“Qəti qərarım var”

Sabir Rüstəmxanlı: “Sədrlikdən getsəm də, sıravi üzv kimi yəqin ki, qalacam”
“Neçə il deputat olmağımda pis nə var ki?”


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) bir müddət öncə qurultay keçirmək haqqında qərar qəbul edib. Təşkilatın bu ali tədbirinin konkret tarixi məlum olmasa da, gələn il keçiriləcək parlament seçkilərinə kimi baş tutması planlaşdırılır. Partiyanın qurultayı haqqında danışan üzvlər açıqlamalarında dəyişikliklərin gözləndiyini, fəaliyyətinin daha da genişlənəcəyini söyləyirlər. Hətta sədr dəyişikliyinin olacağı da istisna edilmir.

VHP-nin sədri, millət vəkili Sabir Rüstəmxanlı isə bir qədər fərqli fikirdədir. O da qurultayda müəyyən dəyişikliklərin olacağını bildirir. Amma əlahiddə hadisənin baş verməyəcəyi qənaətindədir. S.Rüstəmxanlı "Şərq”ə danışarkən vurğuladı ki, istənilən qurultay, partiyanın təşkilatlanması səviyyəsinə, fəaliyyətinə aydınlıq gətirir...

- Təşkilatın gücü müəyyənləşir, yeni üzvlərlə tanış olursan. Həmçinin ölkədə gedən proseslərə partiya üzvlərinin münasibətini öyrənmək mümkün olur. Bir sözlə, qurultay partiyanın yuxarıdan aşağıya, hər kəsin hesabatını alır. Eyni zamanda qarşıda duran vəzifələr müəyyənləşir, istiqamətlər formalaşır.

- Bəs təşkilati dəyişikliklər gözlənilirmi?

- Əlbəttə ki, müəyyən dəyişikliklər olacaq. Vəzifə dəyişikliyi də mümkündür, yeni üzvlərin qəbulu da gözləniləndir. Ən əsası odur ki, qurultay təşkilat üçün sanki bir qan təzələnməsidir, yeni hava qəbuludur. Amma əlahiddə nəyinsə olacağını da söyləmək olmaz. VHP neçə ilin formalaşmış bir qurumudur. İdeyası, nizamnaməsi bəlli olan təşkilatdır. Düşünürəm ki, əqidəmizə uyğun olaraq davam edəcəyik.

- Bir müddət öncə partiya sədri olmaq istəmədiyinizi, sədr postundan gedəcəyinizi bildirdiz. Qurultayda namizədliyinizi verəcəksiz, yoxsa həmin fikrinizdə qalırsız?

- Mən demişəm ki, partiyadan getməyə hazırlaşıram. Yerimə də gənc və perspektivli bir insanın seçilməsini istəyirəm. Amma sədrlikdən gedəcəyim tarix dəqiq müəyyən deyil. Bunu dəqiqləşdirə də bilərəm. Lakin neçə illərdir çiyin-çiyinə mübarizə apardığım, fəaliyyət göstərdiyim dostlarım, silahdaşlarım var ki, onların ümumi razılığı olmadan bu addımı atmaq mənim üçün çətindir.

- Yəni bu qurultayda namizəd olacaqsız, sədrlikdə qalacaqsız...

- Yenə deyirəm ki, dəqiq bir vaxt söyləyə bilmərəm. Qəti qərarım var ki, sədrlikdən gedim. Amma bu, qurultaydan əvvəl olacaq, sonra olacaq, bilmirəm. Konkret vaxt söyləməkdə çətinlik çəkirəm. Ümumi götürsək, partiyadan getmirəm. Sədrlikdən getsəm də, sıravi üzv kimi yəqin ki, qalacam. Sadəcə, elə formada getmək istəyirəm ki, bu VHP-yə hansısa zərər gətirməsin.

- Sədrlikdən getdikdən sonra, partiyanın başına gələ biləcək, idarəçiliyi olan insanlar varmı?

- Kifayət qədər idarəçilik təcrübəsi olan, imkanları geniş insanlar var əlbəttə. Məsələn, millət vəkili Fəzail İbrahimli, Rafiq Manaflı, Əlövsət Əliyev kimi adamlar var ki, bunlar partiyanın işini apara biləcək gücdədirlər. Məsələn, Elmar müəllim var, kifayət qədər təcrübəli insandır. Vaxtilə zavod direktoru olub, idarəçilik qabiliyyəti yüksək olan şəxsdir. Müavinim Arif İsmayılbəyli də sədrliyi daşıya biləcək şəxslərdəndir. Gənclər arasında da yetişkən insanlar mövcuddur. Düzdür, gənclər daha çox təcrübə toplamalıdırlar. Amma kifayət qədər zirək, idarəçilik qabiliyyəti olan gənclərimiz çoxdur. Yəni məndən sonra təşkilatı idarə edə biləcək səviyyədə adamlarımız yetərincədir.

- Gələn il keçiriləcək parlament seçkilərinə qatılacaqsızmı?

- Bunu indidən demək çətindir. Bayaq dedim, mənim VHP sədrliyimdən getməyim təşkilatın işinə ziyan vurmayacaqsa, gedəcəm. Eləcə də, deputat mandatımın olmaması VHP-yə zərər gətirməsə, o zaman parlament seçkilərində namizədliyimi verməkdən də imtina edəcəm. Amma digər yandan mandatın olması, partiya üçün lazımlıdır. Bu gün Milli Məclisdə VHP üç deputatla təmsil olunur. Bu isə təşkilatın dövlət tərəfindən maliyyələşməsinə şərait yaradır. Ayrılan vəsaitlə də, partiyanın işinin bir qismi həll olunur. Məsələn, qərargahın saxlanmasıdır, kommunal xərclərin ödənməsidir, rayonlara səfərlərdir ki, bunların xərci dövlət tərəfindən ayrılan vəsaitlə müəyyən qədər həllini tapır. Eyni zamanda bir neçə adama maaş verilir. Bu maliyyə olmayanda, çətinliklər çox olur. Biz halallıqla fəaliyyət göstərən təşkilatıq. Üzvlərimizin xırda yardımlarından, ianələrdən və dövlətdən ayrılan vəsaitdən başqa gəlirimiz yoxdur. Ona görə də VHP-nin parlamentdə təmsilçiliyini istəyirəm. Yəqin ki, sadaladığım məsələlər mənim gələn il seçkilərə qatılmağıma təsirini göstərəcək.

- Belə fikirlər var ki, Sabir Rüstəmxanlı, artıq dövlət müstəqilliyi bərpa olunandan indiyədək deputatdır. Bildirilir ki, 20 ildən artıq millət vəkilliyi sizə bəs edər...

- Mən bilmirəm, bu niyə insanları narahat edir. Hər halda bizim Konstitusiyada belə bir məhdudiyyət yoxdur. Kim nə qədər istəsə namizədliyini verib, deputat seçilə bilər. Bir də ki, onu deyən insanlar deputatların fəaliyyətini izləsinlər. Fikir versələr görərlər ki, müxtəlif təşkilatların apardığı sorğulara görə, ilin sonunda ən fəal 5 deputatdan biri də mən seçilirəm. Bu onun göstəricisidir ki, parlament kürsüsündə oturduğum illər ərzində cəmiyyətə və seçicilərimə xeyir vermişəm. Təkcə parlamentdə deyil, eyni zamanda müxtəlif ölkələrdə görüşlərimdə, danışıqlarda fəallıq göstərmişəm. Həmişə çalışmışam ki, Azərbaycanın mənafelərinə xidmət edim, ölkəmə başucalığı gətirəcək iş görüm, seçicilərin etimadını doğruldum. Bu gün Azərbaycanın istənilən guşəsində insanlardan soruşulsa ki, 125 deputatdan layiqli 5-nin adını çək, o siyahıda mənim adım olacaq. Bir halda ki, bu belədir, o zaman neçə il deputat olmağımda pis nə var ki? Bu yaxşıdır ki, mən gedim, yerimə sadəcə düymə basan bir deputat gəlsin? Mən axı düymə basan deputatlardan deyiləm. Həm də ki, seçicilərim etimad göstərib məni yenidən millət vəkili görmək istəyirlərsə, haqqımda xoşagəlməz sözlərin danışılmasına ehtiyac yoxdur. Bilsəm ki, seçicilər məni istəmir, onların etimadını doğrultmamışam, namizədliyimi vermərəm.

- Bir ziyalı kimi, bu gün sizi cəmiyyətdə narahat edən məsələlər nədir?

- Ən çox təbəqələşmədən nigaranam. Bu gün bir qrup həddən artıq zənginləşir ki, bununla da əhalinin digər kütləsindən uzaqlaşır. Düzdür, hazırda ölkədə ümumi inkişaf gedir, bunu heç kim dana bilməz. İnkişa f da getdikcə əhalinin bütün təbəqələrinin həyatına təsir göstərəcək. Amma buna baxmayaraq rüşvət və korrupsiyanın kökü tam kəsilməyib. Korrupsiya sadəcə iqtisadi problem olsaydı, bəlkə də müəyyən qədər barışmaq olardı. Amma bu bəla təkcə iqtisadi bəla deyil. Korrupsiya, rüşvət ümumilikdə cəmiyyətin mənəvi aşılanmasına gətirib çıxarır. ASAN xidmət yaradıldı ki, bununla korrupsiyaya qarşı mübarizə xeyli gücləndi, bəlanın qarşısının alınması prosesi başladı. Bu tip orqanları formalaşdırmaqla, qanunlarda dəyişikliklər etməklə korrupsiyanı minimuma endirmək mümkündür. Düşünürəm ki, mübarizə davam edəcək.

Narahatedici məqamlardan biri də dövlət məmurlarının camaatdan getdikcə uzaqlaşmasıdır. Vətəndaşlarla məmurlar arasında sanki bir uçurum var. Bu gün bəzi məmurlar insanların problemlərini heç dinləmək belə istəmir, nəinki həll etmək istəsin. Bu da sonucda vətəndaş-dövlət yaxınlaşmasında, əlaqələrində ciddi problemin yaranmasına gətirib çıxarır. Əhali ilə dövlət arasında olan sədlər götürülməlidir. Amma təəssüf ki, bəzi məmurlar bu sədləri daha da artırırlar. Hətta millət vəkilləri də dövlət məmurlarından şikayətlənirlər. Deputatların əksəriyyəti deyir ki, hansı idarəyə zəng vururuqsa, telefonu belə götürən yoxdur. Bu, əlbəttə ki, ciddi bir siqnaldır. Belə problemlər cəmiyyətin əxlaqına mənfi təsir göstərir. Məmurların əhali ilə yaratdığı körpü, xalqın ədalətsizliklərə, haqsızlıqlara qarşı müqavimətini zəiflədir. Mən hansısa məmura qarşı, dövlətə qarşı, insanlara çağırış etmirəm. Bunları deməkdə məqsədim odur ki, mənfi hallar millətin enerjisini aşağı salır ki, bu da qorxulu haldır. Xalqımızın qarşıda görəcək işləri çoxdur. İkiyə bölünmüş millətik, torpaqlarımız işğaldadır. Bu problemləri həll etməliyik. Ona görə də enerji yüksək olmalıdır ki, öhdəsindən gələ bilək. Güclü, enerjili, gənc və işləyə bilən insanlar kadr kimi formalaşmalıdır. Cəmiyyətdə süstlük aradan qalxmalıdır. Bu gün müstəqil dövlətimiz var, beynəlxalq aləmdə söz sahibliyimiz mövcuddur ki, yaxşı haldır. Lakin bunlarla yanaşı, cəmiyyətin enerjisi artırılmalıdır, ictimai əxlaq formalaşmalıdır. Məmur əxlaqı, nümunə olmaq bacarığı olmalıdır. Qanunlara, vətəndaşlara münasibətdə əxlaq, münasibətlərdə düzgünlük, halallıq yaranmalıdır. Bu kodekslər olmayan yerdə, nə qədər qanun da qəbul etsək, aşınmaların qarşısını ala bilməyəcəyik.

- Bu gün Milli Məclisin iclası olacaq. Toplantıda hansı problemlərə toxunacaqsız? Elə xüsusi bir məsələ varmı ki, parlament kürsüsündən, buna yanaşma sərgiləyəsiz?

- Xüsusi məsələ deməzdim. Amma istərdim ki, cəmiyyətdə narazılıq doğuran bir neçə problemə toxunum. Bu da gənclərə qarşı baxışlardır. Hesab edirəm ki, həbsdə olan gənclərə qarşı münasibət dəyişməlidir. Onların günahları varsa da, aldıqları cəza, əməllərinə məncə adekvat deyil. Biz gəncləri qorumalıyıq. Səhvləri varsa, düzəlmələrinə yardım etməliyik. Çünki bunlar bizim gənclərdir, gələcəyimizdir. Əlbəttə, onların içində narkotikaya qurşananı da ola bilər, xaricdə oxuyarkən başqa təsirlərə düşənlər də ola bilər. Amma bu problemlərin həlli üçün daha optimal yollarını tapmaq lazımdır. Bu gənclərin həbsi və onlara verilən həbs müddəti məni narahat edir. O gənclərin də səhvləri var, günahsız deyillər. Məsələn, hökumətin hansısa bir halqasından narazı qalıblarsa, bunu ölkədəki ümumi durum kimi şərh ediblər, bu gün də edirlər ki, düzgün mövqe deyil. Amma hesab edirəm ki, bunlar müzakirə olunmalıdır, ictimai fikirlər ortaya qoyulmalıdır.
Daha sonra mətbuatda gedən yazılarla bağlı da narahatçılığım var. Bu gün bir sıra mətbu orqanlarda xoşagəlməz yazılar dərc olunur. İnternet saytların sayı çoxalıb, hərə ağlına gələni yazır. Baxırsan, qeyri-peşəkarcasına yazılan yazılar "gündəm bombası” adı ilə dərc olunur. İnsanları gözdən salma kampaniyası aparılır. Bunlar əslində könül bulandırmaqdan başqa heç nəyə yaramır. Amma gərək cəmiyyət belə çirkin yanaşmalarla yüklənməsin. Bizim kifayət qədər yetkin jurnalistikamız, peşəkar jurnalistlərimiz var. Həmin peşəkarlar prosesləri izləyirlər. Əminəm ki, onlar normal şəkildə proseslərə işıq salıb, cəmiyyəti məlumatlandıra bilərlər. Arzulayardım ki, peşəkar, ictimaiyyətə təsir gücü olan qələm sahiblərimiz məsələlərə baxışlarını ortaya qoysunlar. Parlamentin bugünkü iclasında zaman və şərait olsa, bu məsələlərə toxunacam. Nədənsə, son vaxtlar iclasda cəhd etsəm də, adımı ilk yarım saatdakı çıxışçılar arasına yazdıra bilmirəm. Sonra qanun layihələri müzakirə edilir ki, onda da layihə ilə bağlı söz demək mümkün olur.
Çox istərdim ki, ildə bir dəfə də olsa, parlamentin iclası çağırılsın və orada sırf ölkədəki ictimai-siyasi məsələlər müzakirə edilsin. Bu çox yaxşı olardı. Biz də fikirlərimizi, narahatlığımızı həmin iclasda səsləndirə bilək ki, sözümüz ürəyimizdə qalmasın.

Anar Bayramoğlu