Zakir Həsənov NATO yoluna çıxıb

Rəsmi Bakı hərbi alyansla əməkdaşlığın dərinləşməsinə maraq göstərir



Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə dünən Belçika Krallığına rəsmi səfərə gedib.

Səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək. Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaq. Z.Həsənov NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvəti ilə NATO-nun Brüsseldəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (İSAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə də iştirak edəcək.

Səfərin xüsusi əhəmiyyətindən söz açan "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru, hərbi ekspert Cəsur Sümərinli "Şərq”ə deyib ki, Azərbaycanın NATO ərazisində bir neçə istiqamətli əməkdaşlığı mövcuddur: "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat İttifaqının 4-cü mərhələsinin razılaşdırılması məsələsi gündəmdədir. Rəsmi məlumatlara görə, Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi bu sənədi hazırlayıb, quruma təqdim ediblər. İndi birlik tərəfinin sənəd barədə müəyyən rəyləri olacaq. Görüşlər çərçivəsində sənədin detalları ətrafında müzakirələr açılacaq. Layihəyə adekvat olaraq növbəti iki il ərzində Azərbaycan ordusunda həyata keçiriləcək islahatlar müzakirə predmeti ola bilər”.

Ekspert onu da əlavə edib ki, hazırda ittifaqa daxil olan fəal ölkələrin hədəflərindən biri 2014-cü ildən sonra Əfqanıstanda sabitliyə nail olmaqdır: "Əfqanıstana göstəriləcək dəstək kontekstində 8 tərəfdaş ölkə xüsusi rol oynayacaq. Maliyyə və humanitar dəstəkdən söhbət gedir. Bunlar da müzakirəyə çıxarıla bilər. Bu iki istiqamət Azərbaycan və adıçəkilən təşkilat tərəfdaşlığının prioritetləridir”.

Ekspertin qənaətincə, qurum ölkəmizlə əməkdaşlığını dərinləşdirmək istəyir: "Bu kontekstdə öz mesajlarını verir. Görüşlərdə Ukrayna hadisələrindən sonra Azərbaycan-NATO arasındakı əməkdaşlığın perspektivlərindən danışıla bilər. Bu ilin sentyabrında UERF sammiti gözlənilir. Sammitə qədər tərəfdaş ölkələr münasibətlərin dərinləşməsinə dair mövqelərini ortaya qoymalıdır. Söz tərəfdaş ölkələrindi. Rusiyanın postsovet ölkələrinə təzyiqləri böyükdü. Moskvanın Azərbaycana da basqısı var. Ümid edirəm ki, rəsmi Bakı NATO ilə əməkdaşlığın dərinləşməsinə maraq göstərəcək”.

Ayyət Əhməd