Hər məhbusa məzuniyyət verilmir

Yüngül maddə ilə məhkum olunanlar azadlıq işığı görə bilər



Məhkumlara məzuniyyət verilməsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər ediləcəyi gözlənilir. Penitensiar Xidmətdən verilən məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim edilmək üçün təkliflər hazırlanır. Təkliflərdə müəyyən hadisələr zamanı, məhkumların əzizlərinin, doğmalarının xeyir-şər günlərində iştirak etməsi üçün onlara məzuniyyət verilməsi nəzərdə tutulur. Təkliflər qəbul olunacağı təqdirdə bunun mexanizmi, məzuniyyətin formaları və müddəti də müzakirə ediləcək.

Ədliyyə Nazirliyinin belə bir təkliflə çıxış etməsi, şübhəsiz, məhkumların ürəyincə olacaq. Çünki hansı formada cinayət törətməsindən asılı olmayaraq doğmalarının itkisi və ya ağır xəstəliyi hər bir məhbusa ağır mənəvi zərbədir. Amma indiyədək nadir hallarda məhbuslara bu səbəblərdən məzuniyyət verilib. Sonuncu belə hal hazırda istintaq altında olan jurnalist Rauf Mirqədirovla bağlı oldu. Ziyalılar, media təmsilçilərinin rəsmi orqanlara müraciəti nəzərə alınaraq R.Mirqədirova atasının dəfnində iştirak üçün icazə verildi.

Amma milli-azadlıq hərəkatının liderlərindən biri - Nemət Pənahlı nə atasının, nə də anasının dəfninə buraxılmamışdı.

Bəs qanunvericiliyə ediləcək dəyişikliklər məhbusların doğmalarının dəfnində iştirakına "hüquqi qapı” açacaqmı?

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov "Şərq”ə açıqlamasında qeyd etdi ki, məhbusların istisna hallarda məzuniyyətə buraxılmasında onların məhkum olunduğu maddələr əsas götürülür:

- Bizdə əsasən maddələrə baxırlar, yüngül maddə ilə məhkum olunub, yoxsa ağır maddə ilə. Buna müvafiq olaraq məhbusu məzuniyyətə buraxa da bilirlər, buraxmaya da. Amma bundan sonra bu məsələ qanuniləşsə, məhkumlar məzuniyyətə buraxılmaq hüququna malik olacaqlar. Adətən bizdə, məhbusları ancaq rəhmətə gedənləri olanda müəyyən müddətə, həm də qısa müddətə buraxırlar. Avropada isə belə deyil. Avropada ümumiyyətlə, məhbusların məzuniyyət hüququ var, orada məhbuslar üçün müəyyən müddətlik məzuniyyət nəzərdə tutulur, məhbus ailəsinin yanında qalır, azadlıqda ailəsiylə bir neçə gün keçirir. Avropada hesab edirlər ki, bu cür məzuniyyətlər məhbusun sosial həyata adaptasiyasını daha da tezləşdirir, cinayətkarın öz əməlindən peşmanlıq çəkməsinə səbəb olur. Kimə verirlər məzuniyyəti? Daxili rejim qaydalarını pozmayan, nümunəvi davranış göstərən məhbuslara. Hər məhbusa məzuniyyət verilmir. Gərək məzuniyyəti də haqq edəsən. Bizdə məsələ bir az fərqlidir. Ancaq nəsə bir bədbəxt hadisə baş verəndə məhbusu müvəqqəti azad edirlər, o da, hamını yox. Elələri olur, nə baş verməsinə baxmayaraq, azad etmirlər.

E.Behbudov bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində məhbusların cəzaçəkmə müəssisəsindən kənarda yaşamaq hüquqları göstərilib:

- CM-nin 89.1 və 88.1 maddələrində məhbusların hansı hallarda həbsxanadan kənar müşayiətsiz hərəkətetmə və yaşaması qeyd olunub. Bildirilir ki, məhbuslar təsərrüfat və ya məişət xidməti üçün, qohumunun ölümü, ağır xəstəliyi və ya ailəsinə təbii fəlakət nəticəsində maddi zərər dəyməsi səbəbiylə, 7 gün müddətinə sərbəst buraxılır. Qadın məhbuslara doğuş zamanı, uşağı 3 yaşına çatanadək müəssisədən kənarda yaşamaq hüququ verilir. Amma bunlar hamısı konkret hallardır, bir var ki, müəyyən hadisələr səbəbiylə məhbusa məzuniyyət verilsin, bir də var, məhbusların ümumi məzuniyyət hüququ qanuniləşsin. Ədliyyə Nazirliyinin təklifi ümumilikdə məhbuslara məzuniyyət hüququnun tanınmasını nəzərdə tutsa, yaxşı olardı. Çünki Avropada belədir. Azərbaycan da insan haqları üzrə Avropa konvensiyalarına qoşulmuş ölkə olaraq məhbuslara məzuniyyət hüququ verməlidir.

Məlahət Rzayeva