Nazarbayev ermənilərin canına vəlvələ salıb

Sarkisyan hakimiyyətinin ətrafında halqa daralır, istefa səsləri artır





Ermənistan mətbuatı sensasion iddia ilə çıxış edib. Düşmən ölkənin mediası yayıb ki, Azərbaycan işğalçı ölkə başçısı Serj Sarkisyana Qarabağla bağlı 1 ay vaxt verib. Erməni mətbuatı hətta Moskvanın Qarabağa sülhməramlılar yeridəcəyi ehtimalını da qeyd edib. Yazıda o da vurğulanıb ki, Sarkisyan bu vaxt müddətində mühüm dəyərləndirmələr etməlidir.

Ermənistan mətbuatının yaydığı xəbəri qiymətləndirən

Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli isə hesab edir ki, bu deyilənlər Ermənistan daxilindəki gərginliyin əyani sübutudur. "Azərbaycan heç kimə vaxt verməyib. Hesab edirəm ki, Ermənistan mətbuatında yayılan vaxt, zaman söhbəti ölkə müxalifətinin uydurmasıdır. Çünki Azərbaycan dövlətinin Ermənistana Dağlıq Qarabağla bağlı vaxt verməsi məsələsi bizdə rəsmi şəkildə öz təsdiqini tapmayıb.

Bu günləri Ermənistan tərəfini, xüsusən də ölkədəki müxalif qüvvələri ən çox narahat edən məsələ Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin Astanada Avrasiya İqtisadi Birliyinin yaradılması barədə keçirdikləri görüşdə Qazax lideri Nursultan Nazarbayevin Ermənistana qeyr-adi ultimatum verməsidir. Qazax lideri Avrasiya İttifaqının imzalanma mərasimində Azərbaycan prezidentindən məktub aldığını vurğulayıb və qeyd edib ki, Ermənistanın Avrasiya İttifaqına BMT tərəfindən tanınan sərhədlər çərçivəsində qəbulu mümkündür. Nazarbayevin bu bəyanatına isə Ermənistanın prezidenti Serj Sarkisyan və xarici işlər naziri Eduard Nalbandyanın çox passiv reaksiyası və məsələ ilə bağlı mövqesizliyi kimi məsələlər də ölkə daxilində narazılıq doğurub. Mərasimdə iştirak edən Rusiya və Belarusun da heç bir mövqe sərgiləməməsi göstərir ki, onlar da rəsmi Astananın tərəfindədir. Nazarbayevlə polemikaya girməsə də, Sarkisyan hadisədən 2 gün keçəndən sonra açıqlama verdi ki, heç vaxt Dağlıq Qarabağın Ermənistanla birlikdə Avrasiya İttifaqına üzvlük məsələsi müzakirə predmeti olmadığı üçün bizim buna reaksiya verməyimizə ehtiyac yox idi”.

Ermənistanda Sarkisyan hakimiyyəti ətrafında halqanın kifayət qədər daraldığını vurğulayan politoloqun sözlərinə görə, ölkə daxilində istefa tələbləri artıb. Ayrı-ayrı siyasi partiyalar Sarkisyanı yetərincə həyati əhəmiyyətli məsələlərdə passiv mövqe sərgiləməkdə ittiham edərək, bunu Azərbaycanın diplomatik qələbəsi kimi qeyd edirlər: "Mənə elə gəlir ki, bütün bu reallıqlar fonunda rəngləri bir qədər də mürəkkəbləşdirmək üçün Azərbaycanın Ermənistana konkret vaxt tələbi kimi ultimatumlar yer almaqdadır. Amma bütün bunlar şişirtmələrdən ibarətdir. Azərbaycanın mövqeyi bəllidir. Həmin mövqe ölkə başçısının çıxışlarında dəfələrlə öz əksini tapıb. Eyni zamanda, bu mövqe prezidentin Avrasiya İttifaqının təsisçi ölkələrinə göndərdiyi məktubda da öz əksini tapıb. Artıq bütün dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir və hətta ən yüksək səviyyədə Dağlıq Qarabağa status verməyə belə hazırdır. Bu mənada Ermənistan mətbuatı ölkədə siyasi ajiotaj yaratmaq, mövcud şəraitdən siyasi manipulyasiya vasitəsi kimi yararlanmaq məqsədi ilə vaxt məsələsini ortaya atıb”.

Şəymən