Əhməd Davudoğlunun Rusiyaya Qarabağ mesajı

Vəfa Quluzadə: “Hamı bilir ki, Dağlıq Qarabağ məsələsi Amerika-Rusiya müstəvisində həll oluna bilər”
Aydın Ağayev: “Davudoğlu yaxşı başa düşür ki, bu münaqişədə Rusiyanın rolu nə qədərdir”




Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaxşı şərait yarandığını bildirib. Rusiya paytaxtında həmkarı Sergey Lavrovla brifinq keçirən Ə.Davudoğlu regiondakı "dondurulmuş” münaqişələrin bölgə ölkələri üçün ciddi təhlükə yaratdığını deyib:

"Ümid edirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına kömək edəcək”. Türkiyənin XİN rəhbərinin sözlərinə görə, Ukraynada baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin tez zamanda həllinin vacibliyini gündəmə gətirib.

Davudoğlunun Qarabağ problemi ilə bağlı nikbin açıqlamasını şərh edən politoloq Vəfa Quluzadə deyir ki, nazir münaqişənin həlli üçün yaranan şəraiti açıqlasaydı, daha münasib olardı: "Dünyanın ən qüdrətli ölkələrini təmsil edən Minsk Qrupu və onun həmsədrləri 20 ildə heç nə edə bilməyib. Hər dəfə sülh yaxın olanda sülhə zərbə dəyir. Fikrimcə, yeniliyin və şəraitin nədən ibarət olması açıqlanmalıdır. Hamı bilir ki, Dağlıq Qarabağ məsələsi Amerika-Rusiya müstəvisində həll oluna bilər. Rusiya Qarabağ məsələsində güzəştə gedə, bunun əvəzində də Amerika hansısa güzəşt tələb edə bilər”. V.Quluzadə qeyd edir ki, hazırda Qarabağ münaqişəsinin həllində bu iki dövlətin maraqlarından söhbət gedir. Ancaq politoloqun fikrincə, ABŞ və Avropanın regiondakı maraqları təhlükə altındadır: "Rusiyanın müharibəni qızışdırması onun maraqlarına zərbə vura bilər. Azərbaycan müharibə vəziyyətində olandan sonra Bakı-Ceyhan və digər layihələr işləməyəcək. Bu məsələdə güzəşt yalnız ciddi bir şeyin əvəzində ola bilər”.

Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayevin sözlərinə görə isə, Davudoğlunun açıqlaması sadəcə xoş bir istəkdir: "Təbii olaraq, Türkiyənin xarici işlər naziri istəyir ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapsın. Davudoğlu yaxşı başa düşür ki, bu münaqişədə Rusiyanın rolu nə qədərdir. Türkiyə bizə qardaş olan müttəfiq dövlət kimi bu həqiqəti bilir. Məhz, münaqişədə Rusiyanın rolunu nəzərə alaraq Davudoğlu belə bir fikir səsləndirib. Yəni onun dedikləri bir istək, daha çox ümid bəsləmək və proseslərə takan vermək üçün bəyanatdır. Məqsəd isə problemin həllinin vacibliyini Rusiyaya və digər dövlətlərə eşitdirməkdir. Amma bu tipli bəyanatların Rusiyanın indiki mövqeyinə nə dərəcədə təsir edəcəyini söyləmək isə başqa məsələdir”.

İsmayıl