Hüquq müdafiəçisi dözə bilmədi

Mətanət Əzizova Aynur Qurbanqızını savadsızlıqda suçladı


"Azadqadın.az” saytının rəhbəri, özünü "qadınların hüquq müdafiəçisi” kimi təqdim edən Aynur Qurbanqızının "facebook”da yazdığı status tanınmış hüquq müdafiəçisi, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanı əməlli-başlı özündən çıxarıb. A.Qurbanqızının yanlış fəaliyyətinə və sosial şəbəkədə paylaşdıqlarına etiraz edən M.Əzizova sayt rəhbərini sərt şəkildə tənqid edib. İkili arasında keçən maraqlı "facebook savaşını” oxuculara təqdim edirik.

Hər şey A.Qurbanqızının yazdığı statusda M.Əzizovanı tənqid etməsindən sonra başlayıb:

"Əleyhimə bir səhifə açılıb. Amma heç vecimə də deyil. Çünki mən daha faydalı işlərlə məşğulam, onlara ayıracaq zamanım yoxdur. Amma ölkənin tanınmış qadın hüquq müdafiəçisi Mətanət Əzizovaya halal olsun ki, o səviyyəsiz səhifəni imkan tapıb "like” edib. Mətanət xanım, vallah mən kişi deyiləm, qadınam. Nə olar, bir dəfə məni müdafiə edin. Bəlkə də saytların məni qadın hüquq müdafiəçisi deyib təqdim etmələri sizi qıcıqlandırır. İnanın, heç kimdən xahiş etməmişəm ki, məni belə təqdim etsinlər. Əgər kimsə sizə güldən ağır söz desəydi, düşünmədən özümü qabağa ataram. Amma siz məni aşağı çəkməklə məşğulsunuz. Əgər huquq savadım xoşunuza gəlmirsə, o zaman mənə zaman ayırın, gəlib sizdən dərs alım”.

Mətanət Əzizova: "Aynur xanım, bir nümunə göstərəcəm, təsəvvür edin ki, sizin ən yaxın, istədiyiniz adam gedir bir həkimin yanına. O həkimin də tibbdən xəbəri yoxdur. Ancaq həkim israrla deyir ki, mən insanları xilas etmək istəyirəm. Çünki bu, mənim arzumdur və öz bildiyi kimi də müalicə edir. Nə demək istədiyimi yəqin ki, anladın. Siz özünüzü hüquq müdafiəçisi adlandırırsınız. Profil səhifənizdə o cür yazılıb. Bir şəxs kimi sizinlə işim yoxdur. Amma qadın hüquqlarına, bizim işimizə ziyan vuran insan olduğunuz üçün susa bilməyəcəm”.

Aynur Qurbanqızı: "Mənim də öz doğrularım var. Hər halda mən təşkilat sahibiyəm, nə də gördüyüm işlərə görə qrant alıram. Heç maaş da almıram. Təmənnasız şəxsi həyatımı qurban vermişəm. Gün ərzində 100 məktub gəlir. Onlara cavab yazmaq, telefonla danışmaq və s. Onlar israrla mənimlə danışmaq, məsləhət almaq istəyirlər. Mən sadə insanam. Millət vəkili olmaqda da gözüm yoxdur. Düşünürəm ki, gördüyüm işlər kiməsə ziyan vurmur. Çox yazmaq istəmirəm, mübahisə etmək istəmirəm. Hər iki tərəfin özünü doğrultması üçün yetərincə sübutları var”.

Mətanət Əzizova: "Aynur xanım, birinci şərhinizdən belə qənaətə gəldim ki, siz mən yazdığımı ya oxumursunuz, ya da başa düşmürsünüz. Nə bilim vallah, söz də tapmıram yazmağa. İkinci şərhiniz də mənim dediklərimin sübutudur. Siz biliksiz olduğunuz üçün elə düşünürsünüz ki, hər şeyi düzgün edirsiniz. Mən 13 ildir qadınlarla işləyirəm, amma üzr istəyirəm ifadəmə görə, qələt eləyərəm kiməsə psixoloji yardım göstərərəm. Ona görə ki, bununla mütəxəssis məşğul olmalıdır. Baxmayaraq ki, bu mövzuda onlarla treninq keçmişəm”.

Aynur Qurbanqızı: "Siz sanki nəsə xırda bir səhv axtarırsınız ki, mənim səhv olduğumu ortaya çıxarasınız. Qaldı psixoloji məsləhətə, əgər indiyə qədər təsirini göstəribsə, demək ki, əladır. Yüzlərlə psixoloqdan daha yaxşı təsir göstərirəm. Keçmişdə psixoloq var idi? İnsanlar biri-birinə dərdlərini danışıb təsəlli tapırdılar. Mənim etdiyim də bunun kimi bir şeydir. Durub, qadına psixologiya dərsi keçmirəm ki? Özüm psixoloq yanında olmuşam, amma heç bir xeyrini görməmişəm. Yəni nə söylədiyimi anlamaq bu qədərmi çətindir? Nə isə. Mübahisə etməyə vaxtım yoxdur”.

Mətanət Əzizova: "Dözə bilmədim. Aynur xanım, sizin saytınızda yerləşdirdiyiniz sorğu düzgün tərtib olunmayıb. Sorğudakı sual və cavablar, əksinə, problemli qadınları intihara təhrik edir. Məlumat almaq istəsəydiniz, bu işin mütəxəssislərini tapardınız. QHT-çilər araşdırma, sorğu apararkən sualların tərtib edilməsi üçün ekspertlərə müraciət edir. Orda suallar və cavablar çox savadsız qoyulub. Bunlar təhlükəlidir. Ən dəhşətlisi isə odur ki, siz bunu anlamırsınız”.

Aynur Qurbanqızı: "Bu sorğuda insanların fikrini alıb sonra nəticələri fakt olaraq göstərib tənqid etmək istəmişdim ki, niyə qızlara cəmiyyətdə bu cur mövqe aşılınır. Suallar da bu yöndə qoyulub”.

Mətanət Əzizova: "Aynur xanımı elə də fağır bilməyin. Qadın həmrəyliyindən danışan bu insan qadınları çox məharətlə öz səhifəsində "vurur”. Şəkil paylaşıb status yazanda, şərhlərdə həmin insana ünvanlanan təhqirləri və özünə ünvanlanan tərifləri oxumaq ona qadın həmrəyliyini unutdurur. Bu, psixologiyada natamamlıq kompleksi adlanır. Kütlənin alqışı və tərifi onu bu komplekslərdən bir qədər uzaqlaşdırır. Bu artıq onun öz problemidir. Mənim gördüyüm problem qadın hüquqları sahəsində savadsızlıqdır, vəssalam”. Bundan sonra A.Qurbanqızından cavab gəlmir və beləcə ikili arasında "facebook” davası sonlanmış olur.

İsmayıl