Elçin Behbudov: “Suriyaya getmək elə asan məsələ deyil”

“Bu işi böyük bir qüvvə təşkil edir”


Gənclərin radikal dindarlar tərəfindən müxtəlif vasitələrlə aldadılaraq cihad adı altında Suriyadakı döyüşlərə göndərilməsi ölkənin ictimai və siyasi həyatında həyəcan yaradıb. Təhlükəli məqam odur ki, döyüş bölgəsinə gedən həmvətənlərimiz oradakı terror dəstələrinin tərkibinə qatılırlar.

Bu da onların terrorçu ruhda formalaşmasına gətirib çıxarır. Gənclərimizin döyüş bölgəsində öyrəndiyi vəhşiliklər vətənə qayıtdıqdan sonra fəsadlar törədə bilər. Məsələ ilə bağlı hökumət rəsmiləri önləyici bəyanatlar səsləndirsələr də, axının qarşısı alınmır. Suriyaya gedənlərin sayı gündən-günə çoxalır. Hər gün bir neçə gəncin ölüm xəbərini eşidirik. Məsələ Azərbaycan parlamentində də başlıca müzakirə mövzusu olub. Milli Məclisin ötən günlərdə baş tutan sessiyasında proseslərin daha təhlükəli məcraya yönəlməsini vurğulayan millət vəkili Zahid Oruc baş prokurorluğun araşdırmalar aparması və cinayət işinə başlaması təklifini irəli sürüb. Azərbaycan gənclərinin qanunsuz yollarla Suriya ərazisinə keçməsi, silahlı birləşmələrin tərkibində vuruşması, 100-dən çox gəncin həlak olması ölkənin hər yerində olduğu kimi cənub bölgəsində də etirazlara səbəb olub. Bölgədən olan gənclərin aldadılaraq Suriyaya göndərilməsinə etiraz əlaməti olaraq Masallı rayonunda Həsənli kənd məscidinin qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Suriyaya döyüşməyə gedən vətəndaşların ölkədən

getməsinin qarşısını almaq üçün əməli tədbirlərin görülməsini vacib hesab etdiklərini bildiriblər. Aksiya iştirakçıları bütün aidiyyəti qurumlara, o cümlədən KİV-ə müraciət ünvanlayıb.

Azərbaycanlı gənclərin Suriyaya axını ilə bağlı "Şərq”in suallarını İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov cavablandırıb.

- Gənclərimizin Suriyaya getməsini pisləyirəm. Qarabağ, Ermənistanın işğalı altındadır. Namuslu və şücaətli gənclərdirsə, düşmən tapdağı altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşsünlər. Maddi gəlir əldə etmək məqsədilə gedib hansısa ölkədə vuruşmaq qəhrəmanlıq deyil.

- Bu oyunların arxasında hansı qüvvələr dayanır?

- Belə cəfəng işləri qaynadanlar vəhhabilərdir. Başqa səbəbkar axtarmağa ehtiyac yoxdur. Ölkədə işsizlik problemi var. Vəhhabi təriqəti adı altında gənclərə böyük məbləğdə pul təklif edərək aldadırlar. Gəncləri qırğına verirlər. Bu dözülməz işlər yoluna qoyulmalıdır. Suriyada hökumət qüvvələrinə qarşı vuruşmaq yolverilməzdir.

- Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ölkədəki vəhhabiləri nəzarətə götürməklə bu işləri tənzimləyə bilərmi?

- Azərbaycan MTN-i çox yaxşı fəaliyyət göstərir. Bütün proseslərin qarşısını ala bilərlər. Keçmiş xüsusi xidmət orqanlarının zabiti kimi deyə bilərəm ki, MTN Azərbaycanın daxili və xarici təhlükəsizliyini tam təmin edir. Kəşfiyyat və əks-kəşfiyyat işləri ilə məşğuldurlar. Bu işlər ölkə MTN-in nəzarətindədir. Təhlükəsizlik orqanından qaçmaq mümkün deyil.

- İctimai təşkilatlar hansı addımlar atmalıdır?

- Əməliyyatın hansı təşkilat tərəfindən reallaşdırıldığını aydınlaşdırmalıdırlar. Çünki Suriyaya getmək asan məsələ deyil. Bu işi böyük bir qüvvə təşkil edir. Suriya başqa dövlətdir. Azərbaycandan çıxmaq var. Gənclərimizi döyüşə çağıran şəxslər müəyyənləşməlidirlər. Hamısı qanun qarşısında cavab verməlidirlər.

- Son günlər Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti də tənqid hədəfinə çevrilib. Müəyyən iddialar var ki, qurum ölkədə dini zəmində baş verən çəkişmələrə nəzarət edə bilmir. Dini İcmalar arasındakı münasibətləri tənzimləyə bilmir. Artıq dini deyil, siyasi təşkilata çevrilib...

- Ölkədə dini məzhəblər arasında ziddiyyətlərin geniş vüsət almasına imkan vermək olmaz. Bunun qarşısı alınmalıdır.

- Azərbaycan cəmiyyəti hansı işlər görməlidir?

- Valideynlər övladlarını elə tərbiyə etməlidirlər ki, gələcəkdə heç kimin və heç bir qruplaşmanın təsiri altına düşüb, terrorçu olmasın. Digər tərəfdən orta təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar insanları maarifləndirməlidirlər. Uşaqlar savadlı böyüməlidirlər ki, başqalarının bəsit və arzuolunmaz təbliğatına uymasın. Vətəndaş cəmiyyətləri də müəyyən işlər görməlidir. KİV və Vətəndaş Cəmiyyəti institutları da təbliğat aparmalıdırlar ki, insanlar yanlış istiqamətə getməsinlər. Əlbəttə, valideynlərin tərbiyəsi çox rol oynayır. Bu günlərdə valideynlərdən biri deyir ki, övladımın Suriyaya getməsindən xəbərim yoxdur. Adama sual verərlər ki, sən necə valideynsən ki, övladından xəbərin yoxdur. Necə oldu ki, övladın xarici pasportu əldə etdi. Bunların hamısı araşdırılmalıdır.

- Millət vəkili Zahid Oruc məsələnin baş prokurorluq tərəfindən araşdırılması təklifi ilə çıxış edib. Baş prokurorluq bu istiqamətdə addım atarsa, səmərəsi olacaqmı?

- Deputatın təklifini dəstəkləyirəm. Burada azərbaycanlıların başqa bir ölkədə vuruşmasından söhbət gedir. Onların kim tərəfindən və hansı yollarla göndərilməsi müəyyənləşməlidir. Hadisələri törədənlərin hamısı qanun qarşısında cavab verməlidirlər.

- Gənclərin Suriyaya axınına etiraz olaraq Masallı rayonunda aksiya keçirilib. Belə maarifləndirici aksiyaların kütləvi hal alması problemi önləyə bilərmi?

- Bunu müsbət dəyərləndirirəm. Belə tədbirlər mütəmadi olaraq keçirilməlidir. Zaqatala, Balakən və Qusar rayonlarında bu tipli aksiyalar təşkil edilməlidir. Xalqı ehtiyatlı olmağa, belə işlərə qatılmamağa səsləmək lazımdır. İnsanlara təlqin etmək lazımdır ki, bu işlər insan həyatının birbaşa təhlükə altına alınmasıdır. Bu barədə son olaylar baş qaldırmamışdan xeyli qabaq mətbuat vasitəsi ilə də dəfələrlə çağırışlar etmişdim. Əfsuslar olsun ki, sözlərimi qulaqardına vurdular.

Ayyət Əhməd