"İnanmıram ki, Rusiya Azərbaycana qarşı belə naxələflik etsin"




"Azərbaycanın heç bir başqa dövlətə ərazi iddiası yoxdur, heç bir dövlətə hücuma hazırlaşmır”.

Bunu Sherg.az-a Rusiyanın Ermənistandakı hərbi bazasını genişləndirməsi haqqında açıqlamalara münasibət bildirərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. 

O bildirib ki, Azərbaycan ancaq öz ordusunu gücləndirir:

"Başqa dövlətlərin də hüququ yoxdur, Azərbaycana hansısa təzyiq göstərsin, hərbi birləşmələrini bizə qarşı yönəltsin. Sadəcə olaraq, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Dövlətimizin ərazisində Ermənistan qeyri-qanuni silahlı birləşmələr saxlayır. Başqa ölkələrin imkanlarından gizli istifadə edir. Rusiya ilə Ermənistan yaxın müttəfiqdir. Ermənistanın ən yaxın müttəfiqi Rusiya da başa düşür ki, Azərbaycan güclü iqtisadi, hərbi, siyasi əlaqələrə malikdir. Çox məsələlərdə strateji maraqlar üst -üstə düşür. İki ölkə arasında dostluq qardaşlıq münasibətləri var. İnanmıram ki, Rusiya Azərbaycana qarşı belə naxələflik, ədalətsizlik etsin, başqa ölkənin bizə hücumuna dəstək versin”.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin "Hərbi baza Ermənistanın təhlükəsizliyini təmin etmək, həmçinin digər məsələlərin həlli üçün burada mövcuddur. Yəqin ki, hər hansı qarşılıqlı razılaşma əsasında hərbi baza genişləndirilə bilər” – deyə bildirib.

Aysel Aslan