Türkiyə prezidenti Ermənistana çağırıldı

“Sarkisyanın təklifi siyasi həyasızlıqdan başqa bir şey deyil”




Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidentini rəsmən 2015-ci ilin 24 aprelində qondarma "soyqırımın” yüzillik yubileyinə dəvət edib. Sarkisyan deyib ki, əgər Türkiyə hakimiyyətini həqiqət maraqlandırırsa, onlar aprelin 24-də Ermənistana gələrək erməni xalqının yanında olmalıdır:

"Zənn edirəm ki, bundan sonra türklər arxivlərə baş çəkmək barədə fikir söyləməzlər. Ona görə də, fürsətdən istifadə edərək, gözlənilən seçkilərdə seçiləcək Türkiyə prezidentini erməni soyqırımının ifadəli faktları ilə üz-üzə durmağa dəvət edirəm”. Qeyd edək ki, rəsmi Ankara Ermənistana ötən əsrin əvvəlində Osmanlı Türkiyəsində baş verən hadisələrin araşdırılıb qiymət verilməsi üçün tarixçilərdən ibarət komissiya yaratmağı təklif edib. Ancaq Sarkisyan buna etiraz edərək "həqiqətlə üzləşmək üçün arxiv tələb olunmur” deyib. Siyasi ekspertlərin fikrincə, Ermənistan rəhbərinin həyasız təklifi Türkiyə baş naziri Ərdoğanın qondarma erməni soyqırımı ilə bağlı etdiyi üzrxahlıqla əlaqəlidir.

Politoloq Qabil Hüseynli də belə düşünür və deyir ki, Ərdoğanın indiki mövqeyi Atatürkdən üzübəri həyata keçirilən siyasətin tamamilə baş-ayaq çevrilməsidir: "Sarkisyanın təklifi siyasi həyasızlıqdan başqa bir şey deyil. Bu həyasızlıq Ərdoğanın yeritdiyi yumşaq siyasətdən qaynaqlanır. Əslində türklər Ərdoğanın timsalında ciddi bir məğlubiyyətə uğradılar. Onun ermənilər tərəfindən uydurulmuş "soyqırım”a görə Ermənistana başsağlığı verməsi Türkiyənin uzun zaman davam edən inkar siyasətindən ciddi surətdə geri çəkilməsinə səbəb olan ciddi bir səhv idi. İndiyə qədər Türkiyə hökuməti dəfələrlə Ermənistana təklif edib ki, iddia edilən hadisəni araşdırmaq üçün qarşılıqlı şəkildə bütün arxiv sənədlərini açıb ortaya töksünlər. Amma erməni tərəfi buna getmək istəmirdi. Çünki onlar özləri də yaxşı bilirlər ki, heç bir erməni "soyqırımı” olmayıb. Arxivlərin açılması ermənilərin biabır olması demək olar. Türkiyədə heç vaxt ermənilərin iddia etdiyi kimi 2 milyon erməni yaşamayıb. Bu qədər adamın qırılmasından isə söhbət gedə bilməz”. Politoloqun sözlərinə görə, Ərdoğanın arzuolunmaz üzrxahlığı erməniləri "soyqırım” iddialarında haqlı çıxartdı və Türkiyəni haqsız duruma saldı: "Bundan ürəklənən Sarkisyan utanmadan istehzalı bir formada Türkiyə rəhbərini yubileyə dəvət edir. Görünür, Ermənistanın məqsədi Türkiyəni axıra qədər tərksilah etmək və hətta ondan təzminat tələb etməkdir. Ermənistan rəhbərinin Türkiyə rəhbərini "soyqırıma” dəvət etməsi həm də siyasi təbliğat rolunu oynayır. Baxaq görək, Türkiyə təklifə hansı formada cavab verəcək”. "Ərdoğan Türkiyə prezidenti seçiləcəyi təqdirdə, Sarkisyanın dəvətini dəyərləndirəcəkmi” sualına isə Q.Hüseynli belə cavab verib: "Düzü, Ərdoğanın prezident seçiləcəyini düşünmürəm. Seçiləcəyi təqdirdə belə Ermənistana, qondarma soyqırımın yubileyinə gedəcəyini zənn etmirəm. Çünki türk xalqı milli ləyaqətinin tapdanmasına qətiyyən icazə verməz”.

İsmayıl