Ermənistana sığınan azərbaycanlını xoş günlər gözləmir

Fazil Mustafa: “Düşmən ölkədə özünə güvən yaratmaq imkanları yoxdur. Əksinə, Ermənistan cəmiyyətində ona Azərbaycan casusu kimi baxılacaq”
Aqil Abbas: “Bu sadəcə bir oyundur. Satın alınmış adamdır”


Xəbər verdiyimiz kimi Cavid Orucov, həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə guya onun erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Düşmən ölkə mediasının yaydığı məlumata görə, azərbaycanlı ailə hazırda İrəvandadır. C.Orucovun ailəsinin gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi məşğul olur.

Orucovlar ailəsinin addımını dəyərləndirən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında bunun xoşqarşılanan hadisə olmadığını deyib: "Ölkəmizdə erməni əsillilər sıxışdırılmır. Sosial sıxıntı içərisində yaşamağa gəldikdə, durum azərbaycanlılar üçün də eynidir. Hamı eyni şərtlər altında yaşayır. Problem varsa, bunun çətinliklərini hamı hiss edir. Hər bir insan ən ağır şərtlər altında yaşasa belə vətənini satmalı deyil. Bu, yolverilməzdir. C.Orucovun əsaslandırması Ermənistanda sığınacaq almaq üçün gətirilən bəhanədən başqa bir şey deyil”.

Deputat məsələnin qabardılmasının əleyhinə olduğunu bildirib: "Çünki harada, necə və hansı şərtlər daxilində yaşamaq insanların öz seçimidir. Amma sözügedən məsələnin reklamına getmək olmaz. Anti-təbliğatın özü də bir təbliğatdır. Hesab edirəm ki, bu işə "bir dana bir naxırı korlayır” məsəli kimi baxılmalıdır. Hər dəfə vurğulamağa ehtiyac yoxdur. Görünür, qadınının təsiri ilə belə addım atıb. Qalanlar bəhanədir”.

F.Mustafanın sözlərinə görə, bu halın kütləvi xarakter alması gözlənilən deyil: "Onları Ermənistanda da xoş həyat gözləmir. Təsəvvür edin ki, bir azərbaycanlı satqın vəziyyətdə də olsa, cəmiyyətin içində olmalıdır. Neyləyəcək? Hansı küçəyə çıxacaq? Hansı dostla öz çevrəsini formalaşdıracaq? Ona görə də məsələnin kütləvi hal almasını mümkünsüz sayıram. İnsanlar hansısa ölkəyə bir an üçün getmirlər. Avropada yaşayış tapmaq olar. Amma düşmən ölkədə özünə güvən yaratmaq imkanları yoxdur. Əksinə, Ermənistan cəmiyyətində ona Azərbaycan casusu kimi baxılacaq. Güvən olmayan yerdə yaşamaq olmur”.

Partiya sədrinin qənaətincə, bu çox təsadüf hallarda baş verən hadisədir: "20 il ərzində 3-4 dəfə belə hal olub. Çoxu da əsir düşənlərdir. Ölkəmizin əleyhinə hansısa addım atmağa məcbur olublar. Ona görə də geri dönməyiblər. Bu formada hadisə ilə rastlaşmamışdıq”.

Milli Məclisin deputatı Aqil Abbas da bunun təəssüf doğurduğunu söyləyib: "Tanıdığımız adamlar var ki, həyat yoldaşları erməni əsillidir. Toylarda onlarla oynayırıq. Kimsə kiməsə deyə bilməz ki, sənin həyat yoldaşın niyə ermənidir və ya niyə rusdur? Digər tərəfdən belə bir hadisə olmayıb ki, kiminsə yoldaşı erməni olduğuna görə ona basqı olunsun və ya işdən çıxarılsın. Deyərdim ki, arvadı erməni olan kişilər daha yaxşı vəzifələrdə çalışırlar. Bu sadəcə bir oyundur. Satın alınmış adamdır. Bütün bu hadisələr təsadüfi deyil. Ermənistanın növbəti hiyləsidir. Belə oyunları biz də qura bilərik. Amma belə ucuz işlərlə məşğul olmuruq”.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, milli qanunvericilik üzrə ekspert İradə Cavadova isə bunun xalqımıza təhqir olduğunu vurğulayıb: "Çox pis hadisədir. Azərbaycanda 30 mindən artıq erməni yaşayır. Bir çoxları heç ad və soyadlarını da dəyişdirməyiblər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan ermənilər də mövcuddur. Bu bir bəhanədir. Azərbaycanda ermənilər təzyiqə məruz qalmır. Bu yalandır. Bəzi məmurlarımızın həyat yoldaşları ermənidir. Orucovlar ailəsinin addımını ölkəmizə təxribat kimi dəyərləndirirəm”.

Ayyət Əhməd