“Sadə ölülərə” yer olmayan Yasamal qəbiristanlığı köçürüləcək

Hacı Şahin Həsənli: “Belə bir təmtəraqlı qəbiristanlığın köçürülməsi asan olmayacaq”


Yasamal qəbiristanlığının köçürüləcəyi ilə bağlı məlumat yayılıb. Həftə.az-ın xəbərinə görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsindən Badamdar dairəsinə birləşən yolun genişləndirilməsi işi aparılacaq. Bu yol həmin ərazidə yerləşən qəbiristanlığın içindən keçir. Buna görə də yolun genişləndirilməsi zamanı planı düşən məzarlar sökülüb şəhər kənarında yerləşən qəbiristanlıqlardan birinə köçürüləcək.

Yolun genişləndirilməsində məqsəd Badamdar şosesindən Parlament prospekti ilə Mikayıl Müşfiq küçələrinin kəsişməsinə qədər olan yolun hərəkət hissəsində sıx tıxacların aradan

qaldırılmasıdır. Rəsmi orqanlar xəbəri təkzib etməyib, eyni zamanda məsələ ilə bağlı yaxın günlərdə açıqlama veriləcəyi bildirilib.

Xatırladaq ki, bir neçə il əvvəl paytaxtın Nərimanov rayonu ərazisində, əsasən qeyri-müsəlmanların dəfn olunduğu qəbiristanlıq köçürüldü. Bundan başqa, vaxtilə 26 Bakı komissarlarının dəfn olunduğu keçmiş "26-lar bağı”ndan da kommunaçıların məzarlarının qalıqları şəhərətrafı qəbiristanlığa köçürüldü. Yəni, paytaxtda məzarköçürmə praktikası demək olar ki, formalaşıb. Amma bu dəfə söhbət Yasamal qəbiristanlığından gedir, hansı ki, orada qəbir yerinin qiyməti 1000 ABŞ dollarıdır. Anlaşılan budur ki, o qəbiristanlıqda "sadə” ölülərə yer yoxdur. Yasamal qəbiristanlığı özünün abidə-məzarları ilə zəngindir. Bahalı mərmərlər, uca başdaşları, qəbirdən "boy” verən mərhumların "canlı” şəkilləri, günbəzlər, bulaqlar... Belə bir təmtəraqlı qəbiristanlığın köçürülməsi asan olmayacaq. Külli miqdarda vəsait xərcləyib ata-anasına, doğmasına bahalı məzar düzəltdirənlər bunun eynisini başqa bir qəbiristanlıqda da düzəldəcəkmi? Yoxsa, köçürülməyə görə dövlətdən kompensasiya tələb edəcəklər?

"Mənəvi Dünya” İctimai Birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli "Şərq”ə açıqlamasında ilk növbədə islam dininin məzarüstü abidələrə qarşı olduğunu dedi:

- İslam dinində məzarüstü abidələrin qoyulması qəbul edilmir. Müsəlmanın məzarı üzərində sadəcə bir nişanə qoyulmalıdır, bu, kifayət edir. Bəzi insanların məzarın üstünü bəzəməsi, uca abidələr qoymaları, məzarın üstünə, başdaşına mərhumun şəklini həkk etmələri dinimizə uyğun deyil. Qəbiristanlığın köçürülməsinə isə bəzi istisna və zəruri hallarda icazə verilir. Əsassız yerə qəbrin açılması, qəbrin köçürülməsi yolverilməzdir. Konkret Yasamal qəbiristanlığının yol çəkilişi məqsədilə köçürülməsi bildirilirsə, yol çəkilməsi mütərəqqi bir əməldir və islam dinində insanların rifahı, rahatlığı naminə olan bütün əməllər bəyənilir. Bu məqsədlə qəbiristanlığın köçürülməsinə heç kim etiraz edə bilməz. Köçürülmə isə şəriət qaydalarına uyğun olmalıdır. Bir müsəlmanın məzarının köçürülməsi üçün əlavə hansısa ibadətə ehtiyac yoxdur. Çünki vəfat etdikdən sonra meyitlə bağlı bütün ibadətlər icra olunub. Deyək ki, meyit qüslu verilib, kəfənlənib, cənazə namazı qılınıb. Qəbirlərin köçürülməsi zamanı əməl olunmalı yeganə tələb qəbrin üzü qibləyə tərəf olmasıdır. Dəfn olunan şəxsin qohumları istəsələr, qəbrin köçürülməsi prosesində iştirak edə bilərlər. Amma bu da vacib deyil. Məzarın üstündə "Qurani-Kərim” oxunması da artıq mərhumun doğmalarının, yaxınlarının istəyinə bağlıdır. Ümumiyyətlə, mərhumların məzarı başında "Quran” oxunması savabdır. Yəqin ki, bu iş dövlət səviyyəsində həyata keçiriləcək, qəbir sahiblərinə müəyyən kompensasiyaların ödənməsi də mümkündür. Bəlkə də bahalı qəbirlər olduğu kimi digər qəbiristanlığa köçürüləcək. Amma məsləhət budur ki, insanlarımız əvvəlcə etdiyi səhvləri bir də təkrarlamasın, təmtəraqlı məzarüstü abidələr qoymaqdan imtina etsinlər. Müsəlmana yaraşan tərzdə hərəkətlər etsinlər.

Məlahət Rzayeva