Səbr tükəndi...

Qarabağda savaşmaq üçün könüllü dəstələr üzə çıxır


Son günlər cəbhə xəttində yaranmış gərginlikdən sonra Silahlı Qüvvələrin ünvanına çoxlu sayda insan müraciət edərək əldə silah Azərbaycan Ordusunun tərkibində düşmənə qarşı vuruşmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istədiklərini bildirib.

Bu onu göstərir ki, Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik ruhu heç də zəifləməyib, əksinə, çox yüksək səviyyədədir. Həm də azərbaycanlılarla yanaşı, qardaş Türkiyə vətəndaşları da müharibədə iştirakla bağlı silahlı qüvvələrə müraciət edib. Həm də "Azərbaycan üçün ölməyə və öldürməyə hazıram” şüarı ilə. Göründüyü kimi, cəbhədə yaşanan son hadisələr Azərbaycanda da könüllülərdən ibarət partizan hərəkatının, yaxud hansısa lokal əməliyyatların, kəşfiyyat məlumatlarının toplanması üçün qrupların yaradılması ideyasını yenidən gündəmə gətirib.

Lakin müraciətə cavab olaraq, könüllülərin hamısına təşəkkür edilib və bildirilib ki, hələlik buna heç bir ehtiyac yoxdur, çünki Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü hər an bərpa edə biləcək güclü ordusu var.

Keçmiş döyüşçü, tanınmış jurnalist Rey Kərimoğlu isə hesab edir ki, mövcud şəraitdə Qarabağı işğaldan azad etmək üçün Azərbaycanda könüllülər hərəkatına ehtiyac yoxdur. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin gücü, ehtiyatda olan zabitlərin peşəkarlıq səviyyəsi və keçmiş döyüşçülərin təcrübəsi kifayət edir ki, Ermənistan ordusu bir həmlədə darmadağın edilsin: "Müharibədə iştirakla bağlı Silahlı Qüvvələrə müraciət edən Azərbaycan və Türkiyə vətəndaşlarının narahatlıqlarını başa düşürəm. 20 ildən artıqdır ki, bizim torpaqlarımız erməni-rus hərbi birləşmələrinin işğalı altındadır. Bu hal da ölkə vətəndaşı olaraq onları, o cümlədən də məni narahat etməyə bilməz. Ancaq bir şeyi də unutmayaq ki, Qarabağı azad etmək üçün Azərbaycan ordusunun gücü kifayət qədərdir. Hərbi-texniki bazamız, canlı qüvvəmiz yetərlidir. Üstəgəl də, biz keçmiş döyüşçülər. Biz bu münaqişədə dövlətimizə güvənirik. Ali Baş Komandan nə vaxt hücum əmri versə, o gün müharibəyə hazırıq. Sadəcə indi dövr dəyişib. 90-cı illərdə Azərbaycanın döyüşlərdə uğurlarını təmin edənlər, məhz könüllülər idi. Onlar kifayət qədər uğurlu əməliyyatlar keçirirdilər. Amma məncə, indiki Azərbaycan 90-cı illərdəki Azərbaycandan fərqlənir. İndi müəyyən çatışmazlıqlara baxmayaraq, ordumuz kifayət qədər formalaşıb və onun tərkibində hər növ döyüş əməliyyatları apara bilən qüvvələr, peşəkar hərbçilər var. Bununla belə ehtiyac olacağı təqdirdə, hərbi bacarığı, təcrübəsi olan şəxslər könüllülər hərəkatı yaradıb partizan döyüşü apara bilərlər. Bu həm də hərbi siyasətdən asılı olan məsələdir”.

Milli Ordumuzun Qarabağı istənilən an azad etmək qüdrətində olduğunu deyən millət vəkili Elman Məmmədov da Azərbaycan könüllülər hərəkatına ehtiyac olmadığını düşünür: "Azərbaycan Silahlı Qüvvələrində peşəkar hərbçilərimizin sayı kifayət qədərdir. Onların hər biri günü bu gün də sıravi əsgərlə çiyin-çiyinə orduda xidmət edirlər. Hərbçilərimizin döyüşə hazırlıq səviyyəsi hər sahədə yüksək səviyyədədir. Müharibənin başlanması ilə bağlı Ali Baş Komandanın əmri olmadığı üçün ordumuz hələlik ləyaqətlə düşmənin təxribatlarına cavab verir. Ancaq bu, belə davam edə bilməz. Bizim də səbrimizin bir həddi var. Gün gələcək ki, Milli Ordumuz torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayacaq. Və o zaman həm hərbi qulluqçular, həm ehtiyatda olan zabitlər, vətənpərvər Azərbaycan övladları səfərbər olunacaqlar və torpaqlarımızın işğaldan azad olunması üçün döyüşəcəklər. Azərbaycanın heç bir xarici vətəndaşın, o cümlədən də qardaş Türkiyə vətəndaşlarının köməyinə ehtiyacı yoxdur. Azərbaycan vətəndaşları, Azərbaycan oğulları torpaqlarını işğaldan azad etməyə və qorumağa qadirdir. Sadəcə, bu gün beynəlxalq aləmdə olan durum, dünyanın bölünməsi uğrunda supergüclərin apardığı mübarizə, qarşıdurmalar, onların maraqlarının bir-biri ilə toqquşması Azərbaycana öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlamağa imkan vermir.

Düzdür, onların bəziləri ermənilər vasitəsilə cəbhədə təxribatlar törətməklə Azərbaycanı vaxtsız savaşa çəkmək üçün canfəşanlıq edir. Nə yaxşı ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də balanslı siyasət yeridir. Ölkə başçısının da dediyi kimi, vaxtı gələndə, Azərbaycan ordusu öz gücünü, şücaətini göstərəcək və Qarabağı ermənilərdən təmizləyəcək”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə hesab edir ki, Qarabağda müharibə ocağı alovlandığı halda nizami ordu ilə yanaşı, könüllülərin də iştirakı məqbuldur: "Bu müraciət QAT-ın bu günə qədər səsləndirdiyi fikirləri bir daha sübut etmiş oldu. Hər zaman şübhə ilə yanaşanlara Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu aşılamışıq: "Hər bir Azərbaycan vətəndaşında düşmənə qarşı nifrət var. Hər bir gənc istənilən an Qarabağ uğrunda döyüşməyə, lazım gəlsə, canından belə keçməyə hazırdır. Müharibəyə hazırlıqla bağlı səfərbərlik kifayətdir ki, bütün Azərbaycan gəncləri silahlansın. Heç bir məcburiyyət və təzyiq olmadan. Biz bunu elə-belə demirik. Keçirdiyimiz sorğular əsasında bu qənaətə gəlmişik. Bu müraciətlər də əyani sübutdur. Ortada nə müharibə var, nə də hücum əmri. Buna rəğmən artıq igid xalqımız döyüş arzulayır, könüllü olaraq Silahlı Qüvvələrə müraciət edir. Sizə deyim ki, mətbuata çıxarılan bu yazılar müraciətlərin çox cüzi bir hissəsidir. Bizə müraciət edərək, döyüşə hazır olduqlarını vurğulayan vətəndaşların, türkiyəli qardaşlarımızın da müraciətini çox yüksək qiymətləndirirəm. Dəfələrlə demişəm ki, Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Qarabağ savaşı başladığı an Azərbaycana kömək üçün cəmiyyətin özündə bir tələb olacaq. Hətta həmin könüllülər hakimiyyəti də məcbur edəcək ki, Qarabağ müharibəsində Azərbaycanın arxasında olduğunu bəyan etsin. Azərbaycana qarşı bu münasibətlərin biz İranda, Gürcüstanda da şahidi olmuşuq. Onlarla insan bizə müraciət edir ki, Azərbaycan müharibəyə başladığı an biz döyüşlərə qoşulacağıq”.

Şəymən