Şeyxin idarəsi qınaq obyektinə çevrilir

Kərəm Məmmədov: “İndiki ifrat və təktərəfli formada ölkə dindarlarını idarə etmək mümkün deyil”
Fazil Mustafa: “Artıq bu idarə siyasi qurum kimi fəaliyyət göstərir”

Son günlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dini zəmində baş verən gərginliklə bağlı digər məzhəblər əleyhinə verdiyi sərt bəyanatlar ictimaiyyət nümayəndələri tərəfindən tənqidlə qarşılanıb. İdarənin tarixi keçmişinə və onun indiki təsir gücünə, nüfuzuna diqqət çəkən ekspertlər, qurumun adındakı "Qafqaz” sözünün çıxarılmasını tələb edirlər.

Onların sözlərinə görə, idarənin səlahiyyətləri sadəcə Azərbaycan daxilində keçərlidir. Hətta ölkəmizdə belə QMİ-nin fətvalarına əməl etməyən xeyli sayda dindarlar var. Əsasən də, sünni məzhəbli müsəlmanlar sözügedən idarənin və onun rəhbərliyinin qərarlarını tanımırlar. Bunu əsas gətirən bəzi siyasi analitiklər isə ümumiyyətlə QMİ-nin ləğvini, ən yaxşı halda isə adının dəyişdirilməsini və ya səlahiyyətlərinə yenidən baxılmasını təklif edirlər. Amma məsələyə fərqli yanaşanlar da var.

Bakı Dövlət Universitetinin dosenti, tanınmış tarixçi-alim Kərəm Məmmədov deyir ki, Qafqazda ilk müsəlman idarə 1829-cu ildə, yəni Şimali Azərbaycanın Rusiya tərəfindən işğal olunmasından sonra Tiflis şəhərində yaradılıb. Hətta çar Rusiyası "qeydimizə” o qədər qalıb ki, bizim üçün iki ayrı şöbə də yaradıb: "Bunların biri müftülük, digəri isə Şeyxülislamlıq idi. Çarın qərarına əsasən Şeyxülislam şiə məzhəbli dindarların məsələsi ilə, Qayıbov soyadlı şəxs isə sünnilərin işi ilə məşğul olurdu”. K.Məmmədov qeyd edir ki, islam Allahla insan arasında vasitəçiliyi qəbul etməyən yeganə dindir: "Din xadimləri dindarlar üzərində heç bir hakimiyyətə malik deyillər. İslami görüşə görə, hakimiyyət yalnız Allaha məxsusdur. Bu baxımdan qurumun indiki modeli başadüşülən deyil.

Sovet dövründə, yəni 1944-cü ildə QMİ yenidən bərpa olunur. Bu da İkinci Dünya müharibəsi illərində millətin inancından istifadə edərək onları faşistlər üzərinə yönləndirmək, yəni müharibəyə sövq etmək məqsədi daşıyırdı”.

Tarixçi-alimin sözlərinə görə, QMİ siyasi idarəçiliklə, vasitəçiliklə yox, daha çox dini maarifləndirmə ilə məşğul olmalıdır: "Bəzən eşidirik ki, filan məsciddə kimisə axund təyin ediblər. Bu çox gülünc səslənir. Axundlar, mollalar təyinat yolu ilə deyil, həmin yerli icmanın qatıldığı seçki üsulu ilə müəyyən edilməlidir. Onu da qeyd edim ki, qurumun fəaliyyəti və əsas mahiyyəti dəyişmədikdən sonra onun adının dəyişdirilməsinin də bir mənası olmayacaq. Ancaq dini qurumun birdəfəlik ləğvi də düzgün olmazdı. Çünki dini ədəbiyyatların müəyyən olunması, çapı və yayılması üçün idarənin mövcudluğu zəruridir. Təbii ki, indiki ifrat və təktərəfli formada ölkə dindarlarını idarə etmək mümkün deyil. QMİ-nin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi fəaliyyət göstərməsi daha məqsədəuyğun olar”.

Millət vəkili Fazil Mustafa da bildirib ki, bu məsələ dəfələrlə gündəmə gətirilib və QMİ-nin statusun dəqiqləşdirilməsi istiqamətində təkliflər səsləndirilib. Ancaq nəticədə hər dəfə bu qurumun səlahiyyətlərinin qanunvericilikdə artırılması baş verib: "Ümumiyyətlə, hüquqi baxımdan bu qurum qeyri-hökumət təşkilatıdır. Ancaq digər dini fəaliyyətlə məşğul olan QHT-lərə nəzarət funksiyasını da həyata keçirir. Artıq bu idarə siyasi qurum kimi fəaliyyət göstərir. İdarənin fəaliyyətində müsbət məqamlar olsa da, onun fəaliyyətinin hüquqi çərçivəsi mütləq bilinməlidir. İdarənin birdəfəlik ləğvi isə problemin həlli sayıla bilməz. Əksinə, dövlətin din siyasətinin konturları dəqiq cızılmalıdır ki, bu səhədə müsbət irəliləyiş mümkün olsun”.

İsmayıl