Keyfli pəncərə...

Sosial şəbəkələr qadınları real həyatdan ayırır

Son dövrlər sosial şəbəkələr insanların "xəstə”liyinə çevrilir. "Twitter”, "Facebook”, "My Space” və "Odnoklasniki” kimi sosial şəbəkələrdən əhalinin çox hissəsi istifadə edir. Hazırda ölkəmizdə 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. Xüsusilə qadın istifadəçilərin sayı durmadan artır. Cəmiyyətdə qadınların sosial şəbəkələrdən istifadəsi ilə bağlı birmənalı fikirlər söylənilmir. Bir qism insanlar bunu normal, bir qism isə mentalitetə zidd hesab edirlər. Həmçinin digər bir qrup şəxslər müəyyən çərçivələr daxilində istifadənin tərəfdarıdırlar.

Mövzu ilə bağlı millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva isə fərqli düşünür. Onun sözlərinə görə, hər kəs maraq dairəsinə uyğun olaraq sosial şəbəkələrdən istifadə edir: "Kimsə siyasətlə, ədəbiyyatla, kimisi əyləncə və şou-bizneslə bağlı məlumatlar axtarır. Belə məsələlərə qiymət vermək çətindir”.

J.Əliyevanın zənnincə, ailəli qadının evin qayğılarına qalmaq əvəzinə, sosial şəbəkədə hər hansı fəaliyyətlə məşğuldursa, bununla həyatdan zövq alırsa, bu, xoşagəlməz haldır: "Qadın birinci növbədə ailəsinin hər bir fərdlərinin normal yaşayışını təmin etməlidir. Ancaq qadını da ailə-məişət fəaliyyəti ilə məhdudlaşdıra bilmərik. Qadının da maraq dünyası var”.

Millət vəkili qeyd edib ki, xanım hər bir işini həll etdikdən sonra sosial şəbəkələrdən istifadə edə bilər: "Sosial şəbəkələr medianın bir növünə çevrilib, günümüzün reallığıdır. Amma bunu həyat tərzinə çevirən xanımları anlaya bilmirəm. Bir də görürsən ictimai nəqliyyatda, istirahət mərkəzlərində ailəsi ilə birlikdə əyləşən ər əlində planşet, digər tərəfdə də arvad əlində telefon ilə nə isə yazırlar. Uşaqlar isə nəzarətsiz qalır. Necə deyərlər, dünya veclərinə olmur. Dəfələrlə belə halların şahidi olmuşam.

Belə olan halda artıq aludəçilik yaranır. Çünki ailədə qarşılıqlı real ünsiyyət zəifləyir, virtual aləmə çox diqqət yetirilir. Hər şey qədərində olsa yaxşıdır. Ancaq məhdudiyyət qoymaq da düzgün deyil”.

Psixologiya və Konsultasiya Mərkəzinin direktoru Elnur Rüstəmov sosial şəbəkələrdən istifadə zamanı qadınların daha çox psixoloji əziyyət çəkdiyini bildirib: "Özləri bilmədən sosial şəbəkələr qadınlara psixoloji təsir edir. Həyat gözləntilərini artırır. Əsasən evdar xanımlar uşaqların qayğısına qaldıqdan sonra boş zamanlarında sosial şəbəkələrdən əyləncə və vaxt keçirmək üçün istifadə edirlər”.

Cəmiyyətdə sosial aktivliyi az olan xanımlar daha çox "Facebook”a meyl edirlər: "Digər bir qrup xanımlar isə "Facebook”dan məqsədyönlü istifadə edirlər. Məsələn, çalışdığı sahə və gördüyü işlər haqqında şəbəkədə olanlara məlumat verirlər”.

Psixoloqun fikrincə, sosial şəbəkələrdən əyləncə məqsədilə istifadə edildikdə, müəyyən problemlər yaranır: "Tutaq ki, gənc subay xanımın evlənmək istəklərini artırır. Evli xanımın ailədən daha çox istəkləri olur. Uşaqla bağlı arzuları, istəkləri çoxalır. Real həyatda bunu görə

bilmirlər. Nəticədə xanımlarda zaman keçdikcə xəyal qırıqlığı yaşanır. Ailədə narahatçılığa səbəb olur”.

İnsanın konkret məqsədli fikirlərinə təsir etdiyini söyləyən E.Rüstəmov əvvəllər xanımın bir sevdiyi şəxs olduğunu deyir: "Bu gün isə subay xanımlar sosial şəbəkə vasitəsilə arzuladıqları münasibət formaları çoxalır. Nəticə etibarı ilə xanım bu çoxluğun içərisində diqqətini öz ailəsinə, sevdiyi şəxsə yönəldə bilmir.

Sonunda fikir ayrılığı yaranır, problemlər yaşanır və s. bu kimi neqativ hallara gətirib çıxarır. Buna görə də sosial şəbəkələrdən istifadə zamanı insanlar, xüsusilə də xanımlar özlərinə müəyyən limit qoymalıdırlar”.

Həmsöhbətimizin qənaətinsə, ilk öncə xanım şəbəkədən nə üçün istifadə etdiyini bilməlidir: "Sosial şəbəkələrdə bütün istiqamətlərdə informasiyalar var. Misal üçün, xanım ona lazım olacaq informasiyalar əldə edə bilər. Uşaq tərbiyə edirsə, uşaqlarla bağlı və yaxud ailədə konfliktlərin həlli ilə əlaqədar tövsiyə xarakterli məlumatlar əldə edə bilər. Düşünürəm ki, istifadə zamanı konkretlik olarsa, bunun çox böyük ziyanı olmayacaq. Sosial şəbəkələr Azərbaycan ailəsinə yeni model gətirdi. Yalnız ər-arvad münasibətinə görə yox, eyni zamanda uşağa münasibətdə müsbət yöndə dəyişikliklər oldu. Söylənilən istiqamətdə sosial şəbəkələr çox böyük inqilab etdi. Buna baxmayaraq yeni problemlər də yaratdı. Bu gün elə ailələr var ki, sırf sosial şəbəkələr ucbatından dağılır”.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova isə qadınların sosial şəbəkələrdən istifadəsini normal sayır.

G.Səfərova informasiya-kommunikasiya texnologiyalarının insan həyatına yeni rəng gətirdiyini söyləyib: "Kişi və qadınlığından asılı olmayaraq bu gün sosial şəbəkələr məişət həyatımızdan tutmuş iş həyatımıza qədər öz təsirini göstərməkdədir. Hər bir halda sosial şəbəkələrdən istifadə yeni informasiya mənbəyidir, ünsiyyət vasitəsidir. Dünyaya açılan yeni pəncərədir”.

Qadınların sosial şəbəkələrdən istifadəsinə mənfi hal kimi baxmıram: "Azərbaycanda iş bölgüsü baxımından daha çox məişət qayğıları ilə xanımlar məşğul olur. Yəni işlə bağlı kişilər hər gün səhər evdən çıxaraq axşam qayıdırlar”.

G.Səfərovaya görə, sosial şəbəkələrdən düzgün istifadə əsas şərtdi: "Şəbəkələrdən istifadə qadınları məişət qayğılarından uzaqlaşdırır kimi fikirləri ilə razılaşmıram. Gender baxımından yanlış yanaşmadır. Söylənilən məsələlər stereotiplərə və genderə əsaslanıb. Yeniliklər özü ilə müsbət və mənfi dəyişikliklər gətirir. Əgər sosial şəbəkədən subay gənc xanım istifadə edirsə, orada başqa problemlər ortalığa çıxa bilər. Misal üçün, aldadılaraq hər hansı mənfi bir yola da təhrik edilə bilər. Qadınların sosial şəbəkələrdən istifadəsi Azərbaycan stereotiplərini sındırdı”.

Buna görə də xanımların evdə məişət qayğılarından sonra sosial şəbəkələrdə hər hansı bir informasiya əldə etmək, şəbəkəni genişləndirmək imkanlarından istifadəsini müsbət dəyərləndirirəm. Sosial şəbəkə həm də informasiya məkanıdır. Bütün dünya sanki bir ovucdadır. Xanımları digər məşğuliyyət növləri də məişət qayğılarından uzaqlaşdıra bilər. "Facebook” və ya "Twitter” buna bəhanə ola bilməz”.

Vüqar Şahinoğlu