Rusiya Nazarbayevin dili ilə danışır

Ermənistana təzyiqlər var, Moskva istəyir ki, separatçı ölkə, Azərbaycanla razılaşsın...





Ötən günlərdə Astanada Rusiya, Qazaxıstan və Belarus prezidentləri arasında görüş baş tutub. Görüşdə hər üç dövlət başçısı Avrasiya İqtisadi Birliyinin yaradılması barədə müqavilə imzalayıb. Maraq doğuran məsələ Ermənistanın adıçəkilən ittifaqa üzvlüyünün bir qədər təxirə salınması olub. Separatçı ölkə rəhbəri Serj Sarkisyan aralıqda qalıb. Düşmən ölkə Qarabağa görə Avrasiya İttifaqına qəbul olunmur.

Erməni dövlət başçısı quruma üzvlüyə iyunun 15-də qəbul olunmasını istəsə də, ev sahibi Qazaxıstan prezidenti Nursultan Nazarbayev Sarkisyanı dalana dirəyib. Rəsmi İrəvanın iyulun 1-nə qədər gözləməsini məqsədəuyğun sayıb. Digər diqqətçəkən məqam Nazarbayevin Ermənistana tövsiyəsi olub. O, sözügedən ölkəni yalnız BMT tərəfindən qəbul olunmuş sərhədlər daxilində üzv qəbul edə biləcəklərini dilə gətirib. Bu təklif Vladimir Putin və Aleksandr Lukaşenko tərəfindən də müsbət qarşılanıb. Bu o deməkdir ki, Ermənistanın quruma üzvlüyü yalnız Qarabağsız mümkündür.

Xatırladaq ki, haqqında ciddi müzakirələrin getdiyi qurumun 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacağı gözlənilir.

Nazarbayevin açıqlamasını şərh edən Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri, doktor Fərhad Mehdiyev "Şərq”ə sözügedən bəyanatın vacib olduğunu söyləyib. Politoloqun sözlərinə görə, bu, çox şeyi dəyişdirə bilər: "Hazırda belə söz-söhbətlər dolaşır ki, Rusiya tərəfindən də Ermənistana təzyiqlər var. Moskva istəyir ki, separatçı ölkə Azərbaycanla razılaşsın. İşğalda olan ərazilərimiz boşaldılsın. Bu deyimlər hələ ki, şayiə səviyyəsindədir”.

Ekspert hesab edir ki, ola bilsin, Rusiya demək istədiklərini Nazarbayevin dili ilə çatdırır: "Rusiya Avrasiya İttifaqını (Aİ) Azərbaycanın üzünə açmaq istəyir. Ona görə bu şərti qoyur ki, Ermənistanı Dağlıq Qarabağsız götürürük. Həmin əraziləri Azərbaycanın ərazisi kimi tanıyırıq. Bu addımlar Azərbaycanı birliyə cəlb etmək üçün atılır. Əks halda, Azərbaycan ora niyə üzv olmalıdır ki? Aİ Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanısaydı, ölkəmiz həmin təşkilata üzv olmaqla qəbul etmiş olardı ki, Dağlıq Qarabağ bizim ərazi deyil. Çünki ölkəmiz birliyə qoşulanda Ermənistanın sərhədləri necə tanınıbsa, o şəkildə qəbul etməlidir. Azərbaycan qabaqcadan qeyd edir ki, Dağlıq Qarabağ bizimdir. Bu baxımdan üçlük düşmən ölkəni Dağlıq Qarabağsız qəbul edir. Belə olmayacağı təqdirdə, ölkəmiz ittifaqa qatılmayacaq”.

Ayyət Əhməd