“Məhbus başqalarının müraciəti əsasında əfv edilə bilər”

Novella Cəfəroğlu: “İndiyədək neçə-neçə məhbus məhz bizim müraciətimiz əsasında əfv edilib”



Milli Məclisin ötən iclasında siyasi mənsubiyyətli şəxslərin adlarının Əfv fərmanına düşməməsindən narahatlıq ifadə edən millət vəkillərinə spiker Oqtay Əsədov "Əgər müraciət etməyiblərsə, onu necə əfv etmək olar?” cavabını verib. Bununla da spiker əfv üçün məhbusların əfv ərizəsi yazmalı olduğuna diqqət çəkib.

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin sədri Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında bildirdi ki, məhbusun Əfvə düşməsi üçün əfv ərizəsi yazması mütləq deyil:

- Əfv fərmanları praktikasında belədir ki, məhbusun adından ailəsi, valideynləri, eləcə də hüquq müdafiə təşkilatları, vətəndaş cəmiyyəti institutları və təmsilçiləri müraciət edə bilər. Dəfələrlə olub ki, biz - Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu əfv üçün Prezidentə məktub yazmışıq, Prezident yanında Əfv Komissiyasına müraciətlər etmişik. İndiyədək neçə-neçə məhbus məhz bizim müraciətimiz əsasında əfv edilib. Ümumiyyətlə, bu, demokratik cəmiyyətlərə xas bir haldır ki, vətəndaş cəmiyyəti institutları məhbusların əfvi üçün müraciət edir. Yəni, kiminsə əfv olunması üçün onun özünün, ya bir başqasının onun əvəzinə əfv ərizəsi yazması praktikası mövcuddur. Məhbus başqalarının müraciəti əsasında əfv edilə bilər. Biz, ümid edirdik ki, imzalanacaq Əfv fərmanına siyasi məhbus kimi tanınan şəxslər də düşəcək. Bunu, Azərbaycanın beynəlxalq imici naminə gözləyirdik. Niyə Azərbaycan Avropa Şurasında tənqidlərə məruz qalsın? Məsələn, Almaniya artıq tənqidlərə başlayıb. Bizə bu lazım deyil axı. Heç kim bunu istəmir. Biz Monitorinq Qrupunun üzvləri AŞ PA-da başı yuxarı iştirak etmək istəyirik. Bunun üçün də nə lazımdı? AŞ-nin siyasi məhbus hesab etdiyi şəxslərin azadlığa buraxılması. Biz yenə də ümidimizi kəsməmişik. Ola bilsin ki, AŞ PA-nın yay sessiyası başa çatdıqdan sonra daha bir Əfv fərmanı imzalanar. Bu, çox yaxşı olardı.

N.Cəfəroğlu siyasi mənsubiyyətli şəxslərin həbsinin digər ölkələrdə də baş verdiyini dedi:

- Belə həbslər bütün dünyada olur. Türkiyədə müəyyən iğtişaşlar zamanı görürsən ki, 30-40 adam həbs olundu. Amma onları 1-2 ay sonra buraxırlar. Belə həbslər uzunmüddətli olmur. Demirik ki, qanunu, ictimai qaydanı pozanların başı sığallanmalıdır. Amma bu məsələdə də humanizm prinsipləri üstünlük təşkil etməlidir. Həbslər qısamüddətli ola bilər, cərimələr tətbiq edilər. Siyasi mənsubiyyəti olan şəxslərin uzun müddətli həbsindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunur. Biz də bunu istəmirik.