Vəhhabilər Sumqayıta toplaşır

“Qruplaşmaların bu şəhərə kütləvi axın etməsinin qarşısını almaq lazımdır”


Bir müddət əvvəl Sumqayıtda radikal dini qruplaşmalar arasında baş verən qanlı toqquşma və Suriyada öldürülən azərbaycanlıların əsasən bu şəhərin sakinləri olması bir daha göstərdi ki, sələfi-vəhhabi qruplaşmalarının əsas "məskəni” ölkənin sənaye şəhəridir.

Artıq Azərbaycanın şimal bölgəsindən də Sumqayıta vəhhabi axını başlayıb. Deyilənlərə görə, vəhhabilərin ən kəskin qolu - xəvaricilərin rəhbəri Hacıbalanın sumqayıtlı olması, vəhhabiliyin Sumqayıtda geniş yayılmasına səbəb olub. Hətta vəziyyət o yerə çatıb ki, başqa rayon və şəhərlərdə olan vəhhabilər "təzyiqlərə” məruz qaldıqları halda Sumqayıta mühacirət edirlər. Vəhhabiliyin Sumqayıtda yayılmasına münasibət bildirən şəhər sakini, Turizm Universitetinin dossenti, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı deyib ki, Sumqayıt kiçik Azərbaycandır. Respublikanın palitrası bu şəhərdə öz əksini tapıb: "Ölkənin bütün bölgələrindən fərqli məzhəbə qulluq edən insanlar Sumqayıtda sərbəst şəkildə yaşayırlar. Ola bilsin, kimlərsə özlərini burada daha rahat hiss edirlər. Əlbəttə, insanların bu şəhərdə məskunlaşmasına əngəl yaratmaq, qadağa qoymaq olmaz. Ancaq söhbət hansısa konkret radikal dini qruplaşmadan gedirsə, təbii ki, onların şəhərə kütləvi axın etməsinin qarşısını almaq lazımdır. Xüsusən də, odlu silahlarla silahlanmış dini qruplar ciddi nəzarət altında saxlanılmalıdır”. M.Zülfüqarlının sözlərinə görə, vəhhabiliyin Sumqayıtda təbliğ olunmasının qarşısını almaq üçün işsiz gənclər mütləq işlə təmin olunmalıdır: "Şəhər sakinlərinin, ümumiyyətlə, ölkə vətəndaşlarının vəhhabilərə qoşulmasının əsas səbəbi işsizlikdir. Gənclərin içində avaralar çoxdur. Onların məşğulluğunu təmin etmək lazımdır ki, hansısa dini qruplaşmaya, icmaya qoşulmasınlar. Çünki ölkədəki işsizlikdən istifadə edən maraqlı qüvvələr, dini təşkilatlar missionerlik fəaliyyəti ilə məşğul olaraq gəncləri tələyə salırlar. İqtisadi cəhətdən problem yaşayan, bir qədər də iradəsi zəif olanlar isə asanlıqla vəhhabilərin təsiri altına düşürlər. Belə halların qarşısını almaq üçün ailələrin sosial təminatını gücləndirmək vacibdir”.

İsmayıl