Şəhərdə hər an torpaq çökməsi baş verə bilər

Yer səviyyəsində qurunt sularının artması müşahidə olunur



Sumqayıtın İnşaatçılar qəsəbəsi, Rustavi küçəsi ilə Qorki küçəsinin kəsişməsində yer çöküb. Çökmə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib. Çöküntüyə qurunt və yağış sularının yığılması səbəb olduğu ehtimal olunur.

"Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anar Cəbrayıllı "Şərq”ə yerin çökməsinin su və kanalizasiya ilə bağlı olmadığını söyləyib: "Mən Sumqayıt Su-Kanal İdarəsinin rəisi ilə danışdım. Bizim xətlər hadisə yerindən 7-8 metr uzaqlıqdan keçir. Su kəmərlərində isə heç bir nasazlıq yoxdur”.

"Azəryolservis”dən isə bildirdilər ki, onlar sözügedən əraziyə baxmırlar.

Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova isə çökmənin yağış sularından olma ehtimalı ilə razılaşmır: "Hindistanda aylarla yağışlar yağır, o zaman gərək bu ölkə suyun altında qalardı. Ümumiyyətlə, yer səviyyəsində qurunt sularının artması müşahidə olunur. Həmçinin, respublikada Abşeron yarımadası gilin üzərində yerləşdiyi üçün belə hallara tez-tez rast gəlinə bilər. Çünki buzlaqlar əriyib okeanlara tökülür. Nəticədə okeanlarda suyun artması ilə bərabər, yeraltı qurunt sularının da səviyyəsi qalxır. Çünki gil üzərindən qurunt suları qalxır, nəticədə sürüşkənlik olur. Mən dəfələrlə mətbuatda bu məsələni demişəm ki, Abşeron yarımadası gil təbəqəsinin üzərində oturur. Ona görə də bu ərazilərdə yüksəkmərtəbəli binalar inşa etmək düzgün deyil, sürüşmələr baş verər, yeraltı çatlar yaranar.

Ancaq buna baxmayaraq "Sahil”də yeni hündürmərtəbəli binalar tikilir. Sumqayıt şəhərində hündürmərtəbəli binaların az olmasına baxmayaraq bura da çökmələr baş verir. Hündürmərtəbəli binaları əsasən qayalıq olan bərk suxurlu yerlərdə tikmək lazımdır. Buna Fövqəladə Hallar Nazirliyi nəzarət edərək, harada bina tikilməsinin məqsədəuyğun olduğunu bilməlidir. Həmçinin tikilən binaların yerinə uyğunluğunu yoxlamalıdır”.

Vüqar Şahinoğlu