Teleaparıcıların reytinqi etibarlı ola bilməz

" SİAR - təsəvvür edin ki, 9 milyonluq bir ölkədə cəmi 400 mənzildə kimin nəyə baxdığından xəbər tutur"



Bir vaxtlar "Varlılar da ağlayır” tipli seriallara baxıb için-için ağlayan Azərbaycan tamaşaçası indi Xoşqədəm Hidayətqızının "Səni axtarıram”ında göz yaşını selə döndərir. Həm də təkcə bu verilişdə də yox. Ağlamalı verilişlərimiz saya-hesaba gəlmir, "maşallah”. Hazırda Azərbaycan efiri ya ağlamalıdı, ya da vay-şivənli, dava-dalaşlı. Amma budəfəki söhbətimiz verilişlərdən yox, verilişlərin reytinqinin ölçülmə mexanizmi barədə olacaq.

Bu mövzuya müraciət etməyimiz də, ötən həftə yerli serial sənayemizin inkişafı ilə bağlı fikirlərini "Şərq”lə bölüşən sənətşünaslıq üzrə fəlsəfə doktoru, teleaparıcı Elçin Əlibəylinin "Reytinq siyasəti ilə bağlı ölçü götürülməlidir, mən neçə ildir bu məsələni qaldırıram, qulaq asan yoxdur” sözlərinin təsiri ilə oldu. Həqiqətən də, Azərbaycan efirində yayımlanan telelayihə aparıcılarının hamısı özündən razıdır. Özündən razılıq yaxşı keyfiyyətdir, amma bir yerə qədər. Hamısı özünü tərifləyir və reytinq cədvəlində birinci olduğunu deyir. İnkar etmirik, bu verilişlərə baxanlar var, amma onların tamaşaçısı həqiqətən reytinq qıracaq saydadırmı?

Problem burasındadır ki, reytinqlərin necə və hansı üsulla ölçüldüyü məlum deyil. Verilişlərin reytinq göstəriciləri ilə bağlı maraqlı bir məqalə qarşımıza çıxdı. 2009-cu ildə APA-da "Azərbaycan tamaşaçısı hansı telekanallara və hansı verilişlərə baxır” başlıqlı məqalə dərc olunub. Məqalədə yerli telekanalların reytinqini ölçməklə məşğul olan SİAR şirkətinə istinadən bildirilir ki, reytinqlər bütün ölkə üzrə quraşdırılan 400 piplmetr vasitəsilə 24 saat ərzində fasiləsiz olaraq ölçülür. Piplmetrlərin 177-si ancaq Bakı şəhərində quraşdırılıb.

Təsəvvür edin ki, 9 milyonluq bir ölkədə cəmi 400 mənzildə kimin nəyə baxdığından xəbər tutulur. Və bu da reytinq ölçmək üçün əsas meyardır.
Bu insanlar kimlərdir, hansı sənətin sahibidirlər, onları kim və necə seçib, bunların heç biri açıqlanmır. Sadəcə, teleaparıcılar reytinqlərinin yüksək olduğunu uca səslə bəyan edirlər.

"Spekulyasiya imkanları genişdir”

Televiziya mütəxəssisi Zeynal Məmmədli mövzu ilə bağlı "Şərq”ə açıqlamasında bildirdi ki, əsas problem ölkədə faktiki yalnız bir reytinqölçən şirkətin fəaliyyət göstərməsidir:

- Nə qədər ki, bu sahədə rəqabət yoxdur, bir deyil, bir neçə şirkət bu işlə məşğul olmur, açıqlanan reytinq cədvəllərinə etibar edilməyəcək. Rəqabət mühiti, sərbəst bazar yoxdursa, spekulyasiyalara, yarınmalara geniş imkan yaranır. Reytinq məsələsində önəmli olan reytinqin hansı metodologiya ilə hesablanmasıdır. Burada iştirak edən bütün şirkətlər eyni metodologiyadan istifadə etməlidir. Reytinqölçən qurumlar adətən reklam agentliklərinin tərkibində olur. Amma bizdə reklam bazarında da monopoliya olduğu üçün buna da etibar etmək mümkün deyil. Deyirlər, evlərdə cihazlar quraşdırılıb və insanların nəyə baxdığı ölçülür. Bəlkə o adam sadəcə, pul aldığı üçün proqrama baxır. Və bu insanlar kimlərdir, onlar Azərbaycan tamaşaçısını tam təmsil edirmi? Ümumiyyətlə, reytinqölçmə nə qədər insanı əhatə edir, onlara hansı suallar ünvanlanır, nə qədər pul ödənir? Bu 300 nəfərlə irqi, dini, milli mənsubiyyət, sosial təbəqələrin hamısını əhatə etmək mümkündürmü? Təbii ki, xeyr.

Görürsüz, bilmədiyimiz, ancaq bilməmiz gərəkən nə qədər məsələlər var. Məsələn, Avropa Yayım Assosiasiyası məsləhət görür ki, minimum 7 min (!) adamın evində monitor olmalıdır. Təsəvvür edin, 7 min hara, 300-400 nəfər hara?! Məlumdur ki, hazırda Azərbaycanda telekanallar və verilişlərin reytinqini ölçməklə əsasən SİAR şirkəti məşğuldur. Niyə "əsasən” dedim, çünki ANS televiziyasının əməkdaşlıq etdiyi reytinq ölçən bir şirkət var. Adını dəqiq xatırlamıram. Tutalım, SİAR 300 adamın evində monitor quraşdırıb. Bu 300 adamla Azərbaycan ərazisi nə dərəcədə əhatə olunur, ölkənin sıx və ya seyrək yaşayış zonaları, şəhər, kənd, dağ yerləri var. Bunlar əhatə olunurmu? Təbii ki, şəhər sakinləri ilə kənd sakinlərinin baxdığı verilişlər arasında fərqlər ola bilər. Sonra reytinq balı olaraq nəyi əsas götürürlər? Suallar o qədərdir ki, cavablarsa yoxdur. Bilirsiz, rəqabət nə qədər çox olursa, işə bir o qədər ciddi yanaşılır.

Reklam bazarında "uçuşan” milyonlar...

Z.Məmmədli qeyd etdi ki, reytinq məsələsində doğru informasiyada maraqlı olan ilk növbədə reklam verəndir. Reytinq daha çox onun işgüzar marağındadır:

- Amma Azərbaycan bazarında sərbəst reklam bazarına nə dərəcədə ümid edə bilərik? Reklam bazarında 100 milyonlar "fırlanır”. Telekanallar reklam gəlirindən vergi ödəməlidir. Vergi orqanı bununla maraqlanmalıdır ki, telekanal vergi ödəyir, yoxsa yox. Telekanal reytinqölçən şirkətə bu iş üçün pul ödəyir. Ucuz və bahalı paketlər var. Hər paketin də öz qiyməti. Amma televiziyalar daha çox sponsorluqdan qazanır. Fikir verin, əksər verilişlərdə sponsorların reklamı gedir. Sponsorla işləmək televiziya rəhbərlərinə daha çox sərf edir, qazanc əldə edirlər, əməkhaqqını ordan verirlər və s. Özəl televiziyaları qoyaq kənara, dövlət büdcəsindən vəsait ayrılan TV-lər var. Az.TV və İTV. Bu televiziyalar sponsorlar hesabına veriliş hazırlayırsa, bəs onda dövlətin ayırdığı vəsait hara gedir? Niyə bir dənə də olsun uşaq və ya xəbər proqramı reytinq cədvəlinə düşmür, birincilik ancaq tok-şou və şou proqramlarındadı? Bunu artıq MTRŞ analiz etməlidir. Çünki reytinq cədvəli əhalinin də durumunu üzə çıxarır.

ATV və "Xəzər” arasında reytinq "savaşı”

Z.Məmmədli bildirdi ki, etibarlığına şübhə edilən reytinq cədvəlinə görə, hazırda əsas rəqabət ATV ilə "Xəzər” televiziyaları arasında gedir, ANS televiziyası böyük xal fərqi ilə 3-cü yerdədir:

- Amma yenə bildirirəm ki, bu reytinq cədvəli etibarlı hesab edilə bilməz, çünki biz onun hansı meyarlarla hazırlandığını bilmirik və düzgün, əhatəli hesablama aparıldığına da böyük şübhələr var. Bilirsiz, reytinqölçən şirkət nə qədər çox beynəlxalqdırsa, bir o qədər etibarlıdır. Məsələn, Türkiyə məkanında hər həftənin 4-cü günü telejurnal çap olunur, orada verilişlərin reytinqi göstərilir və reklam qiymətləri elan olunur. Növbəti həftənin birinci günü üçün həftənin ortasından qeydiyyat başlayır. Bizdə axı belə bir şəffaf sistem yoxdur. Dünyanın aparıcı ölkələrində ən reytinqli proqramlar, məhz informasiya proqramları hesab olunur. Amma həmin bu SİAR-ın araşdırmasına görə, Azərbaycanda ən çox baxılan kriminal və şou proqramlardır. Siyasi mövzulara az yer verilirsə, siyasi məzmunlu canlı debatlar, gərgin mübahisələr yoxdursa, xəbər proqramları birtərəfli hazırlanırsa, hansı reytinqdən danışa bilərik? Azərbaycan kanallarında ən ağır gələn şou-proqramlardır: 99 faiz. Televiziyanın əsas funksiyası maarifləndirmə, informasiya və əyləndirmədir. Azərbaycan kanallarında əyləndirmənin xüsusi çəkisi 99 faizdir. Qalan iki xətt isə yoxdur. Bunun da nəticəsidir ki, hazırda telekanallarda daha çox səviyyəsiz şou və əyləndirmə var. İnformasiya və maarifləndirici xətt isə arxa plandadır. Halbuki cəmiyyət olaraq informasiya və maarifləndirməyə daha çox ehtiyacımız var. Məsələn, təhsil problemləri ilə bağlı verilişlər sizcə nə qədər auditoriya toplayar? Yəqin ki, çox az. Halbuki təhsil hamımızın yaralı yeridir. Və bilmək istədiyimiz, bilmək haqqımız olan xeyli məsələlər var. Eləcə də, digər sosial problemlərlə bağlı. Azərbaycan tamaşaçısının 60 faizdən çoxu xarici telekanallara baxır. Çünki oradakı verilişlərlə bizim yerli istehsal arasında kəskin fərq var. Elə götürək, "Qolos Rossii”, "O səs Türkiyə” kimi məşhur telelayihələri. İndi baxın bunların bizdəki variantına. Eləcə də yarışma oyunları və ya tok-şoular. Nəinki məzmun etibarilə, heç görünüşcə də müqayisəyə gəlmir. Belə vəziyyətdə hansı reytinqdən danışmaq olar?!

Məlahət Rzayeva