"ABŞ- Rusiya münasibətləri bu görüşdən sonra müəyyənləşəcək"




"ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya ilə bağlı öz baxışları var idi, amma o, tək deyil, komanda ilə hakimiyyətə gəlib”.

Bunu Sherg.az-a ABŞ prezidenti Donald Tramp və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında baş tutan görüşün nəticələrini şərh edərkən politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, bu komandanın bir çox üzvlərini başqa dairələr dəstəkləyirdi, indi də dəstəkləyir:

"Onların baxışları ilə D.Trampın baxışları çox məsələlərdə üst-üstə düşmür. Bu son illər ərzində kifayət qədər nümunələr göstərmək olar ki, Trampın siyasəti ilə bu dairələrin istədiyi üst-üstə düşmür və bu onların qıcığına səbəb olur. Məsələn, D.Tramp Ağ evə dövlət departamentinin xəbəri olmadan Filippinin prezidentini dəvət edib. Bu,isə arada müəmmalı vəziyyət yaradıb”.

D. Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istədiyini deyən İ.Vəlizadə bildirib ki, başqa dairələr  məsələn, ABŞ Müdafiə Nazirliyi, onun ətrafındakı dairələrin baxışları bir qədər fərqlidir:

"Hazırda Putin və Tramp arasında görüşün keçirilməsi ətrafında söhbətlər gedir. Görüş və onun gündəliyi hazırlanır. Çox şey bu görüşdən sonra müəyyən olunacaq. Hansısa məsələ ilə bağlı razılıq əldə olunub, qaydalar tərtib olunsa, onda gözləmək olar ki, Amerika-Rusiya münasibətləri yaxınlaşma olmasa da, konstruktiv məcraya yönələcək. Yox, əgər danışıq baş tutmasa və ya nəticəsiz qalsa, münasibətlər olduğu kimi qala, yaxud daha da gərginləşə bilər”.

Qeyd edək ki, ABŞ-a səfəri çərçivəsində daha sonra S.Lavrov Alyaskada amerikalı həmkarı Reks Tillersonla da görəşəcək.

 Ayyət Əhməd