilsə, Azərbaycanda qəbulda 700 bal toplayanların sayı ən az 300-400 nəfər olmalı idi. Bundan əvvəl o qədər çətin, mübahisəli testlər verirdilər ki, onların hesabına uşaqlar bal toplaya bilmirdilər. Uzun müddətdir, bunu tənqid edirik. Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi özü də belə tənqidlərə açıqdır. Bundan istifadə edib, testləri nisbətən sadələşdirir. Nəticədə 700 bal toplayanların sayı artıb. Bunu alqışlayıram. Amma bu Azərbaycan təhsilinin inkişafının göstəricisi deyil”.

Qeyd edək ki, mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qruplar üzrə keçirilən qəbul imtahanında 7 nəfər maksimum 700 bal toplayıb.

Ayyət Əhməd