"“Slm”, “tşk”, “dmz” kimi qısaltmalar dili zənginləşdirir"




""Slm”, "tşk”, "dmz” kimi qısaldılmış ifadələri şəxsi yazışmalarda istifadə etməyin dilimizə heç bir ziyanı yoxdur”.

Bunu Sherg.az-a xüsusilə gənclərin fərdi yazışmalarda ən çox istifadə edilən "salam”, "təşəkkür”, "dəyməz” və s. kimi ifadələri göstərilən şəkildə qısaltmasının ədəbi dilə təsirlərindən danışarkən millət vəkili, filologiya elmləri doktoru, akademik Nizami Cəfərov deyib. 

O bildirib ki, belə hallar mesajlaşma, məktublaşma kimi ünsiyyətlərdə istifadə olunur:

"Belə yazışma daha çox bir-birini anlayan iki nəfərin arasında olan baş verir. Belə şəkildə ifadələri işlətmək həm də texniki cəhətdən rahatdır. Buna görə də dilimizə ziyan edə bilməz.

Amma bunlar o zaman bədii əsərlərin, kitabların, mətbuatın dilinə keçib, kütləviləşmiş olur. Bu zaman ziyanı ola bilər. Avropada artıq bu hallar kütləviləşib. Bütün Avropa dillərində oxuyan kəslər bilir ki, qısaldılmış ifadələr nə məna verir. Eləcə də başqa o tipli modellər, formalar mövcuddur. Bizim dilimizdə də belə şəraitlər var və yəqin ki, inkişaf edəcək. Bundan sonra ola bilər, ifadələrin qısaldılması 2-3 şəxsin içərisindən çıxıb, daha kütləviləşib, mətbuatda əks oluna bilər. Əsas odur ki. bu qəbul olunsun, populyarlaşsın. 

Haradasa kütləviləşibsə, bunu nöqsan kimi qeyd etməyə ehtiyac yoxdur. Amma bir məsələ var ki, məsələn, şagird orta məktəbdə inşa, imla yazır, bu zaman sözügedən qısaltmalardan istifadə etmək olmaz. Kütləviləşməyibsə, ifadələrin qısaldılmasını mətbuatda istifadə etmək də olmaz. Amma kütləviləşibsə belə, rəsmi yazışmalarda istifadə edilə bilməz. Bunlar üslubla bağlı olan məsələdir. İndi belə şeylər dili zənginləşdirir. Ciddi şəkildə buna qarşı çıxmaq, gənclər niyə ifadələri qısaldır deyə tənqid etmək özünü doğrultmur”.

Ayyət Əhməd