İndi Qarabağın həllini istəyənlər daha çoxdur

Avropadan gələn qonaqların fəallığı bunu deməyə əsas verir



Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti, ATƏT-in sədri Didye Burkhalter Prezident İlham Əliyevlə təkbətək görüşündə ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Prezident İ.Əliyev də səfərin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib və qeyd edib ki, tərəfdaşlığın mahiyyəti bir çox sahələri - siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir. Burkhalterin Azərbaycana həm də ATƏT-in sədri kimi gəldiyini deyən dövlət başçısı sədrin regiona səfərinin səmərəli olacağına ümid etdiyini bildirib: "Ümid edirik ki, sizin səfəriniz regionumuzda müsbət meyillərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinin inkişafına öz töhfəsini verəcək”. Qeyd edək ki, Burkhalterdən bir neçə gün əvvəl Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər edərək, Prezident başda olmaqla, bir sıra yüksək rəsmilərlə görüşüblər. Həmsədrlərdən qabaq isə AŞ PA-nın sədri Anna Brassör Azərbaycanda olub. Qərb dairələrinin ölkəmizə ardıcıl səfərlərini şərh edən bəzi siyasi ekspertlərin fikrincə, son günlər Azərbaycan-Rusiya yaxınlaşmasından narahatlıq duyan Qərb strukturlarının rəhbərləri buna mane olmaq üçün Azərbaycanın siyasi rəhbərliyi ilə görüşə can atırlar. Məqsəd isə Dağlıq Qarabağ münaqişəsindən dolayı Qərbdən üz döndərən Azərbaycanı yenidən "qazanmaqdır”. Əlbəttə, bunun əksini düşünən politoloqlar da var. Onların qənaətincə, son günlər həyata keçirilən səfərlər formal xarakter daşıyan siyasi prosedurun tərkib hissəsidir və heç bir mahiyyət kəsb etmir.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında yaxınlaşma olduğunu heç kim iddia edə bilməz. Çünki belə şey yoxdur: "Bunu yalnız o vaxt demək olar ki, Azərbaycan Gömrük və Avrasiya İttifaqlarına daxil olmağa razılıq versin. Ancaq dövlətimizin belə niyyəti yoxdur. Vəziyyət olduğu kimi qalmaqdadır. Azərbaycan hökuməti Rusiyanı məsafədə saxlayır”. Qərbin aktivləşməsi məsələsinə gəlincə isə, politoloq bildirib ki, Ukrayna hadisələrindən sonra Qərb ölkələri sanki yuxudan oyanıb: "Artıq Qərb dairələri anlayır ki, Dağlıq Qarabağ probleminin həll olunmaması Rusiyanın Qərbin Azərbaycandakı maraqlarına zərbə endirməsinə şərait yaradır. Bundan yararlanan Rusiya yenidən müharibəni qızışdırmaqla Azərbaycandakı stabilliyi pozmağa çalışır. Ona görə də, Qərb bütün gücünü nəyin bahasına olursa-olsun, Qarabağ məsələsini həll etməyə və Ermənistan-Azərbaycan müharibəsinin başlanmasının qarşısını almağa yönəldir. Açığı görünür ki, Qərb strukturları əvvəlkindən daha çox məsuliyyət hiss edirlər. Artıq ABŞ-ın dövlət Departamenti və Fransa prezidenti bu məsələ ilə yaxından məşğul olmağa başlayıb. Son vaxtlar Minsk Qrupunun həmsədrləri də aktiv fəaliyyət göstərirlər. Yəni müəyyən qədər tərpəniş var və ümid edirəm ki, bu cəhdlərin bir xeyri olacaq”.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev ATƏT sədrinin Azərbaycana gəlişini adi xoşməramlı səfər kimi dəyərləndirib: "Sədrin Azərbaycana səfər etməkdə məqsədi regiondakı vəziyyətlə tanış olmaqdır və yəqin ki, bu, onun sonuncu səfəridir. Bilirsiz ki, hansı ölkənin rəhbəri ATƏT-in sədri seçilirsə, o, ildə bir dəfə Qafqaz ölkələrinə səfər edir. İndiki səfər də həmin qəbildəndir. Bu gəlişin Rusiya ilə əlaqəsi yoxdur. O ki qaldı Dağlıq Qarabağ münaqişəsinə, ATƏT sədri ilə münaqişə, sadəcə müzakirə oluna bilər. Görüşdən ciddi nəticə gözləmək lazım deyil. Çünki Qarabağ problemi ATƏT sədrinin işi deyil. Bununla həmsədrlər məşğul olur. Quruma sədrlik rəmzi xarakter daşıyır”.

İsmayıl