“Yeni Müsavat” Elman Malıyevi işə götürməyib

Azər Ayxan: “Yəqin o mənim sözümü düzgün başa düşməyib”



2010-cu ildə dələduzluqda təqsirli bilinərək 5 il müddətinə həbs edilən jurnalist Elman Malıyev nümunəvi davranışına görə məhkəmə qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

O, "Azadlıq” radiosuna müsahibə verərkən həbsdən sonra harada çalışacağı ilə bağlı verilən suala cavab olaraq "Bunun üçün "Yeni Müsavat” qəzetinə müraciət etdiyini, artıq rəhbərliklə bu barədə danışdığını bildirib: "Bir aylıq istirahətdən sonra işə başlayacağam”.

"Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan "Şərq”ə deyilənləri birmənalı şəkildə təkzib edib: "Görünür, o, həbsxananın təsirini hələ də unuda bilməyib. Elman Malıyev bu gün redaksiyaya gələrək mənimlə ayaqüstü görüşdü. Və belə bir arzusunun olduğunu bildirdi. Mən də ona kadr məsələləri ilə bağlı Rauf Arifoğlu ilə danışmağı tövsiyə etmişəm ki, onun razılığı olsun. Amma bizim Elman Malıyevlə əməkdaşlığa ehtiyacımız yoxdur. Çünki bu, hazırda mətbuatın maddi durumundan irəli gələn məsələlərdir. Bunları nəzərə alanda bizim yeni əməkdaşlar qəbul etməyə imkanlarımız yoxdur.

A.Ayxan Elman Malıyevin nə üçün belə məsuliyyətsiz bəyanatlar verdiyini bilmədiyini də qeyd edib: "Mənim üçün bu çox gözlənilməz oldu. Yəqin o mənim sözümü düzgün başa düşməyib və yaxud təcridxananın ab-havası ona başqa impulslar verib. İndi əməkdaşlardan xahiş edəcəm ki, E.Malıyevlə danışsınlar və bu cür məsuliyyətsiz bəyanatlar verməyini dayandırsın”.

Vüqar Şahinoğlu