Putinin devrilməsi...

ABŞ Konqresi Rusiyanın gücünə qarşı 30 milyard dollar ayırmaq istəyir




Hazırda Rusiya beynəlxalq siyasi səhnədə təklənib. Dünyanın aparıcı ölkələri Moskvaya qarşı barışmaz mövqe tutublar. Ukrayna hadisələrinə görə Amerika-Rusiya münasibətlərinin gərginləşməsi şimal qonşumuzu çətin duruma salıb.

Mövcud vəziyyətdən yaxa qurtarmaq üçün dövlət başçısı Vladimir Putin yollar axtarır. Təşviş içərisində olan Kreml rəhbəri blokadadan çıxmaq məqsədi ilə Çinlə ticari əlaqələrin tənzimlənməsi və Avrasiya İttifaqı məsələlərini reallaşdırmağa can atır. Bu addımlarla bağlı tez-tələsik qərarlar qəbul etməyi planlaşdırır. Amerika tərəfi isə bu səylərin əbəs olduğunu söyləyir. Ağ Ev bildirir ki, indiki halda rəsmi Vaşinqtonun üstünlüyü odur ki, Rusiyanın işğalçı ölkə olmasını dünya ölkələrinə sübut edə bilib. Onu da əlavə edirlər ki, Rusiyanın çökdürülməsi istiqamətində cəhdlərini bundan sonra da davam etdirəcəklər. Vaşinqton Putinin devrilməsi istiqamətində də səylə çalışır. Belə ki, ABŞ senatorları "Rusiya təcavüzünün qarşısının alınması aktı-2014” adlı qanun layihəsini Konqresə təqdim ediblər. Layihəni Con Makkeynin rəhbərliyilə 26 Respublikaçı-senator hazırlayaraq, qeydiyyatdan keçirib. Bu sənəd ABŞ Konqresinin Beynəlxalq münasibətlər komitəsində iki oxunuşdan keçib. Amerikalı politoloqların fikrincə, Konqresdə üstünlüyü olan Respublikaçılar Partiyasının sənədin yaxın vaxtlarda qəbuluna nail olacağı şübhə doğurmur. Layihəyə əsasən ABŞ Konqresi Rusiya məsələsinə 30 milyard dollar pul ayıracaq. Açıq görünür ki, məqsəd Putini devirməkdi. Layihədə Amerika qoşunlarının Rusiya sərhədləri boyu yerləşdirilməsi, hərbi təlimlərin tezliyinin və müddətinin artırılması, Rusiya müxalifətilə əlaqələrin gücləndirilməsi, hər il 10 milyard olmaqla, 3 il ərzində Rusiyanın demokratikləşməsi üçün vəsait ayrılması nəzərdə tutulub.

Putinə qarşı yönəlmiş layihəni şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, bu sənəd ciddi araşdırmalar nəticəsində ərsəyə gəlib. Onun sözlərinə görə, Amerika Rusiyanın törədə biləcəyi təhlükələri artıq hiss edib: "Ağ Ev düşünür ki, Putin barədə ciddi tədbirlər görülməsə, o, Amerikanın təhlükəsizliyi üçün təhlükəli işlər görə bilər. Bu məsələlər ciddi araşdırılıb. ABŞ Təhlükəsizlik Şurası səviyyəsində müzakirə edilib. Çox güman ki, senat bu layihəyə müsbət yanaşacaq. Putinin devrilməsi üçün nəzərdə tutulan məbləği ayıracaq”.

Ekspert onu da diqqətə çatdırıb ki, layihənin məqsədlərindən biri də Rusiyanı daxildən qarışdırmaqdı: "Proses hazırlanan plan üzrə baş verərsə, Rusiyada daxili savaşın şahidi ola bilərik. Bu da Putinin sonu demək olacaq”. Rusiyanın imperialist siyasətdən əl çəkmədiyini söyləyən Q.Hüseynlinin fikrincə, plan Amerikaya müttəfiq ölkələrlə birgə həyata keçirilir: "Səudiyyə Ərəbistanın bu işə qatılacağı gözlənilir. Sözügedən ölkə məsələyə böyük vəsait ayırmaq niyyətindədir. Əlindəki resursların çoxunu bu istiqamətə yönəltmək istəyir. Sənəd çox ciddi mətləblərdən xəbər verir. Moskva lideri bunları bilir. Ona görə də geri çəkilməyi düşünür”.

Hər iki ölkə arasındakı söz savaşının hərbi savaşa keçəcəyinə gəlincə, politoloq bunu söyləməyin çətin olduğunu deyib: "İndidən konkret proqnoz vermək olmur. Hər halda Amerika addımlarını getdikcə qətiləşdirir”.

Ayyət Əhməd