“Nazirliklə bağlı danışmaq istəmirəm”

Ramiz Əzizbəyli: “Onlar getsinlər işlərinin dalınca”




Xalq artisti Ramiz Əzizbəyli uzun müddət səhhətində yaranan problemlə əlaqədar xəstəxanada müalicə aldı. Tanınmış sənətçi artıq xeyli müddətdir ki, müalicəsini ev şəraitində davam etdirir. Maraqlanmağa çalışdıq ki, hazırda Ramiz Əzizbəyli özünü necə hiss edir.

"Şərq”in əməkdaşı ilə danışarkən Ramiz Əzizbəyli hazırda özünü yaxşı hiss etdiyini qeyd etdi: "Mən ilk əvvəl qızım sizə, mətbuat nümayəndələrinə təşəkkür edirəm ki, mənimlə maraqlanırsız. Bizim indi elə yaşımızdı ki, diqqətə daha çox ehtiyac duyuruq. Mətbuatın isə diqqətini hər zaman hiss etmişəm. Demək ki, bu illər ərzində əbəs yerə çalışmamışam. Düzdür, bəzi insanlar, bəzi qurumlar üçün bizim kimi sənətkarların səhhəti, dolanışığı o qədər maraqlı deyil. Çünki onları ancaq kreslo maraqlandırır. Başqa heç nə. Amma xalq səni sevəndə, sadə insanlar səninlə maraqlananda, bu, insana yaşamaq həvəsi verir. Nə deyim? Özümü indi çox yaxşı hiss etməyə başlamışam. Şükür Allaha, vəziyyətim düzəlir. Allah qoysa, lap yaxşı olacam”.

Xalq artisti bizimlə söhbətində qeyd etdi ki, ona baş çəkən yaxın dostlarına, bəzi həmkarlarına təşəkkür edir ki, onu unutmurlar: "Əsas odur ki, mənim yaxşı dostlarım var. Allah onlara dəyməsin. Həm mənəvi, həm maddi köməkliklərini göstəriblər”.

Maraqlandıq ki, nazirlik Xalq artistinin səhhəti ilə son vaxtlar maraqlanıb, ya həmişəki soyuq münasibət yenə davam edir? Ramiz Əzizbəyli "Bəs dedim axı, bəzilərini biz yox, kreslo maraqlandırır. Mən nazirliklə bağlı danışmaq istəmirəm. Onlar getsinlər işlərinin dalınca. Elə bir qurumun olub-olmamağı qətiyyən artıq mənim üçün əhəmiyyətli deyil. İnşallah, ayağa qalxıb, sənətimlə məşğul olmaq istəyirəm. Mən sənətimə vurğun insanam. Məni yaşadan da bu sənət və tamaşaçı sevgisi olub” söylədi.

Tahirə