Məşhur qəbiristanlığın məşhur adamları...

Ziyarətə gələn yoxdur, məzarlar bərbad hala düşüb


(Əvvəli ötən sayımızda)

Əvvəla onu deyək ki, tanınmışların qəbirlərinin əksəriyyəti üzərlərinə qar yağdığından bərbad hala düşüb. Baxmayaraq ki, qəbiristanlıq əməkdaşları məzarları müəyyən qədər təmizləyir. Ancaq qohumları və ailələri tərəfindən onlar müntəzəm ziyarət olunmur. Bir vaxtlar öz sahələri üzrə böyük nailiyyətlər əldə etmiş, xalqın sevimlisinə çevrilmiş şəxslərin məzarlarının köçürülməsi ilə bağlı heç kim məlumat vermədi.

Əli Ağa İsmayıl oğlu Şıxlinski Rusiya imperator ordusunda artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, sovet hərb xadimidir. Anası Şah Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsidi.

Ə.Şıxlinski 1943-cü ildə Bakıda vəfat edib. Çox təəssüflər olsun ki, Azərbaycan tarixinin bir çox şərəfli şanlı səhifələrinə adını yazdıran şəxsin məzarı balaca 3 qəbrin ortasında, çətinliklə tapılan bir yerdədir. Soldakı qəbrin kimə məxsusluğunu öyrənə bilmədik. Çünki başdaşının üzəri ərəb əlifbası ilə yazılmışdı.

Topçuluğa dair yazdığı əsərlər, özünün şəxsən işləyib, hazırladığı "Şıxlinski üçbucağı” qaydası bu gün də dünya artilleriyasının köməyinə gəlməkdədir. Ailəsində çoxlu tanınmış şəxslər olub. Rüstəm Şıxlinski və Cavad bəy Şıxlinskinin əmisidir. Eyni zamanda Hüseyn Əfəndi Qayıbovun kürəkənidir. Ancaq ailə qurmağına baxmayaraq generalın övladı olmayıb.

Yazıçı Süleyman Rəhimovun oğlu Şamo Arif geologiya və minerologiya üzrə tanınmış alimdir. Şamo Arif 2012-ci ildə rəhmətə gedib. Burada dəfn olunub. Onun məzarı daha geniş ərazini əhatə edir, dəmirlə hasarlanıb. Qapısı bağlı olduğundan məzarın həyətinə daxil ola bilmədik. Yalnız uzaqdan məzarlığın üzərində ucaldılan abidənin şəklini çəkə bildik.

Görkəmli aktyor, təvazökar insan Əli Yusif oğlu Zeynalov Salyanda anadan olub. Atası Yusif Zeynalov ilk əlifba kitabının müəllifidir. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik olan Əli Zeynalov bədii qiraət ustası kimi də tanınıb. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif” tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. - Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən - Vaqif? - Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim”.

Əli Zeynalov 75 yaşında dünyasını dəyişib. Aktrisa Mirvari Novruzovanın həyat yoldaşıdır. Onlar birlikdə dəfn olunublar. Məzarın ətrafına müşahidə etdiklərimizdən məlum oldu ki, Əli müəllimlə Mirvari xanımın qəbri uzun müddətdir ziyarət olunmur. Hətta solmuş qərənfil gülünə

belə rast gəlmədik. Çünki məzarların arasında yerləşən qara mərmərdən hazırlanmış güldan boş idi.

Azərbaycan SSR-nin Əməkdar artisti Novruzova Mirvari Balaqədeş qızı Azərbaycan Dövlət Dram Teatrında çalışıb. İlk rolu "Eşq və intiqam” tamaşasında Qəmər obrazıdır. Çox ömür sürməsə də, həyat yoldaşı Əli bəy öldükdən sonra 6 il ondan ayrı yaşaya bildi. 1994-cü ildə 71 yaşında Bakı şəhərində vəfat edib.

"O olmasın, bu olsun” kinosunun məşhur Məşədi İbadı və Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan Əliağa İsmayıl oğlu Ağayev səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan aktyor idi. Erkən yaşlarından atasını itirib. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara” komediyasında Hacı Qaradır.

Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışırdı. Həyatda da şuxluğu xoşlayan Əliağa Ağayev 1983-cü ildə, 70 yaşında pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi olaraq fani dünyaya qapayıb.

Əfqanlı Ofeliya (Aslan) Rza qızı 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997-ci ildən yenidən teatra qayıdıb və aktrisa kimi fəaliyyətini davam etdirib. İlk rolu "Durna” komediyasında Lalə obrazı olub.

47 illik səhnə fəaliyyətinə baxmayaraq aktrisaya heç bir fəxri ad verilməyib. 2010-cu il mayın 18-də, 71 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli aktyor Səyavuş Aslanın keçmiş həyat yoldaşı və Rza Əfqanlının qızıdır. Aktrisa ikimərtəbəli üst-üstə dəfn olunmuş məzarın yanında torpağa tapşırılıb. Ehtimallara görə, qeyd olunan üst-üstə dəfn olunmuş məzarlar valideynlərinin qəbirləridir.

Ofeliya xanımın məzarındakı şəkli müşahidə edəndə isə sağlığındakı kimi daim gülərüzlüyü və təbəssümü ilə məzarılığa gələnlərə kim olduğunu xatırladırdı.

"O olmasın, bu olsun” filmindəki baş rollardan biri olan Sərvər rolunu canlandıran Mirzəquliyev Arif Teib oğlu peşəkar aktyor olmayıb. Sənəti həkim idi. O, həkim Teib Mirzəquliyevin oğludur. 1990-cı ildə 59 yaşında bu dünyadan köçüb. Atası ilə yanaşı olaraq dəfn edilib. Arif müəllim başdaşı üzərindəki fotosu ilə sanki satira ilə gülümsəyirdi.

Yaşasaydı, bəlkələr bəlkəsiz olardı. Necə deyərlər, Allah hamının ömrünü yaşadığı həyat taleyinə uyğun olaraq biçir. Ancaq deyəsən, aktyor nə sağlığında, nə də ölümündən sonra layiqli qiyməti ala bilməyib. Bunu onun məzarındakı sonsuz sükut və başdaşı üzərində yerləşdirildiyi şəkildəki baxışlar deyirdi.

Əslən qarabağlı olan aktyor və rejissor, Ceyhun Mirzəyev 48 illik ömrünün 35 ilə yaxınını kinoya həsr edib. Aktyor "Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. Aktyor on iki yaşı olmasına baxmayaraq "Ögey ana”dakı İsmayıl obrazı ilə analığın da sevilə biləcəyini göstərdi.

Hətta "Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub. Ceyhun Mirzəyevin son filmi "Fəryad” olub. Özü bu filmini görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa, filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis hiss edən Ceyhun evə güclə çatdırıldı. Ceyhun Mirzəyev 1994-cü ildə ürək tutması nəticəsində aramızdan haqq olan əbədi dünyaya köç etdi. Aktyor atası və əmisinin yanında torpağa tapşırılıb. Aktyor yəhudi xanımla ailəli olub.

Xalq artisti Oqtay Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb və Qızıl Fondda saxlanılır. Ürək-damar xəstəliyindən əziyyət çəkən Xalq artisti Oqtay Ağayev 2006-cı il, noyabrın 14-də vəfat edib. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında vida mərasimi keçiriləndən sonra bu qəbiristanlıqda torpağa tapşırılıb. Məzarına yaxınlaşanda məni qəribə hisslər bürüdü.

O hisslər ki, insanın həyatda qoyduğu izlərin ardınca sanki yol çəkə bilər. Sonradan ardınca sənə baxıb gələnlər olsun. O. Ağayev belə şəxslərdən idi. Bu günləri onun yaradıcılıq yolunu davam

etdirmək istəyən neçə-neçə gəncimiz var. Gözəl səsi ilə aləmə səs salan müğənni indi məzarında sakitcə uyuyaraq yad olunmağını gözləyir.

"Şərq musiqisinin peyğəmbəri” adlandırılan Cabbar İsmayıl oğlu Qaryağdıoğlu xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın Xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olub.

Cabbar Qaryağdıoğlu XIXəsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr edib. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğludur.

Bizə Yasamal qəbiristanlığında bələdçilik edən axundlardan biri Hacı Həbib Quliyevin dediyinə görə, Çar inqilabından əvvəl məclislərin birində tanınmış rus opera müğənnisi Şelyapin səsini öz məlahətli və güclü səsi ilə məğlub edib. Şelyapin onun səsinə heyran olur və onunla sonradan dostlaşır.

Qəbiristanlıqdakı axundlar bildirib ki, Şəhla xanım Qaryağdı iki il əvvələ qədər atasının qəbrini ziyarət edirdi. Hətta bir dəfə özəl televiziyalardan biri də xanəndənin qəbri üzərində çəkilişlər aparılıb. Xalq artistinin qəbri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əlyevanın təşəbbüsü ilə yenidən abadlaşdırılaraq başdaşı dəyişidirilib və qəbri üzərinə abidəsi qoyulub.

Vüqar Şahinoğlu

(Fotolar müəllifindir)