Sən saydığını say...Gör fələk nə sayır

Bir gün saymamazlığımızın əvəzini ödəyirik. Qara ciyər ömrümüzü qaraldır...



Adına qara ciyər deyirlər. Rənginə görədir. Bəlkə də qanı təmizlədiyinə, çirkli qanı canına çəkib, təmizləyib bədənə ötürdüyünə görə. Bədənin bütün orqanları həyati əhəmiyyətlidir. Fərq qoymaq heç düz olmaz. Qara ciyərin bir orqan kimi üzərinə düşən funksiya daha ağırdır. Filtrasiya prosesini icra etmək. Baxın, çoxumuz evdə suyu süzmək üçün su şüşəsinin ağzına pambıqdan tampon qoyuruq. Bir neçə gün sonra baxırıq ki, pambıq sap-sarı olub. Sudakı lili-torpağı, kiri-pası (təəssüf ki, içməli sularımız hələ də bu vəziyyətdədir - red.) çəkib canına. Çirklənmiş pambığı yenisi ilə əvəz edirik. Təbii, bu, mexaniki bir prosesdir. Allah-təala isə insanı elə bir dəqiqlikdə yaradıb ki, birinci həkim orqanizmin özüdür.

Məsələn, qırmızı qan hüceyrələri "özbaşına” yaranır, artır. Qara ciyər özü-özünü bərpa edir. Kəsilsə də, böyüyüb əzəli ölçüsünə çatır. Bədənin hərarəti infeksiyaları məhv edir. Öd çıxarılanda onun funksiyasını başqa bir orqan üstlənir. Orqanizmdə elə bakteriyalar var ki, zərərli deyillər, əksinə, xeyirli bakteriyaların yaranmasında iştirak edirlər. Saç bir yandan tökülür, bir yandan yenidən çıxır. Sümüyümüz sınanda iliklərdə "qaynaq” prosesi başlayır... Bəlkə bu yazını oxuyan həkimlər "bu da növbəti bir diletant” deyib güləcəklər. Amma dediklərimizdə həqiqət də var axı.

Di gəl ki, bədənimizin filtri olan qara ciyərimizin qədrini bilmirik. Və bir gün saymamazlığımızın əvəzini ödəyirik. Qara ciyər ömrümüzü qaraldır...

Alimlər hesablayıb ki, hazırda dünyada 150-200 milyon insan hepatit C xəstəsidir. Qəribədir ki, bu virus xəstəliyi ötən əsrin 90-cı illərindən "populyarlaşıb”. Yəni, xəstəliyə bir ad verilib. Bəzən qocalar danışır ki, kəndimizdə filankəsi "vurqun vurmuşdu. Kürəyi qapqara idi”. Bunu eşidən müasirlər, xısın-xısın gülüşürlər ki, kişi, infarktdan danışır, infarkt keçirən adamın kürəyinin ortası qaralır. Yəqin, hepatit C də belədir. Qədimlərdə də insanlar qara ciyər xəstəliyindən vəfat edirmiş, hamı belə də qəbul edirmiş ki, bəli, yeməkdən kəsildi, arıqladı, bənizi sap-sarı oldu və öldü. Elm inkişaf etdikcə, qara ciyər serrozu, hepatit C xəstəlikləri "ortaya çıxdı”. Artıq məlumdur ki, hepatit C qara ciyər serrozunun ilkin mərhələsidir. Üzərinə tez düşüləndə, zamanı qaçırmadan müalicə olunanda xəstəliyə qalib gəlinir. Qara ciyəri qorumaq olur.

Vay o gündən ki, özünə biganə olasan, müayinələrə getməyəsən, müalicədən uzaq gəzəsən. Neyləsin, qara ciyər. Dözüb-dözüb, bir gün də "partlayacaq”.

Ciyərindən yaralanan sənətkarlarımız

Azərbaycanın bir çox tanınmış, məşhur adamları, məhz qara ciyər serrozunun qurbanı olub. Bu xəstəliyin adını nə vaxt eşitdimsə, ilk yadıma düşən mərhum aktrisamız Vəfa Fətullayeva olur. Azərbaycan səhnəsinin bu incə çiçəyi ömrünün tam da bahar çağında - 41 yaşında vəfat etdi. Serrozdan. Bəs səhnəmizin Səməndəri? Onu da serroz apardı - Vəfa yaşında - 41-də. Hələ Ərdəbil yanğılı qaragiləmiz - Rübabə xanım Muradova. Serroz əritmişdi o boyda boy-buxun sahibini. Estradamızın şansonyesi - Mirzə Babayev... Bəs Yaşar Nurini necə xatırlamayaq?! Heç Türkiyədə də dərdinə əlac tapılmadı. Əslinə qalsa, mərhum aktyorumuzu Türkiyədə müalicə etmişdilər, amma möhkəm tapşırmışdılar ki, nə badə, dilinə spirtli içki vurasan. Sözə baxmadı, əcəl də ömrə baxmadı. Sevimli aktyorumuz Telman Adıgözəlov, Ələkbər Hüseynov - Ələkbər əmi, qara ciyərlərinin qurbanı oldular.

Serroza qalib gələn sənətkarımız bircə Baloğlan Əşrəfovdur. O da, məhz transplantasiya nəticəsində. Allah ömrünü uzun eləsin.

Deyirlər, serrozun əsas baiskarı spirtli içkidir. Yazarlar, sənətçilər də ki, Allah köməkləri olsun, içki ilə "sədaqətli dostlardır”.

Mərhum Səməndər Rzayev haqqında danışanlar onu dost məclislərinin aşiqi kimi təqdim edirlər. Dost məclisləri də içkisiz olmur. Hətta deyilənə görə, aktyorun səhnəyə içkili vəziyyətdə çıxdığı vaxtlar da olurmuş. Amma bu azman aktyor rolunun öhdəsindən yenə də məharətlə gəlirmiş. Tamaşaçılarımız "Təhminə və Zaur” filmini də xatırlayır yəqin. Anarın "Təhminəsini” də serroz aparır axı dünyadan. Dərddən, qəmdən içirdi, Təhminə. Biri dərddən içir, biri sevincindən. Xüsusən də qələm əhli, yaradıcı insanlar içkiyə aludə olurlar. Bəzi yazarlarımız arağı özünə könül həmdəmi seçib. Və bunu etiraf etməkdən də çəkinmirlər. Əsəd Qaraqaplan adlı yazarımızın arzusuna baxın; "yekə bir pivə çəlləyi ola, girim içinə...” Sonra da deyir ki, "ciddi ədəbiyyat kef məclislərində yaranır”. İçkiyə aludəçiliklərini "əsaslandırmağa” çalışanlara göz dağı bizcə şair Aqşin Yeniseyin hazırkı durumudur.

Məlumdur ki, Aqşin Yeniseyin qara ciyərində ciddi problem yaranıb və o, Gömrük Hospitalına yerləşdirilib. Həkim nəzarətindədir. Sirr deyil ki, Aqşin içki düşkünü idi. Yazarlar cameəsində bunu bilməyən yoxdur. Hətta keçmiş həyat yoldaşı Aysel Əlizadə ailələrinin dağılmasının əsas səbəbkarının araq şüşəsi olduğunu deyib. Məqsədimiz Aqşinin ailə və ya həyat-xəstəlik dramını qabartmaq deyil. Aqşinin nələr yazmasına baxmayaraq yenə də hər kəs ona Uca Allahdan şəfa diləyir. Məqsəd qara ciyərin ömürləri qaraltmasına aparan yolları göstərməkdir. Bir neçə tanınmışın, məşhur simaların adını çəkməklə elə təsəvvür yaranmasın ki, qara ciyər xəstəliyindən əziyyət çəkən soydaşlarımızın taleyinə biganəlik var. Xəstəlik hamı üçün taleyin acı oyunudur. Sadəcə, insan gərək bu oyunun oyunçusu olmaqdan özünü qorusun. Əbəs yerə deməyiblər, hər kəs 100 il yaşamasa, günah özündədir.

Qara ciyərin düşmənləri - içki, yağlı yemək

Qara ciyərə düşmən münasibəti "bəsləyən” vasitələrin anladılmasına keçməzdən öncə, qısaca onu deyək ki, serroz qaraciyərin xroniki xəstəliyidir. Bu xəstəliyinin əmələ gəlməsinin ən əsas səbəbləri alkoqol və keçirilmiş hepatit xəstəliyidir. Bəzi xəstələrdə isə vaxtilə keçirilmiş sarılığa və ya alkoqolun qəbuluna rast gəlmək olur.

Spirtli içki ilə bağlı olan serrozda qaraciyər əvvəlcə böyüyür, xəstəliyin son məqamında isə balacalaşır.

Xəstəliyin əlamətləri: ümumi zəiflik, iştahanın pozulması, tez yorulmaq, ürək bulanması, qəbizlik, mədədə ağırlıq, qızdırma, tez-tez və asan qanaxma halları, bədən səthində asanlıqla yaranan qançırlar, qarında mayenin toplanması, ayaqlarda şişkinlik, çəkinin azalması.

Həkim-qastroenteroloq Sevinc Mehdiyeva bildirdi ki, xəstəliyin ilk dövründə iştah tamamilə pozulur. Xəstə halsız olur və arıqlayır. Əsasən səhər ac qarına olarkən bulantı və qusma halları olur. Xəstə gecələr gündüzə nisbətən daha çox kiçik tualetə çıxır və sonda qarın boşluğunda suyun yığılması ortaya çıxır. Dərisi torpaq rəngində olur. Dəridə sarılıq olmasa da, gözlərdə həmişə sarı kölgə olur. Əsasən yanaqlar və burun sərxoşlardakı kimi qızarır. Bu bölgələrdə parlaq qırmızı rəngdə nöqtələr görünür. Eyni hal dabanlarda və ovuclarda da olur.Üz boyun, bel, sinə və qollarda incə damalar görünür. Qoltuq altında olan tüklər başda olmaqla, bədəndəki tüklər də tökülür. Bütün bunlar qaraciyərin pozulması ilə ortaya çıxan hormonal pozğunluqla bağlıdır.

Serrozlu xəstə ilk öncə spirtli içkilərdən kənar durmalı, gündə 100 qr protein (yağsız ət, balıq, pendir ), 10 qr bitki və kəsinliklə qızarmış yağ ilə 300-400 qr karbohidrat (şəkər, çörək, xəmir və s.) yeməlidir. Bundan əlavə, duzdan az istifadə etməli, bağırsaqların normal işləməsini tənzimləmək, qəbizliyin qarşısı alınmalıdır. Qəbizlikdə bağırsaq atılması lazım olan maddələri kənarlaşdıra bilmir, buna görə də qaraciyərin işi çətinləşir. Xəstə soyuqdan, yorğunluqdan və infeksion xəstəliyi olanlardan kənar olmalıdır. Ümumiyyətlə, hər bir insan orqanizmini soyuqdan qorumalıdır. Çünki soyuqdəymə nəticəsi olaraq zədələnən orqanlar immun qabiliyyətlərini daha tez itirir.

S.Mehdiyevanın sözlərinə görə, qaraciyər bədəndə öz-özünə bərpa olunan bir orqandır. Orqanizm üçün çox vacib olan bu orqanda problemin yaranması insan həyatı üçün çox təhlükəlidir. Buna müxtəlif səbəblər yol açır:

- Toksik maddələrin yığılaraq bədəndən kənarlaşdırılması zülal sintezi, bir çox biokimyəvi maddənin yaranması və reaksiyaların getməsi məhz qaraciyər sayəsində olur. Qaraciyərə müxtəlif səbəblər mənfi təsir göstərə bilir. Burada ən ibtidai amillər kimi bir çox dərman və bitki mənşəli məhsulların qəbulu göstərilir. Xüsusilə də həkim məsləhəti olmadan ağrıkəsici, antibiotik, bitki mənşəli vitaminlərlə zənginləşdirilmiş vitamin preparatlarının istifadəsi toksik hepatit və bəzən də qaraciyər nəqlinə gətirib çıxaran qaraciyər çatışmazlığı kimi fəsadlarla nəticələnir.

Qaraciyər üçün təhlükəli amillərdən biri məhz artıq çəkidir. Düzgün qidalanma, fiziki aktivlik və çəkiyə nəzarət bütün bədən üçün olduğu kimi, qaraciyər üçün də çox önəmlidir. Nizamlı bir şəkildə qidalanmaqla yağ, şəkər və karbohidrat qəbulunun azaldılması, vitamin və mineral baxımından zəngin olan meyvə-tərəvəz qəbulunun artırılması, hazır qidaların minimuma endirilməsi vacibdir. Spirtli içkidən müntəzəm istifadə isə ani və ya xroniki qaraciyər xəstəliyinə səbəb ola bilər. Bəzi genetik xəstəliklərlə bağlı da qaraciyərdə problemlər yarana bilər.

Şişman qarınlılar potensial xəstələrdir?

Qastroenteroloq bütün şişman qarınlıların potensial qara ciyər xəstəsi hesab edilməsini düzgün yanaşma saymır. Amma bunu da deyir ki, bu gün qaraciyər piylənməsi cəmiyyətdə çox sıx rast gəlinən bir hala çevrilib və hər 4-5 insandan birində rast gəlinir:

- Hətta qadın və kişilərdə eyni miqdarda rast gəlinir. Əgər bu piylənməyə iltihab yoldaşlıq edirsə, bu vəziyyət ilk olaraq qaraciyər hüceyrəsinə, sonra fibroz və oradan da serroza qədər gedir. Qara ciyərində piylənmə olan insanların əgər çəkisi çoxdursa, mütləq bu çəkidən xilas olmalı, yağlı qidalardan uzaq durmalı, bol meyvə-tərəvəz qəbul etməli, davamlı idmanla məşğul olmalıdırlar. Ən önəmlisi isə bu sahədə mütəxəssisə müraciət etməkdir. Qaraciyər piylənməsi qaraciyər hüceyrələrində normadan artıq yağ toplanması nəticəsində meydana gəlir. Normal, sağlam orqanizmdə qaraciyər hüceyrələrində az miqdarda yağ ola bilər və bu, hər hansı bir xəstəliyə səbəb olmaz. Ancaq qaraciyər serrozu qaraciyər xərçənginə də yol açır. Buna görə də qaraciyər piylənməsi olan xəstələr daim nəzarətdə olmalıdırlar. Qaraciyər piylənməsinin səbəbləri əsasən spirtli içkiyə bağlı olaraq iki yerə ayrılır. Bunlardan biri spirtli içkiyə bağlı olan steatohepatit, digəri - spirtli içkiyə bağlı olmayan səbəblərdir ki, bu da NASH adlanır”.

Ancaq bu insanlarda bəzən qarnın sağ üst tərəfində dolğunluq, bədəndə halsızlıq, tez yorulma kimi əlamətlər ola bilər. Nadir hallarda qaşıntı, iştahasızlıq müşahidə olunur. Bu problemin mövcudluğu əsasən qanın laborator müayinəsi ilə aşkarlanır. Eləcə də ultrasəs müayinəsi zamanı qaraciyərin böyümüş olduğu görünür.

Spirtli içkiyə bağlı qaraciyər piylənməsinin əsas müalicə üsulu onun qəbulunun kəsilməsidir. Spirtdən kənar yaranan xəstəliyin müalicəsi isə həyat tərzinin dəyişilməsi, idman, yeməkdəki yağ miqdarının azaldılmasıdır. Heyvan mənşəli yağlar, şokolad, toyuq dərisi kimi qidalardan uzaq durmaq, meyvə-tərəvəz, ağ ət istifadə etmək lazımdır. İdmanın xüsusi önəmini də nəzərə alsaq, gündə ən az 30-45 dəqiqə olmaqla həftədə 4 gün qaçmaq lazımdır.

Odur ki, qara ciyərimizin bizi qara deyil, ağ günə çıxarmasına özümüz də yardımçı olmalıyıq. Əks halda, ciyərimiz yanacaq, özü də yaman yanacaq...

Məlahət Rzayeva