Məktəbin qarşısında kütləvi dava, atəş açıldı





Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda kütləvi dava baş verib.
Lent.az-ın məlumatına görə, rayonun "Çermet” qəsəbəsi ərazisində, 93 saylı orta məktəbin qarşısında baş vermiş davaya səbəb "BMW X6” markalı avtomobilin sürücüsünün yolda avtoxuliqanlıq etməsi olub. Buna etiraz edən qəsəbə sakinləriylə avtomobildəki sərnişinlər arasında əlbəyaxa dava düşüb. "X6”-dakıların əraziyə kömək üçün xeyli adam çağırmasından sonra vəziyyət daha da qəlizləşib. Qəsəbə sakinləri ilə 30-40 nəfərlik "gəlmələr" arasında gərginlik zamanı naməlum şəxs odlu silahdan havaya bir neçə dəfə atəş də açıb. Bundan sonra hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb olunub, ərazi nəzarətə götürülüb.
Nərimanov rayon Polis İdarəsindən Lent.az-a faktı təsdiq etdilər. Bildirilib ki, bir neçə nəfər saxlanılıb və faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.